"Avropa Birliyi ilə sazişə imza atacağıq, amma..."

Fikrət Sadıqov: "Bizi qane edən, maraqlarımıza cavab verən şəkildə"

"Əvvəlcədən Avropa İttifaqı (Aİ) ilə imzalanmış assosiativ sazişi uzatmaq istəmirdilər”.

Bunu Sherg.az-a Aİ və Azərbaycan arasında danışıqların yeni mərhələsindən danışarkən politoloq Fikrət Sadıqov deyib. 

O bildirib ki, səbəb sözügedən müqavilədə bizi qane edən məqamların olmaması idi:

"Sonradan saziş işlənildi və yenidən imzalanmağa hazırlandı. Müqavilədə ticarət, digər iqtisadi məsələlər müəyyən güzəştlər Azərbaycan və Aİ arasında münasibətlərin inkişaf etdirilməsindən söhbət gedirsə, bu, özlüyündə yaxşı məqamdır. Bilirik ki, bəzi ölkələr bundan imtina etməyə çalışdı. Məsələn, Ukraynada buna görə inqilab baş vermişdi. Lakin Gürcüstan rahat şəkildə şərtləri qəbul edib, Aİ ilə danışıqlara getdi və sazişi imzaladı.

Biz isə ilk növbədə öz maraqlarımıza sadiqik. Bu çərçivədə də addımlarımızı atırıq. Mənə elə gəlir ki, Avropa Birliyi ilə düzgün, bizi qane edən, maraqlarımıza cavab verən şəkildə o sazişə imza atacağıq. Amma düşünürəm ki, sonradan bir sıra məsələlər də nəzərə alınmalıdır. Çünki Azərbaycanın münaqişə problemi var. Avropa buna normal baxmalı, beynəlxalq hüquq normalarına əməl etməli, həqiqətlərimizi bilməlidirlər. Formal, hər hansı sazişə imza atmaqla məsələ həll olunmur. Onlar bu məsələdə Azərbaycana köməklik göstərməli və beynəlxalq siyasi arenalarda  Azərbaycanın  mövqeyindən çıxış etməlidirlər”.

Qeyd edək ki, Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsinə əsasən ilk olaraq siyasi və təhlükəsizlik, ikinci isə ticarət və investisiya məsələləri üzrə müzakirələr aparılıb.

Aysel Aslan