Fərhad Eyyubov: "....Bu da reklamdır və hərəkət zamanı sürücülərin diqqətini yayındıra bilər"
"Nəqliyyat vasitələrində xidmət növlərinin yerləşdirilməsi hərəkət zamanı başqa sürücülərin diqqətini yayındıra bilər”.
Bunu "Sherg.az”a avtomobillərin şüşələrinə "Satılır” elanının qadağan olunmasından danışarkən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyib.
O bildirib ki, reklam xarakterli məlumatların avtomobillərdə yerləşdirilməsi xətalar yaradır:"Avtomobil nəqliyyatında reklam iki formada nəzərdə tutulur. Birincisi, avtomobil nəqliyyat xidmətlərinin reklamı, ikincisi isə nəqliyyat vasitələrində xidmət növlərinin yerləşdirilməsidir. Elə nəqliyyat vasitələri var ki, maraqlandırıcı reklam lövhələri yerləşdirilir və diqqət yayınır. İki cür diqqət var: aktiv və passiv. Aktiv diqqət hər zaman insanı nəyəsə meylləndirir. Passiv diqqət yayınması isə qəfləti olaraq, insan diqqətini bir yerə yönəltdikdə baş verir. Bu zaman hərəkətdə olan avtomobil sürücüsü anidən qəza törədə bilər.
Nəqliyyat vasitələrinin özünün görünüş dairəsi var. Bəzən elə reklam yerləşdirilir ki, avtomobilin görünüşü azalır. Ona görə, reklam lövhələrini elə yerləşdirilməlidir ki, mane törətməsin.
Hər işi təşkil edərkən onun standartlarını və hüquqi normalarını nəzərə almaq lazımdır. Bəzən bir işi təşkil edərkən standartlar nəzərə alınır, lakin sonradan bu standartlardan çıxılır. Bu, baş verdikdə onun hüquqi normalarını işləyib, hazırlayırlar və inzibati cəzalar, tədbirlər görürlər. Bu tədbirlər isə vaxtaşırı təkmilləşdirilir, problemin qarşısını ala bilmədikdə cəzalar sərtləşdirilir. Yəqin ki, son zamanlar reklam məsələsi standartlardan kənara çıxdığı üçün hiss edirlər ki, təhlükəsizliyə maneçilik törədilir və bu mənada qarşısı alınmalıdır”.
Yol hərəkətinin təşkilində çox problemləri birbaşa nizamlamağın mümkün olmadığını deyən. F. Eyyubovun sözlərinə görə, hansısa həddə qədər nizamladıqdan sonra tədbirlər nəticə vermədikdə müəyyən kampaniya formasında ölçülər sistemi hazırlayırlar:
"Avtomobillərdə reklam yerləşdirilməsinə dair normalar da onlardan biridir. Nəqliyyat vasitələrində əlavə avadanlıqlar, səsgücləndiricilər və s. də davamlı tənqid olunur. Buna qarşı tədbirlər keçirilir. Avtomobildə "Satılır” sözünü yazmaq ona görə qadağan olunur ki, bu da reklamdır və hərəkət zamanı sürücülərin diqqətini yayındıra bilər. Bizdə çoxlu satış məntəqələri, maşın bazarları, internet saytları var. Mədəni formada həmin xidmətlərdən istifadə etmək mümkündür. Yoxsa, hərə bir "Satılır” sözünü yazıb, maşına yerləşdirərək insanlara təhlükə törətməməlidir. Ona görə, yol nəqliyyat mədəniyyətinə, şəhərin gözəlliyinə, gələn turistlərin maraq dairəsinə uyğun olaraq bu məsələlər yüksək səviyyədə təşkil olunmalıdır.
Hüquqi cəhətdən verilən cərimələr artırıla, yaxud azaldıla bilər. Nizamlamaların maddələrinə uyğun cərimə haqları var və cəzalar tətbiq oluna bilər”.
Qeyd edək ki, "Nəqliyyat vasitələrində reklam yerləşdirilməsi” qaydaların pozulmasına görə, fiziki şəxslər üçün 50 manata qədər, vəzifəli şəxslər üçün 150-200 manat, hüquqi şəxslər üçün isə 500-2000 manat cərimə müəyyən edilib. Reklam xarakterli informasiya olan təsvirlər üçün lazım olan sertifikatı almaq lazımdır.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, avtomobilin şüşəsində "Satılır” yazısı yapışdırmaq da reklamdır. Avtomobilin hansı şirkətə məxsus olduğunu bildirən ad və ya loqotip isə reklam hesab edilmir.
Aysel Aslan