“Azərbaycan 2019-cu il ərzində ciddi sosial addımlar atıb” - Baş redaktor

Elçin Mirzəbəyli: “Bu il qəbul edilən qərarlar sosial problemlərin həlli, vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində olduqca mühümdür”
Prezident İlham Əliyev "Buta” sarayında Azərbaycanın milli bayramı-Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxış edib. Ölkə başçısı çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunub.
Dövlət başçısı deyib ki, biz bundan sonra da sosial sahəyə çox böyük diqqət göstərəcəyik:
"Bu məsələ ilə bağlı biz bundan sonra da ardıcıl siyasət aparacağıq. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Biz bu mövqedən dönməyəcəyik. Münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və müvafiq beynəlxalq təşkilatların qərar və qətnamələri icra edilməlidir”.
Prezidentin çıxışını "Sherg.az”a dəyərləndirən "Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Cümhuriyyətimizlə bağlı həyata keçirilən bütün tədbirlərdən qürur duyduğunu dedi:
"Milli azadlıq hərəkatının iştirakçısı kimi, ölkə baçısının çıxışını yüksək qiymətləndirirəm. Görüşdə cənab prezident kifayət qədər ciddi məsələlərə toxundu. Həm əvvəlki dövrlər, həm də bundan sonra ölkəmizdə görüləcək işlər barədə danışıldı. Azərbaycan 2019-cu il ərzində ciddi sosial addımlar atıb. Bu il qəbul edilən qərarlar sosial problemlərin həlli, vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində olduqca mühümdür. 
Prosesin bundan sonra da davamlı olacağı və Azərbaycanda həyata keçirilən islahatların tərkib hissəsi kimi davam etdiriləcəyi mühüm faktdır. Prezident öz çıxışında qərarların icrası ilə bağlı məsələlərə diqqət ayırdı ki, bu da olduqca önəmli məqamdır. Təsadüfi deyil ki, odluqca mühüm fərman və sərəncamlar imzalanıb. Bu sənədlər həyata keçirilməyəndə i müəyyən problemlərin yaranmasına imkan olur. 
Bu da yolverilməz haldır və Prezident bununla bağlı öz tələblərini qeyd etdi.Ölkə başçısı çıxışında bildirdi ki, Azərbaycan bundan sonra da hərbi potensialını gücləndirəcək. Bu da Ermənistan üçün ciddi mesaj olmalıdır. Bütövlükdə prezidentin çıxışı Azərbaycanda olan bütün sahələri əhatə edir. Səsləndirilən fikirlər dövlət idarəçiliyi sisteminin sonrakı inkişafı ilə bağlı mühüm məqamlara yol açaçaq”.
Yeganə Bayramova