Bərkitmə işləri aparıldıqdan sonra çökən hissələr doldurulacaq
Bir neçə gün öncə Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisinə yaxın yolda çökmə olub, çatlar yaranmış və istinad divarları əyilmişdi. Çökmənin daha da genişlənməsinin qarşısını almaq üçün yolun həmin hərəkət hissəsi bağlanılıb və ərazidə bərkitmə işləri aparılıb. Amma buna rəğmən sözügedən ərazidə sürüşmənin genişləndiyi və təlükənin sovuşmadığına dair proqnozlar yayılmaqdadır.
Bununla bağlı məlumatlı olub-olmadıqlarını öyrənmək üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ilə əlaqə saxlasaq da, Mərkəzin direktoru deyib ki, sürüşmənin səbəblərini araşdırmaq və qarşıdakı təhlükələrlə bağlı proqnoz vermək Seysmoloji Xidmət Mərkəzinin səlahiyyətlərinə aid deyil: "Əgər həmin bölgədə zəlzələ və ya hansısa təkanlar baş vermiş olsaydı, biz hadisənin səbəblərini araşdıra bilərdik. Bu məsələ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdindədir. Biz yalnız müraciət edildiyi halda sürüşmənin müstəvisini öyrənmək üçün bölgədə tədqiqat aparırıq. Ancaq onu deyə bilərəm ki, Avtovağzal ərazisində baş verən sürüşmə o qədər də ciddi məsələ deyil. Orada böyük torpaq sürüşməsindən söhbət getmir. Sürüşmə lokal bir sahədə baş verdiyi üçün texnogen məsələ hesab olunur”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev isə Avtovağzal rəhbərliyinin "qaynar xətt”ə müraciət əsasında hazırda sürüşmə zonasına baxış keçirdiklərini vurğulayıb. Onun sözlərinə görə, əraziyə baxış zamanı çökmə prosesinin davam etdiyi, çatların genişləndiyi aşkar olunub: "Çökmə prosesi davam edir, çatlar genişlənib və müəyyən qədər də oturub. Oturmanın hündürlüyü 15 sm-dən artıqdır. Proses dayanmayıb və az da olsa, oturmanın dinamikasında fəallaşma gedir”. Ə.Piriyev çökmənin qarşısını almaq üçün bərkitmə işlərinin aparıldığını bildirib: "Bərkitmə işləri aparıldıqdan sonra çökən hissələr doldurulacaq və sonra üstü asfaltlanıb həmin yol açılacaq. Xarici vizual görünüşdə təhlükə olmamalıdır. Betonun içərisində bilmirik ki, armaturlar nə yoğunluqdadır və qalınlığı nə qədərdir. Ola bilər ki, armaturlar nazik olsun, səhərisi gün problem yaransın. Ola da bilsin ki, qalın armaturlar olsun və heç bir təhlükə olmasın. Yəni betonun konstruksiyasının keyfiyyətliliyini bilmədiyimiz üçün dözüb- dözməyəcəyini dəqiq deyə bilmərik. Rəhbərliklə də görüşürük, onlar bərkitmə işlərini davam etdirirlər ki, yolu açsınlar”.
Şəymən