ATV-nin vitse-prezidentinin həyat yoldaşı niyə intihar etdi?

Məqsəd Nur: “Özümü çox pis hiss edirəm. Bu barədə danışmaq ağırdır. Həmkarlarımdan xahiş edirəm ki, məni başa düşsünlər”

Fərqanə Mehmanqızı: "Bu duruma düşən insan üçün yeganə çıxış yolu psixoloqlardır. Onlar psixoloqların yardımı ilə həyatlarına yeni bir pəncərə aça bilər. Çünki istənilən halda yeni bir fikir insanın həyatına yeniliklər gətirir”
Özünəqəsd halları bu gün cəmiyyətin ən böyük bəlalarından birinə çevirilib.  Bir balaca ümidsizliyə qapılanlar  az qala çıxış yolunu intiharda görürlər. 
Ayrı-ayrı ekspertlər, psixoloqlar isə intiharın səbəblərini müxtəlif cür izah edirlər. Əsasən də, iradəsi zəif olan insanların intihara meylli olduğu bildirilir. Bəzən  cahillikdən, maddi çatışmazlıqdan da insanların özünəqəsd etdiyi səsləndirilir. Maraqlı məqam isə odur ki, intihar edənlərin arasında ali təhsilli, imkanlı şəxslərə də rast gəlinir. Savadlı, geniş dünyagörüşü, müəyyən həyat təcrübəsi olan şəxslərin belə addıma əl atması xeyli düşündürücüdür. Bəs, bunun səbəbi nə ilə bağlıdır?
Qeyd edək ki, Azad Azərbaycan Televiziyasının vitse-prezidenti, tanınmış jurnalist Məqsəd Nurun həyat yoldaşı Mehparə Kərimova intihar edib.
Xəzər Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Kərimova Mehparə Məmmədağa qızı yaşadığı evdə kəsici alətlə özünə xəsarət yetirib. Nəticədə o, aldığı xəsarətdən dünyasını dəyişib.
İntiharın səbəbləri hələlik məlum deyil. Həyat yoldaşının intiharı ilə bağlı qısa açıqlama verən Məqsəd Nur isə bildirib ki, hadisənin necə və niyə baş verməsi barədə danışmaq çox çətindir: "Mən hazırda yasdayam. Özümü çox pis hiss edirəm. Bu barədə danışmaq ağırdır. Həmkarlarımdan xahiş edirəm ki, məni başa düşsünlər”.
Bəs, son vaxtlar artan bu kimi hadisələr haqqında mütəxəssislər nə düşünür?
Son bir ildə psixoloji  problemi ilə bağlı  müraciət edən insanların sayının artdığını vurğulayan psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, onlar arasında qadın pasiyentlər olsa da, yeniyetmələr və yaşı 35-i keçən kişilər çoxluq təşkil edir: "Həyatından bezib, özlərini öldürmək istəyən insanların ifadələrinə inansaq, intiharların səbəbləri müxtəlifdir. Amma bir psixoloq olaraq, problemin kökünün hardan qaynaqlandığını  deyə bilərəm. İnsanları intihara vadar edən əsas amil həyatından, yaşamından narazılığı, ətrafından aldığı yüksək təzyiqin təsiridir. Uşaqlıqdan alınmış zədələrlə bu təzyiqə dözmək çətinləşir və xroniki depresiyalar başlayır.  İnsan müəyyən yaşa gələndə sinir sistemi artıq dərəcədə yüklənir və ətrafında baş verən hadisələrə, onlara qarşı münasibətlərə dözüm göstərə bilmir. İnsanların cəmiyyətdən aldıqları zərbələrə qarşı dayanıqlı olması üçün 5-8 yaş zamanı çox önəmlidir. Bu yaşda olan uşaqlara qarşı kifayət qədər həssas yanaşılmalı və onlara sevgi  bəxş edilməlidir. Həmin mərhələni zədəsiz keçən insanlar heç vaxt aldıqları zərbələr qarşısında aciz qalmır, xroniki depresiyalara meyilli olmurlar”.
Psixoloqun sözlərinə görə, istənilən halda özünə qəsd etmək istəyən insanın bu niyyəti kənardan hiss olunur: "İntihar fikrinə düşən insanlar adətən özünə qapanır, yaxınları ilə ünsiyyətdən çəkinir, cəmiyyətdən uzaqlaşır, qısa və  konkret  kəlmə kəsib tənhalığa  üstünlük verir. Daha çox da yaxınındakı insanlardan zərbə alanlar  özlərinə qapanır. Heç kəsin onları anlamayacağını düşünür. "Zatən, məni anlasalar, incitməzdilər” deyib, özlərinə qapanırlar. Bu duruma düşən insan üçün isə yeganə çıxış yolu psixoloqlardır. Bütün yaxınlarından əlini üzüb, intihar etməkdənsə, psixoloqa müraciət etməyə üstünlük versələr, daha yaxşı olar. Onlar psixoloqların yardımı ilə həyatlarına yeni bir pəncərə aça bilər. Çünki istənilən halda yeni bir fikir insanın həyatını dəyişə bilir. Bir şeyi unutmayaq ki, insan özünə, yaşamına münasibəti dəyişməsə, ətrafın münasibəti də dəyişməyəcək. Hər kəs birinci özündən başlamalıdır. "Ətrafım məni anlamır” deyən insanlar özləri - özlərini anlamayanlardır. İnsan öz səhvlərini qəbul edib, özünə ətrafındakıların gözü ilə baxmağı öyrənsə, yaşamaq daha rahat olar. Əks halda, əsəb gərginliyi, kiçik çatlar sonda "vulkan partlayışı” ilə nəticələnir. Onu da deyim ki, intihar edən insanlar həmin gün anlamlı vəziyyətdə olmurlar. Bunu intihara cəhd edib, sonradan sağ qalan insanların özləri etiraf edir”.
Konkret olaraq, Mehparə Kərimovanın intihar hadisəsinə  gəldikdə isə Fərqanə xanım bu barədə məlumatsız olduğunu deyib: "Həmin xanım haqqında heç bir bilgiyə malik olmadığım üçün intihar səbəbləri ilə bağlı fikir yürüdə bilmərəm. Çünki bir psixoloq olaraq, şəxsiyyətini analiz etmədiyim insan haqqında rəy bildirməyə ixtiyarım yoxdur”.
Şəymən