Partiyalar parlament seçkilərinə ciddi hazırlığa başlayıb
Avropa Oyunlarını gözləyirdilər...
Artıq namizədlər müəyyənləşir, imkanlar çözülür
Partiyalar parlament seçkilərinə ciddi hazırlığa başlayıb
Partiyalar parlament seçkilərinə ciddi hazırlığa başlayıb
Parlament seçkilərinə 4 aylıq bir zaman qalıb. Amma Yeni Azərbaycan Partiyası (YAP) istisna olmaqla digər iqtidaryönlü və müxalifət partiyalarında seçki prosesinə hazırlıq müşahidə olunmur. İndiyədək sadəcə bir neçə partiya rəsmisi iki-üç cümlə ilə marafona hazırlaşdıqlarını bəyan ediblər. Müxalifət partiyalarının bir qismi "Azadlıq-2015” blokunda cəmlənib. Özlərini radikal müxalifət adlandıran AXCP və Müsavat Partiyaları isə heç bir bloka qoşulmadan, müstəqil şəkildə seçkilərdə iştirak edəcəklərini bildiriblər. Amma ümumilikdə ölkənin siyasi həyatında aktivlik hiss edilmir.
Seçki ərəfəsindəki süstlüyü şərh edən Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyev deyib ki, "Azadlıq-2015” seçki bloku on gün ərzində aktivlik nümayiş etdirəcək. Sədrin sözlərinə görə, müxalifət cəbhəsində olan durğunluğun səbəbi ölkədə birinci Avropa Oyunlarının keçirilməsi idi: "Blokda bir sıra hazırlıq işləri aparılmaqdadır. Artıq seçki qərargahı formalaşdırmışıq. Blokda təmsil olunan partiyalar hazırda əsasən namizədləri müəyyənləşdirməklə məşğuldurlar. Təqvimə uyğun olaraq, müvafiq tədbirlərimizi keçirəcəyik. Seçki ilində bu cür siyasi passivliyin səbəbi hesab edirəm ki, ölkəmizdə Avropa Oyunlarının keçirilməsi ilə əlaqəli oldu. Bütün təbliğat resursları, ictimaiyyətin diqqəti bu oyunlara yönəldi. İndi artıq oyunlar yekunlaşıb. Düşünürəm ki, cəmiyyətdə tədricən seçki ab-havası yaranacaq. Oyunların yaxşı mənada gurultulu təbliğatı fonunda seçki tərəfdarlarının səsi aydın hiss olunmurdu. Biz də bu mühitə uyğunlaşdıq. Çünki Avropa Oyunları iqtidarın tədbiri deyil. Bu bizim dövlətimiz, ümummilli maraqlarımız üçün lazımlı bir layihə idi. Partiyamızda namizədlərin müəyyənləşdirilməsi prosesi gedir. Artıq 40-a yaxın namizəd təsdiq olunub. Avqust ayının sonunda seçki blokumuzun ümumi siyahısı hazır olacaq”.
Xatırladaq ki, bloka daxil olan iki partiya - KXCP və AXP bu yay qurultay keçirməyi düşünür, ona görə də həmin partiyalar əsas gücünü qurultay hazırlığına sərf edir.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə seçki dairələri üzrə ən güclü namizədlərin müəyyən edildiyini deyib: "Əvvəllər elə seçki dairələri var idi ki, orada bir yer uğrunda AMİP-in 3-4 namizədi mübarizə aparırdı. Bu dəfə isə namizədlərimizin bir-birinə rəqib olmaması üçün hər dairədən bir güclü namizəd irəli sürmək fikrindəyik. İstəyirik ki, bu prosesə daha çox gəncləri, qadınları cəlb edək. Bir sözlə, AMİP seçki kampaniyasına start verib. Artıq bir aydır ki, Bakı şəhərinin rayonlarında görüşlər, müzakirələr təşkil olunur. Yaxın günlərdə paytaxtdan kənar rayonlara da bu məqsədlə səfərlər etməyi qərarlaşdırmışıq. Mən qarşıma məqsəd qoymuşam ki, bu il AMİP parlament partiyası olsun. Əsas hədəfimiz budur”.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə də deputatlığa namizədlərin müəyyənləşdirilməsi prosesinin uğurla getdiyini bildirib. O, artıq 70-ə yaxın seçki dairəsi üzrə namizədlərin müəyyənləşdirildiyini söyləyib: "Ümid Partiyası və "125-lər” bloku çərçivəsində parlament seçkilərinə hazırlıq işləri gedir. Seçki kampaniyasına çoxdan start vermişik. Dostlar və müttəfiqlərimizlə məsləhətləşəcəyik və lazımi tədbirlər görəcəyik. Seçki prosesində ADP ilə müttəfiqliyimizin olması da mümkündür. Ümumiyyətlə, Ümid Partiyası seçki məsələlərində üçmərhələli iş aparır. Birinci və ikinci mərhələnin yekunu olaraq, namizədlərin böyük əksəriyyəti müəyyənləşdirilib. Seçki hazırlığının üçüncü mərhələsi isə avqust ayına kimi davam edəcək”.
Azərbaycan Demokrat Partiyasının sədri (ADP) Sərdar Cəlaloğlu hər bir siyasi təşkilatın, partiyanın əsas işinin ölkədə keçirilən seçkilərdə fəal iştirak etməkdən ibarət olduğunu söyləyib. Sədr bildirib ki, ADP bu günə qədər keçirilən seçkilərdə, o cümlədən parlament seçkilərində
aktiv iştirak edib: "ADP olaraq hər bir işimizi qarşıdan gələn seçki prosesinə uyğun olaraq quracağıq və "Qarabağ” blokunun tərkibində seçkidə iştirak edəcəyik. Ümumilikdə ADP-dən az sayda namizədin irəli sürüləcəyini indidən proqnozlaşdırmaq mümkündür. Ancaq əminliklə deyə bilərəm ki, mən özüm seçkilərdə iştirak edəcəyəm”.
Müsavat Partiyası (MP) Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı da partiyanın Məclisi tərəfindən qərar qəbul edildiyini və həmin qərara uyğun olaraq qurumun seçkidə iştirak etməyə üstünlük verdiyini deyib: "Partiyada seçki kampaniyasına xeyli əvvəl start verilib. Artıq 70-dən çox seçki dairəsi üzrə namizədlər müəyyənləşib. Bu işlər indi də davam edir. Çalışırıq ki, daha çox seçki dairəsi üzrə namizədlər irəli sürək. Ancaq yekunda hər dairədən yalnız bir namizədin olması planlaşdırılır. Müsavat Partiyasının Nizamnaməsinə uyğun olaraq Məclisin növbəti yığıncaqlarından birində həmin namizədlər təsdiqlənməlidir”.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) isə 2015-ci ilin parlament seçkilərində iştirakla bağlı qərar verməyib. Bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib. O bildirib ki, yaxın günlərdə seçki ilə bağlı partiyada müzakirələrin aparılması gözlənilir: "Müzakirələr Milli Şura ilə birgə aparılacaq. Çünki partiya seçkilərdə iştirakı Milli Şura formatı çərçivəsində görür. Buna görə də qərar birgə qəbul olunacaq”.
İsmayıl