“Ola bilsin ki, yeni sistem gələcəkdə müəyyən marşrutlarda dəyişiklik olanda daha da nizamlanacaq və təkmilləşəcək”
Bakı Beynəlxalq Avtovağzalındakı sıxlığı aradan qaldırmaq üçün yeni sistem yaradılacaq. Məlumdur ki, avtovağzalda piyada axını ilə nəqliyyat axını üst-üstə düşür. Bu isə həddindən artıq təhlükəli vəziyyətdir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, yeni sistem "Avtomobil Nəqliyyatı-Yeni Tənzimləmə Konsepsiyası” çərçivəsində həyata keçiriləcək:
"Həm şəhərlərarası, həm də Sumqayıt istiqamətində hərəkət edən avtobuslar üçün perronlar yaradılır ki, hər bir axının ayrıca istiqaməti olsun, sərnişinlər yerüstü piyada keçidindən istifadə etməyə ehtiyac duymasın”.
Maraqlıdır, yeni sistem mövcud sıxlığın aradan qalxmasına kömək olacaqmı?
Yaradılacaq sistemlə bağlı "Şərq”ə danışan Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, hazırda Bakı şəhərində elə yerlər var ki, onlar tədqiq olunmayıb. Ekspertin sözlərinə görə, ölkəmizdə sərnişin və piyada axını, ümumiyyətlə, nəqliyyat intensivliyi nəzərəçarpacaq dərəcədə artıqdır:
"Ona görə də həmişə avtovağzal sistemində çalışırlar ki, nəqliyyatın hərəkəti ilə piyadaların hərəkəti üst-üstə düşməsin. Çünki sərnişinlər perrona çıxmalı, avtobuslara minməli, bilet almalı - bir sözlə, müəyyən məsələlər avtovağzala gələndən sonra sərnişinlər tərəfindən həll olunmalıdır. Ona görə də nəqliyyat axını ilə əlaqə nə qədər az olsa, təhlükəsizlik bir o qədər təmin edilmiş olur. Bizim avtovağzalda da hərtərəfli formada hərəkət var. Bəzi vaxt bunu avtobusların yerini və sərnişinlərin istiqamətini dəyişməklə nizamlayırlar. Ola bilsin ki, bəzən 2-3 maşrutun istiqamətini dəyişən kimi həmin bu istiqamətlərdə müəyyən qədər gərginlik artsın.
Çünki avtovağzaldakı sxemlər elədir ki, o sxemləri yerləşdirəndə marşrutların istiqaməti, dayanma nöqtələri, vaxtları nəzərə alınır. 1-2 avtobusun vaxtı dəyişən kimi planda ümumi formada dəyişikliklər olur. Əlbəttə, yeni sistemin xeyri ola bilər. Müəyyən müddət keçdikdən sonra yeni sistem vasitəsilə mövcud nöqsanlar üzə çıxır. Həmin nöqsanları elmi cəhətdən planlı şəkildə aradan qaldırmaqdan ötrü işləmək lazımdır. Ola bilsin ki, yeni sistem gələcəkdə müəyyən marşrutlarda dəyişiklik olanda daha da nizamlanacaq və təkmilləşəcək”.
Ekspertin sözlərinə görə, hazırda avtovağzalda çoxlu ticarət məntəqələri var və bu məntəqələr də sıxlığın yaranmasına şərait yaradır: "Mən həmişə böyük avtovağzallarda belə məntəqələrin yaradılmasının əleyhinə olmuşam. Çünki belə məntəqələr kütləvi axın zamanı həmişə çətinliklər yaradır. Ona görə də ticarət obyektlərini getdikcə bir qədər kənarda açırlar. Hər halda yeni sistemi alqışlamaq lazımdır”.
Yeganə Bayramova