Azərbaycan alimi Cabbar Mustafayev dünyasını dəyişib





Azərbaycan elminə ağır itki üz vermişdir. Uzun illər Bakı Dövlət Universitetində çalışmış böyük alim, riyaziyyatçı, 1994-2005 ci illərdə Riyaziyyat kafedrasının mudiri olmuş, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Cabbar Mustafayev vəfat etmişdir. Cabbar Mustafayev 1942-ci il, yanvarın 11-də Xaçmaz rayonunun Həsənqala kəndində anadan olmuşdur.

1948-1958-ci illərdə Xaçmaz rayonu, Qusarçay kənd orta məktəbində oxumuşdur. 1958-1963-cü illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil almışdır. 1963-1966-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin aspiranturasında təhsil almışdır. 1968-ci ildə dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. Əmək fəaliyyətinə 1966-ci ildə, BDU-nin Mexanika-riyaziyyat fakültəsinin Həndəsə və cəbr kafedrasında baş laborant kimi başlamışdır. 1966-1967-ci illərdə kafedrada baş laborant, 1967-1970-ci illərdə isə müəllim vəzifəsində çalışmışdır. 1970-ci ildən fəaliyyətini Fizika fakültəsinin Riyaziyyat kafedrasında davam etdirmişdir. 1970-1973-cü illərdə baş müəllim, 1973-2005-ci illərdə isə dosent vəzifəsində Riyaziyyat kafedrasında çalışmışdır, 1994-2005-ci illərdə həmin kafedranın müdiri olmuşdur. 2005-2015-ci illərdə isə Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasının dosenti vəzifəsində çalışmışdır. Uzun illər fizika fakültəsində tələbələrinə Analitik həndəsə və Ali cəbr kursundan muhazirələr oxumuşdur. 50-dən çox elmi məqalənin və 1 kitabın müəllifidir. Əsas elmi-tədqiqat sahəsi qarşılıqlı əlaqəli sahələr (elastiki və elektro-elastiki sahələr) nəzəriyyəsinin bəzi məsələləri haqqında olmuşdur. Cabbar Mustafayev Azərbaycan elmi üçün çox dəyərli bir alim olmuşdur. Bakı Dövlət Universitetində Abdulla Muxtarov, Bəhram Əsgərov kimi böyük alimlərimizin yaratdıqları nəzəri fizika məktəbi mövcuddur və bu məktəbin tələbələri hazırda dünyanın bir çox aparıcı elmi mərkəzlərində alim kimi çalışırlar. Nəzəri fizikanın əsası kimi ali riyaziyyat kursu muhum əhəmiyyət kəsb edir. Ona görə də demək olar ki, fizika fakültəsinin ilk kurslarında mənimsənilmiş riyazi biliklər, sonradan fizika sahəsində görüləcək böyük elmi işlərin bazasını təşkil edir. Bu səbəbdən də, Cabbar Mustafayevin rəhbərlik etdiyi Riyaziyyat kafedrasının fəaliyyəti, o cümlədən Analitik həndəsə və Ali cəbr kursundan oxuduğu mühazirələr daim çox dəyərli və gərəkli olmuşdur. Cabbar müəllim öz şərəfli ömür yolunda elmimizə verdiyi töhfələrə görə, tələbələri və elm xadimlərimiz tərəfindən uzun illər yaddaşlarda xatırlanacaqdır. Cabbar Mustafayevin vəfatı ilə əlaqədar olaraq, Azərbaycanın elmi ictimaiyyətinə, Bakı Dövlət Universitetinin professor-müəllim heyətinə, ailəsinə və Xaçmaz rayon ziyalılarına dərin hüznlə baş sağlığı veririk.

Cabbar Mustafayevin tələbəsi, 
Bayrot Universitetinin doktoru, Sakin Cabarov