6 jurnalist əsas, 10 media nümayəndəsi isə həvəsləndirici mükafata layiq görülüb
Dünən Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, MOK-un baş katibi Ağacan Abıyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və media rəhbərləri iştirak ediblər. Vüqar Səfərli çıxış edərək qeyd edib ki, tarixdə ilk dəfə keçirilən ilk Avropa Oyunlarının Azərbaycanda təşkil olunması bütün dünyanın diqqətini ölkəmizə yönəldib: "Azərbaycanda böyük idman bayramı keçirilir. İlk Avropa Oyunlarının ölkəmizdə təşkil olunmasından qürur duyuruq. Bu tarixi hadisənin əhəmiyyətini ictimaiyyətə çatdırmaqda media nümayəndələri böyük rol oynayırlar”. KİVDF-nin icraçı direktoru bildirib ki, elan olunan müsabiqənin məqsədi I Avropa Oyunlarının mətbuatda daha dolğun işıqlandırılması, jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılmasıdır: "Müsabiqəyə 34 KİV-dən 52 yazı təqdim edilib. Yazılar ekspertlər tərəfindən qiymətləndirilib. 6 jurnalist əsas, 10 media nümayəndəsi isə həvəsləndirici mükafata layiq görülüb. I yer üçün 700 manat, II yer üçün 500 manat, III yer üçün 300 manat, həvəsləndirici yer üçün isə 150 manat məbləğində mükafat nəzərdə tutulub”.
Daha sonra çıxış edən Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev müsabiqənin əhəmiyyətini vurğulayaraq qalibləri təbrik edib. O, Avropa Oyunlarında idmançılarımızın qələbələrinin xalqa çatdırılmasında medianın rolunu vurğulayıb. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da bəyan edib ki, Azərbaycanda Avropa Oyunları kimi önəmli bir tədbirin keçirilməsi ölkəmizin dünyaya yaxşı tanıdılmasına xidmət edib. O, bu tədbirin işıqlandırılması və orada əldə olunan qələbələrin ictimaiyyətə çatdırılmasında medianın böyük rol oynadığını diqqətə çatdırıb. Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Ə.Amaşov deyib ki, Birinci Avropa Oyunları Azərbaycanda indiyə qədər keçirilən ən böyük yarışmadır. Onun sözlərinə görə, hər bir xalqın həyatında keçirilən belə böyük tədbirlər insanları ruhlandırır: "İdmançılarımız hər dəfə bayrağımızı qaldırarkən hər kəs çox sevinir”. Ə.Amaşov ümid etdiyini bildirib ki, jurnalistlər gələcəkdə də belə tədbirlərin işıqlandırılmasında mühüm rol oynayacaq. Sonda müsabiqə qaliblərinə mükafatlar təqdim edilib. Mükafat alanlar arasında "Şərq” qəzetinin əməkdaşı da olub.
İsmayıl