"Azərbaycan Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olmaq üçün böyük canfəşanlıq göstərmir”.
Bunu "Sherg.az”a Ermənistan XİN rəhbəri Zoqrab Mnatsakanyanın "Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmasına qarşı çıxacağıq” açıqlamasına münasibət bildirərkən, Orta Doğu Araşdırmalar Birliyinin sədri, politoloq Sədrəddin Soltan deyib.
Onun sözlərinə görə, Azərbaycanın AİB-ə üzv olmasında Rusiya maraqlıdır:
"Ölkəmiz isə ittifaqda təmsil olunmaq üçün öz şərtlərini irəli sürüb. Burada başlıca məsələ, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Ermənistanın işğalçılıq siyasətinə son qoymasıdır. Erməni nazirin açıqlaması da buna hesablanıb ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkməyəcək, Azərbaycan torpaqlarını işğal altında saxlayacaq. Nəticədə Azərbaycan AİB-ə üzv olmaqdan imtina edəcək.
İşğalçı dövlətlə eyni regional blokda təmsil olunmaq Azərbaycan üçün yaxşı heç nə vəd etmir. Düşmən ölkə ilə iqtisadi əlaqələrin qurulması, torpaqlarımız işğal altında olduğu müddətcə mümkün deyil. Ona görə, Zoqrab Mnatsakanyanın iddiaları cəfəngiyatdan başqa bir şey deyil”.
S.Soltan bir məsələni də xatırladıb ki, Nikol Paşinyan və onu dəstəkləyən qüvvələr Ermənistanın AİB-dən çıxması barədə fikirlər səsləndirirdi:"Hətta bununla bağlı Ermənistan parlamentinə layihə də təqdim edilmişdi. İndi nə dəyişdi? Aydın görünür ki, erməni rəhbərlərin AİB-lə bağlı dedikləri ciddi açıqlamalar deyil. AİB-in əsas qüvvəsi Rusiyadır. Azərbaycan üzv olmaq istəsə, Rusiya razılıq versə, Ermənistan heç bir şey edə bilməz”.
Qeyd edək ki, Ermənistan XİN rəhbəri Zoqrab Mnatsakanyanın sözlərinə görə, AİB əməkdaşlıq təşkilatıdır, Azərbaycan isə hazırda Ermənistanı bloklayır və bizim əleyhimizə birtərəfli tədbirlər görür.
Aysel Aslan