"Azərbaycan 120-yə yaxın çeşiddə silah-sursat istehsal edir" - POLKOVNİK






"Azərbaycanın hərb sənayesi ölkə başçısının diqqəti sayəsində qısa zamanda inkişaf etdi. Bu gün fəaliyyət göstərən müəssisələr 120-yə yaxın çeşiddə silah-sursat istehsal edə bilir”.

Bunu "Sherg.az”a Azərbaycanın hərbi təyinatlı məhsullarının Fransada nümayiş etdirilməsinə münasibət bildirərkən ehtiyatda olan polkovnik Şair Ramaldanov söyləyib. 

Onun sözlərinə görə, hərb sənayesi məhsullarımızın beynəlxalq sərgilərdə iştirakı tez-tez rast gəlinən haldır:

"Son 10 ildə müxtəlif sərgilərdə Azərbaycan istehsalı olan silah-sursat sərgilərdə iştirak edir. Bu sahədə fəaliyyət göstərən mütəxəssislər müxtəlif xarici ölkələrdə təcrübə keçmiş şəxslərdir. Bununla yanaşı, Azərbaycan Texniki Universitetində silah sənayesinə aid fakültə yaradılıb. Burada gələcəkdə hərb sənayesində çalışacaq mütəxəssislər hazırlanır.

Bu gün Azərbaycan müasir tələblərə cavab verən elektron optik cihazlar, müşahidə vasitələri, hərbi, zirehli texnikalar, rabitə qurğuları, pilotsuz aparatlar, silahlar və s. istehsal edilir. Hərbi sənayemizin məhsulları ilk növbədə Azərbaycan Silahlı Qüvvələrində istifadə olunmaqdadır. İlk yoxlamaları da məhz hərbi mütəxəssislərimiz həyata keçirirlər”.

Ş.Ramaldanovun fikrincə, hərb sənayesinin inkişafı dövlətin yüksək səviyyədə tərəqqisinin göstəricisidir:

"İqtisadiyyat nə qədər inkişaf edərsə, hərb sənayesi də o qədər yüksələr. Bu sahədə inkişafın təmin olunması isə silahlı qüvvələrimiz üçün də, Azərbaycanın silah bazarına daxil olması üçün də müsbət irəliləyişdir.

Azərbaycan istehsal etdiyi hərbi məhsulları xarici bazarda da satır. Bəzi dövlətlər hətta Azərbaycanla müqavilə bağlamaq, silah almaq niyyətindədirlər. Həmçinin, bu sənayeyə investisiya qoyuluşunda maraqlı olan ölkələr də kifayət qədərdir”.

Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar iyunun 11-dən 15-dək Fransanın Paris şəhərində keçiriləcək Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sərgisində - "EUROSATORY-2018”də nümayiş etdiriləcək.

Aysel Aslan