“Avropa Oyunları hər kəsdə maraq oyadıb”

Saymon Kleq: “Çalışırıq ki, qoyulan ənənənin davam etdirilməsi üçün mümkün işləri həyata keçirək”


Dünən "Hilton” otelində "Bakı-2015” Avropa Oyunlarının Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və yarışların iştirakçısı olan iki basketbolçu yerli və əcnəbi media nümayəndələri ilə mətbuat konfransı keçiriblər. Oyunların 11 günlük nəticəsini dəyərləndirən baş direktor deyib ki, komitə Olimpiya Oyunlarını təkrar etmək istəmir, Avropa Oyunları bir yenilikdir. Kleq Avropa Oyunlarının təşkili zamanı görülən işlərdən razılığını ifadə edib:

"Məşəl qoruyanlar öz işlərini çox yüksək səviyyədə yerinə yetirir, nəqliyyat işlərində də vəziyyət yaxşıdır. İdmançılar vaxtlı-vaxtında arenalara çatdırılır”. Kleq yeniliklərin qiymətləndirilməsi sualını cavablandırarkən oyunlar bitdikdən sonra münsiflər heyəti tərəfindən bu məsələyə dəyər veriləcəyini deyib. Daha sonra üzgüçülük və gimnastika növləri üzrə yarışa qatılan idmançıların peşəkarlıq səviyyələrinin aşağı olması məsələsinə münasibət bildirib: "Ola bilər ki, bu idmançılar Olimpiya səviyyəsində deyil, amma bu idman növünün hansı səviyyədə keçirilib-keçirilməməsi ümumi işə heç bir ziyan vurmayıb”. Hakimlərin oyunlardakı qərarlarının rəhbərlik etdikləri təşkilata aidiyyəti olmadığını deyən baş direktor bu məsələni onların müvafiq təşkilatlarının müzakirə obyekti olduğunu vurğulayıb: "Bunu onların öz təşkilatları müzakirə edə bilər, biz yox”.

Avropa Oyunlarının ilbəil daha da genişlənəcəyini bildirən qurum rəsmisi 2019-cu ildə Olimpiadada daha çox idman növü üzrə yarışların aparılacağını bildirib. Biletlərin ikinci əldən satılması məsələsinə gəlincə isə Kleq bu halın baş verməsini oyunlara olan maraqla əlaqələndirib: "Avropa Oyunları hər kəsdə maraq yaradıb. Ona görə ikinci əldən bilet alış-verişi halı baş verir. Amma bu o demək deyil ki, biz belə hallara nəzarət etmirik. Qara bazarın qarşısını almaq üçün monitorinq keçiririk. İkinci əldən satışa qarşı əməliyyatımız davam edir. Avropa Oyunlarından öncə yarışlara biletlər satılmayıb. Çalışırıq ki, qoyulan ənənənin davam etdirilməsi üçün mümkün işləri həyata keçirək. Yarışlar uşaqlar və əlillər üçün pulsuzdur. Açılış mərasiminin 50 faiz biletləri 20 manatdan aşağı olub. Yayımda da yüksək nailiyyətlər əldə olunub”. Kleq bu günlərdə bir çox idmançının Bakını tərk edəcəyini deyib: "Artıq Avropa Oyunlarını başa vuran 1288 idmançı Bakını tərk etməyə hazırlaşır. Sambo yarışlarına start verilib. Bu gün və sabah keçiriləcək yarışlarda 40 minə yaxın tamaşaçının iştirakı gözlənilir. 1100 idmançı medal əldə edib. Azərbaycan ümumilikdə yarışlarda əldə edilən medalların sayına görə 2-ci yerdədir. Atletika yarışları başa çatacaq. "Kristal Zal”da yarışlar davam etdiriləcək.

Saymon Kleq onu da vurğulayıb ki, Avropa Oyunlarında yeni idman növü olan 3x3 basketbolu tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Bu idmanın inkişafı Avropa Gimnastika Federasiyasının qərarından asılıdır: "3x3 basketbol oyunu yeni idman növüdür. Avropa Gimnastika Federasiyası tərəfindən bu idman növünün inkişaf etdirilməsi təklif edilib. Bu konsepsiyanın yaradıcıları onlardır. Oyunların gələcək fəaliyyəti Federasiyanın qərarı ilə bağlı olacaq. Bu, çox yaxşı bir yenilikdir. Tamaşaçılar tərəfindən də müsbət qarşılanır”.

Baş direktor deyib ki, Oyunların 10-cu günündə Olimpiya Stadionunda keçirilən yarışlara 22 mindən çox iştirakçı qatılıb: "Avropa Oyunları ilə bağlı satılan biletlər keçmiş günlərlə müqayisədə rekord səviyyədə olub. Ən çox izləyicilərin qatıldığı yarış məkanları isə Su İdman Arenası və Heydər Əliyev adına İdman Konsert Kompleksi olub. Dünən şosse velosipedi üzrə yarışlar keçirilib. Nəqliyyatda müəyyən problemlər olsa da, dünyaya İçərişəhərin gözəllikləri tanıdılıb. Su idmanı yarışlarına da yekun vurulub. Ümumilikdə yarışların 10-cu günündə 48 min 800 tamaşaçı bilet alıb. Bu, bütün günlər üzrə rekord göstəricidir. Oyunlar 10 müxtəlif idman növündə keçirilib”.

Rumıniyalı basketbolçu Angel Santana da Azərbaycanın güclü 3x3-ə basketbol komandası olduğunu deyib: "3x3 basketbolu yeni idman növüdür. Son iki ildir bu yarışlarda iştirak edirik. Bütün karyeramda basketbol oynayaraq Rumıniyanı təmsil etmişəm. Son Avropa Çempionatında qalib olmuşuq. Müxtəlif illərdə dünya yarışlarında iştirak etmişik. 3x3 basketbolunun klassik basketboldan fərqi ondadır ki, 21 xala qədər oyun davam edir. Oyun həm sürətlidir, həm də hər bir oyunçu fiziki olaraq oynamaq imkanı əldə edir”. Rumıniyalı basketbolçu Azərbaycan komandası haqqında da fikirlərini bildirib. O deyib ki, Avropa Çempionatında Azərbaycan basketbolçuları ilə qarşılaşma keçirilib: "Azərbaycan komandası həqiqətən çox güclüdür. Avropa Çempionatından öncə Azərbaycan komandası bizə qalib gəldi, ancaq sonra biz qələbə çaldıq”.

İsmayıl