ATƏT-in sözünün kəsəri yoxdur

Belqrad görüşünün Qarabağın həllinə heç bir təsiri olmayacaq



ATƏT-in Nazirlər Şurasının Belqradda keçirilən toplantısında Rusiya, ABŞ və Fransa nümayəndə heyətlərinin rəhbərləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat veriblər.

Bəyanatda deyilir ki, həmsədr ölkələr Minsk Qrupunun təşkilatçılığı ilə Prezident İlham Əliyev və Serj Sarkisyan arasında qarşıda gözlənilən görüşü dəstəkləyirlər. Hər üç ölkənin rəsmisi tərəfləri münaqişənin sülh yolu ilə həll prosesinə dəstək verməyə çağırıblar. Yığıncaqla bağlı danışan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, Şuranın ötən il Bazeldə keçirilən toplantısından bəri Dağlıq Qarabağ münaqişəsində heç bir irəliləyişə nail olunmayıb. Çünki Ermənistan rəhbərliyi danışıqlar prosesində ancaq imitasiya ilə məşğuldur. Buna baxmayaraq, E.Məmmədyarov Lavrov tərəfindən verilən təkliflərin danışıqlar prosesinə yaxşı təkan verə biləcəyini istisna etməyib. Belqrad toplantısını şərh edən siyasi ekspert Arzu Nağıyevin sözlərinə görə, Azərbaycan üçün əsas məsələ Dağlıq Qarabağ ərazisindən Ermənistanın işğalçı qoşunlarının çıxarılmasıdır: "Bir daha Madrid prinsiplərinə qayıdaraq ilk növbədə ərazi bütövlüyünün tanınması əsas şərt kimi qəbul edilməlidir. Bu gün Ermənistan rəhbərliyi öz çıxışlarında Dağlıq Qarabağı Ermənistan ərazisi kimi tanıtmağa çalışır və bununla bağlı məsuliyyətsiz bəyanatlar verir. ATƏT-in Minsk Qrupu da buna biganəlik edir. Deməli, müsbətə doğru heç bir nəticə gözləməyə dəyməz. Azərbaycan üçün bu toplantının əhəmiyyəti ondan ibarət ola bilər ki, biz yenə də öz mövqeyimizi nümayiş etdirə bilərik. ATƏT-dən isə münaqişənin həlli istiqamətində deklarativ çıxışlar əvəzinə, real addımlar atmağı gözlədiyimizi bildiririk. Yəni Minsk Qrupu və onları təmsil edən dövlətlər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın mövqeyi ilə bağlı işlərində müvafiq addımlar atmalı və prinsipial dəyişikliklər etməlidirlər”. Politoloq Fikrət Sadıxov da deyib ki, indiyə kimi ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən çoxvədli bəyanatlar səsləndirilib. Amma onların nəticəsi olmayıb: "Azərbaycanı atəşkəsə çağıran strukturlar özlərini elə aparırlar ki, sanki torpaqlarımızın işğal altında olmasından və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin mövcudluğundan xəbərsizdirlər. Son aylar Rusiya digər həmsədrlər kimi təşəbbüslə çıxış etdi və işğal altında olan 5 rayonun geri qaytarılacağı barədə məlumatlar yaymağa başladı. Amma regiondakı gərginlik və Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi danışıqlar prosesini bir qədər "dondurdu”. Məncə, bir müddət sonra yenə eyni ssenarinin şahidi olacağıq”.

İsmayıl