Avropa Ağ Evin mövqeyinə etibar etmir

“Gələcəkdə Avropanın təhlükəsizliyi üçün “qitə ordusunun” yaradılması məsələsi gündəmə gələcək”

"Böyük yeddilik” ölkələrinin liderləri İtaliyanın Taormina şəhərində keçirilən sammitdə terrorizm və ekstremizmlə mübarizə haqqında bəyannamə imzalayıblar. İmzalanma mərasimi sammitin mətbuat mərkəzindən birbaşa yayımlanıb. İtaliyanın Baş naziri Paolo Centiloni "yeddiliyin” bəyannaməsini Mançesterdə terror aktından sonra Böyük Britaniya ilə güclü həmrəylik siqnalı kimi dəyərləndirib.

O bəyan edib ki, "yeddilik” internetdə terror təbliğatı və onlayn-cəlbetmə ilə mübarizə aparmaq niyyətindədir. Şəbəkədə ekstremist kontentləri aşkarlamaq işinə internet-portalları və böyük İT-şirkətləri cəlb etmək planlaşdırılır.

G7 liderləri münaqişə bölgələrini tərk etmiş əcnəbi muzdlular təhlükəsinə qarşı durmaq, terrorçuların satın alınmasından və silahlıların maliyyələşdirilməsindən imtina etmək barədə də razılığa gəliblər. Almaniya kansleri Angela Merkel isə G7 sammitində bildirib ki, avropalılar daha çox öz güclərinə güvənməyi öyrənməlidir: "Başqalarına tam güvənə biləcəyimiz dövr sona çatıb. Avropalılar taleyimizi öz əlimizə almalıyıq. Əlbəttə, ABŞ və Böyük Britaniya ilə dostluq münasibətlərini və mümkün olduğu hallarda Rusiya və digər ölkələrlə mehriban qonşuluq siyasətini saxlamalıyıq. Ancaq başa düşməliyik ki, bir avropalı kimi öz gələcəyimiz uğrunda özümüz mübarizəyə qalxmalıyıq”. 

Sammitdə qəbul olunan qərarla bağlı "Şərq”ə fikirlərini bölüşən politoloq Natiq Miri deyib ki, terrorçuların maliyyələşməsindən və onlara silah verilməsindən imtina edilməsi qərarı dünya ictimaiyyəti üçün müsbət haldır. Ancaq ekspertin sözlərinə görə, hələlik bu məsələdə böyük güclər arasında ciddi fikir ayrılıqları mövcuddur: 

"Avroatlantik məkanda Avropa İttifaqı ölkələri ilə ABŞ arasında anlaşmazlıq hökm sürür. Almaniya kansleri Merkelin açıqlaması da bu ziddiyyəti ortaya qoyur. Avropa rəsmiləri hesab edirlər ki, artıq Amerika dünya lideri statusunda deyil. Tərəflər arasında bir çox məsələlərdə ortaq müstəvi yoxdur. Bu da təbii ki, Tramp administrasiyasının yürütdüyü qeyri-müəyyən siyasətlə bağlıdır. Ona görə də Merkel diqqətə çatdırır ki, Avropa ölkələri terror təhlükəsindən qurtulmaq üçün öz başlarına çarə tapmalıdır. Fikrimcə, gələcəkdə Avropanın təhlükəsizliyi üçün "qitə ordusunun” yaradılması məsələsi gündəmə gələcək”. 

Politoloq vurğulayıb ki, terrorla mübarizədə birgə bəyannamə imzalansa da, tərəflər terrora qarşı birlikdə mübarizə aparmayacaqlar: "Avropa ölkələri Ağ Evin mövqeyinə etibar etmirlər. Yaxın Şərq bölgəsində terrorla mübarizədə Rusiya ilə konkret anlaşma da yoxdur. Rusiya əsas oyundan kənarda qaldığı üçün təkliflərlə razılaşmır. Qlobal səviyyədə terrora qarşı mübarizə anlaşması mövcud olmadığı təqdirdə isə hər güc mərkəzi öz geosiyasi maraqları çərçivəsində hərəkət edir. O baxımdan terrora qarşı effektiv mübarizə aparmaq yaxın müddət üçün mümkünsüzdür. Ortada konkret və vahid proqram yoxdur”.

İsmayıl