Axın güclənir...

Azərbaycanda turizmin inkişafı digər sahələri kölgədə qoydu
Xidmət sahəsində Azərbaycan MDB-də nömrə birdir




Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın qənaətincə, ölkəni dünyaya açmaq, dünya ilə iqtisadi və mədəni əlaqələri inkişaf etdirmək vacib amildir.

Ekspertin sözlərinə görə, turizm təkcə gələnlərdən qazanc məsələsi deyil, həm də özünün başqaları ilə real rejimdə müqayisəsidir:

"Yəni rəqabətdir. Əvvəlcə uduzduğunu görüb pessimist fikirlərə də qapıla bilirsən. Ancaq öz üzərində çalışıb bir azdan digər xalqların nümayəndələri ilə bu və ya digər sahələrdə bərabərləşdiyini və hətta irəli keçdiyini də nümayiş etdirməyin mümkündür. 2015-ci ildən turistlərin Azərbaycana axını başladı. Başlayan kimi də yerlilər onları neqativlə qarşıladı. Buna baxmayaraq, bu şəxslər turistləri addımbaşı imkan düşdükcə aldadıb xeyli qabağa düşürdülər. Həmin vaxtdan cəmi 3 il keçib. Artıq Fəvvarələr meydanındakı ən bahalı restoranlar girişdə menyu və qiymətlər asmağa başlayıb. Nizami küçəsində də mənzərə eynidir. Bu yerlərə baxdıqda insanlar özlərini Praqada, ya da Türkiyədə zənn edir”.

İ.Şaban deyib ki, hazırda Vətən kinoteatrından Qış Bulvarına qədər olan sahə bütünlüklə restavrasiya olunur və cəmi 1 il sonra yeni turizm məkanına çevriləcək:

"Cəmi bir "beşilliyə” bu sahədəki uğurlar iqtisadiyyatın digər sektorlarını kölgədə qoyur. Çünki burada monopoliya o səviyyədə deyil, bir xeyli adam dolanmaq imkanı əldə edir, gəlir bölünür”.
İqtisadçı Fuad İbrahimov da düşünür ki, bahalı restoranların girişində turist tələbatına uyğun hansısa əcnəbi dildə menyuların və qiymətlərin yazılması təbii haldır və dünya təcrübəsində də bu üsul kifayət qədər geniş yayılıb: "Bizə ən yaxın, qardaş ölkə hesab olunan Türkiyənin özündə Rusiyadan gələn turistlərin sayını nəzərə alaraq əksər restoranlarda rus dilində menyular hazırlanıb. Gələn il Çindən gələn turistlərin sayında artım müşahidə olunsa, xidmət Çin dilində göstəriləcək. Hesab edirəm ki, sahibkarların bu addımı turist axınına adekvat reaksiyadır və bazar münasibətlərindən irəli gələn bir məsələdir”.

Son illər Azərbaycanda turizm sahəsinin inkişaf etdiyinə dair iddiaları dəstəkləyən iqtisadçının sözlərinə görə, ölkəmizin turizm ölkəsinə çevrilməsi üçün coğrafi və geostrateji imkanları mövcuddur: 

"Sadəcə bundan istifadə etmək lazımdır. Xaricdən gələn turistlərin sayına görə, Gürcüstan bizdən öndə olsa da, xidmət sahəsində Azərbaycan MDB-də nömrə birdir. Bizdə yeganə problem iaşə obyektlərində qiymətlərin baha olması ilə bağlıdır. Manat 0,78 AZN olduğu zamanlar azərbaycanlılar üçün xarici ölkələrdə istirahət etmək daha sərfəli idi. Manat ucuzlaşdıqdan sonra isə xaricə turistik səfər edən azərbaycanlıların sayında xeyli azalmalar müşahidə olundu. Ölkəyə gələn turistlərin sayında isə əksinə artım oldu. Sözsüz ki, bu tendensiya davam edəcək o şərtlə ki, təhlükəsizlik əmsalı qorunmalıdır. Manatın əlverişliliyi və ölkədəki sabitliyi qoruya bilməsək Azərbaycan əcnəbilər üçün yenə də cəlbedici olmayacaq. Bəzi makroiqtisadi göstəricilərimizi də səliqə-səhmana sala bilsək turizm sektorundan böyük mənfəətlər əldə olunacağına dair proqnozlar verə bilərik. Sözün açığı, biz artıq bu sahədə müəyyən irəliləyişlərə nail olmuşuq”.

Şəymən