Avropa Məhkəməsi girovlarımıza biganədir

Dilqəm və Şahbazın məsələsinə İnsan Haqları Məhkəməsi prioritet kimi yanaşmır
Girovlarımızın sərbəst buraxılması ilə bağlı beynəlxalq təsisatların sərgilədiyi laqeyd münasibətdə 4 fakt mövcuddur



Kəlbəcərə ata-babalarının məzarını ziyarətə gedərkən erməni separatçıları tərəfindən saxlanılan girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət edilib. Bu sözləri "Şərq”ə onlarla bağlı aparılan son proseslərdən danışan millət vəkili Sahib Alıyev deyib.

Parlamentarinin sözlərinə görə, bəzən bu məhkəməyə ölkəmizdən müxalifətlə əlaqədar mənasız şikayətlər olanda, əksəriyyəti prioritet məsələ kimi göstərilir və onlara tez zamanda baxılır: "Halbuki erməni girovluğundakı soydaşlarımızın məsələsi prioritet işlər sırasına salınmayıb. Buna bir və ya beş il sonra da baxa bilərlər. Necə ki, Çıraqov və başqalarının Ermənistan hökumətinə qarşı məsələsinə aradan 10 il keçəndən sonra baxdılar. Lakin anlamaq lazımdır ki, bu insanlar düşmən ölkə zindanında çürüyürlər. Cəmi 2-3 ay ərzində yarıbayarı çəki itiriblər. Hələ başlarına gətirilən işgəncələri demirəm. Ortada belə bir vəziyyət var. Təsəvvür edin, həmin məhkəmə Çıraqov və başqalarının Ermənistan hökumətinə qarşı iddiasına dair çıxardığı qərarda aydın şəkildə göstərir ki, Azərbaycan torpaqları erməni işğalı altındadır və bu, qanunsuzdur. Məhz bu faktlara əsaslanıb, girovlarımızın işi prioritet məsələlər sırasına salınmalıdır. Tez bir zamanda işğalçı rejimdən tələb edilməlidir ki, öz ərazisində tutub, girov götürdüyünüz insanları azadlığa buraxın”.

Girovlarımızın sərbəst buraxılması ilə bağlı beynəlxalq təsisatların sərgilədiyi laqeyd münasibətə gəlincə, S.Alıyev söyləyib ki, bu işdə 4 fakt mövcuddur: "Birincisi, heç kimə sirr deyil ki, hazırda Qərbdə islam aləminə qarşı güclü islamafob meyilləri var. Müsəlman dövlətlərinə açıq-aşkar təzyiqlər göstərilir. İkincisi, Qərbdəki bəlli dairələr türk millətinə qarşı həmişə qərəzli mövqedədir. Azərbaycan da bir türk ölkəsidir. Bu məsələdə öz rolunu göstərir. Üçüncüsü isə erməni lobbisi məsələsidir. Erməni lobbisi deyəndə sadəcə Qərbdəki erməni diasporunu nəzərdə tutmuram. Əslində erməni lobbisində erməni diasporunun rolu elə də böyük deyil. Erməni lobbisini təşkil edənlər anti-türk və anti-islam mövqeyində duran dairələrdir. Dördüncü məsələ odur ki, Azərbaycan müstəqil siyasət aparır. Ölkəmiz öz milli maraqlarından çıxış edir. Bu da böyük güclərin maraqlarına uyğun gəlmir. Həmin güclər istəyir ki, kiçik dövlətlər ancaq onların diktəsi ilə oturub dursun”.

Parlament üzvünün qənaətincə, Azərbaycan ziddiyyət və qarşıdurmaya gedən ölkə deyil: "Respublikamız çalışır ki, öz milli maraqları ilə böyük güclərin maraqlarını uzlaşdırsın. Dünyadakı reallığı çox yaxşı dərk edirik. Nə Ermənistan kimi forpost olası deyilik, nə də ki, Ukraynanın etdiklərini edəsiyik. Buna gedəsi deyilik. Çünki onların aqibəti göz qabağındadır. Ermənistan Sovet dövründə SSRİ-nin tərkibində olanda indikindən daha çox müstəqil idi. Kiyev isə əvvəllər varlı və böyük insan potensialına malik olsa da, böhrandan sonra Avropanın ən kasıb ölkəsinə çevrildi. Halbuki Ukrayna Avropanın ən zəngin ölkəsi olmağı haqq edən bir ölkə idi”.

Ayyət Əhməd