
“Ayravana, ayravana, çandrika...”
Bizimkilər elə bilirlər “kurrikulum”, “bolonya prosesi”, “fin təhsil modeli” deməklə Aya, Marsa uçacaqlarMəktəblərdə son günlər baş verən səsli-küylü hadisələr göstərir ki, yaralarımıza heç “sehirli xalat”da məlhəm olmayacaq
Uşaqların sevimli filmi "Sehirli xalat”da pioner Rəşid "o boyda” xanı barmağına dolayıb deyir ki, tilsimli sözləri təkrar etsə, ölkələr səyahət edib saysız-hesabsız var-dövlət əldə edə bilər. "Piyanar”ın al dilinə aldanan xanın "ayravana, ayravana, çandrika...” sözlərini eşidəndə "İrəvana gedirik?!” deməsi hələ də dillər əzbəridir.
Bizim təhsil sektorumuzda biri-birindən heyrətli hadisələr baş verəndə, "Sehirli xalat” yadıma düşür. Sanki bizimkilər də "kurrikulum”, "bolonya prosesi”, "fin təhsil modeli”, "diaqnostik qiymətləndirmə” ... sözlərini hansısa "piyanarın” dilindən eşidiblər və elə biliblər bu ifadələri təkrar etməklə "İrəvana” - Aya, Marsa uçacaqlar. Amma atlanıb elə illərdir durduqları yerə şappıltı ilə düşüblər.
Revolverli fotolarını feysbukda paylaşmaqla məşhurlaşan xanım direktoru başqa bir məktəbə direktor təyin edirlər ki, gedib oranı da "məşhurlaşdırsın”.
Xırdalan şəhərindəki 17 saylı uşaq bağçasına klipləri ilə məşhur olan müğənni xanımı - Gülnar Nəbi Çingizi təyin edirlər ki, uşaqlar klipin əsaslarını elə uşaq yaşlarından öyrənsinlər. Böyüyəndə lazımları olar.

Təhsil sistemindəki bu fısqırıq-həngaməni görən Bakı şəhərindəki 230 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ləman Babayeva da sakit durmayıb sosial şəbəkələrdə fotolarını paylaşıb. Foto, nə foto...
Nəticə bu olub ki, işdən çıxarılan direktor müavini direktor Elşən Qafarovu da ardınca sürüyüb məktəbdən kənara atıb. Hər iki şəxsin orta məktəbdəki fəaliyyətinə xitam verilib.
O da bildirilir ki, Ləman Babayevanın müvafiq ərizəsi nəzərə alınaraq, onun pedaqoji fəaliyyətini digər məktəblərdən birində davam etdirməsi məsələsi isə müzakirə mərhələsindədir (Bəs necə?! Belə kadrları işsiz qoymaq olmaz - red.).
Deyilənə görə, 230 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavininin soy-kökündə erməni izi var. Anasının anası - nənəsi ermənidir. Ləman Eldar qızı Babayevanın həmin məktəbin direktorunun onu guya məktəbdə zorlaması, buna görə də Ləman Babayevanın qardaşı Abdullayevin bıçaqla məktəbə hücum etməsi ilə bağlı xəbərlər də sosial şəbəkələrdə eninə-bolunadır.
Məktəblərimizdə nələr baş verir?
Səs-küylü hadisələri şərh edən təhsil eksperti, uzun illər pedaqoji sahədə çalışmış Nadir İsrafilov təsadüfi şəxslərin rəhbər vəzifələrə təyin edilməsinin yolverilməz olduğunu bildirdi:
- Son illər təhsillə bağlı bir sıra uğursuz qərarlar qəbul edildi. Sentyabrın 1-nin 15-i ilə əvəzlənməsi, dərs ilinin iyun ayınadək uzadılması, məktəbəqədər müəssisələrin Təhsil Nazirliyindən alınıb icra hakimiyyətlərinə verilməsi və s. Saymaqla bitmir. Sabiq təhsil nazirinin yarıtmaz fəaliyyəti nəticəsində uşaq bağçaları sistemi onsuz da çökmüşdü, icra hakimiyyətlərinin tabeliyinə verilməklə lap viran qaldı. İndi uşaq bağçalarında vəziyyət əvvəlkindən qat-qat pisdir. Digər tərəfdən, uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyindən çıxarılması təhsilin fasiləsizliyi prinsipinə daban-dabana ziddir. Təhsil vahid mərkəzdən idarə olunmalıdır. Necə ola bilər ki, məktəbəqədər təhsilə icra hakimiyyətləri nəzarət etsin, amma ibtidai, orta təhsilə Təhsil Nazirliyi?! İcra hakimiyyətlərinin kadr potensialı yoxdur axı. Ona görə də biz son illər əcaib qərarların, təyinatların şahidi oluruq. Məktəblərə, uşaq bağçalarına təsadüfi adamların direktor təyin olunmasında böyük ehtimalla korporativ, şəxsi maraqlar rol oynayır. Təcrübəli, ixtisaslı kadrlar qalır bir kənarda, toy müğənnisi, əxlaqı zədəli adamlar direktor təyin edilir. Buna şəxsi, korporativ maraqlardan savayı başqa ad vermək mümkün deyil. Rəhbərlikdə şəxsi nümunə əsas rol oynamalıdır. Uşaq bağçasına, yaxud orta məktəbə, ali məktəbə rəhbər təyin edilirsə, həmin adamın ilk növbədə şəxsi keyfiyyətləri, dürüstlüyü, əxlaqı, tərbiyəsi, eləcə də ixtisaslı kadr olub-olmadığı, iş təcrübəsi yoxlanmalıdır. Xüsusən də təhsil, uşaqların təlim-tərbiyəsi ilə birbaşa bağlı olan sahələrdə əsas şərt pedaqogikanı, metodikanı bilmək, uşaq psixologiyasına nə dərəcədə bələd olmaqdır. "Filankəs yaxşı təşkilatçıdır”, deyib, hər adamı müdir təyin etməyin nə elmi, nə də pedaqoji bir əsası var. Kim nə deyir, desin, mən belə şeyləri qəbul etmirəm. Belə məsələlər cəmiyyətdə mənfi rəy yaradır. Görürsünüz ki, ictimai qınağa da səbəb olur. Deməli, hardasa, nədəsə səhvə yol verilib. Təsadüfi adamları nəyinsə müqabilində, kiminsə tapşırığı, ya da göstərişi ilə gətirib müdir, direktor, tədris hissə müdiri təyin edirlər. İrad bildirəndə də, "müasir insanlarıq”, "modern olmaq lazımdı”, nə bilim, dünyaya inteqrasiya edək və s. sözlər deyirlər. Təəssüf ki, müasirliyi təhsilin səviyyəsini yüksəltməkdə, Avropa təhsil sistemindən nümunə götürməkdə axtaran yoxdur.
Məlahət Rzayeva