“Azərbaycan Avropanın Olimpiya mərkəzinə çevrilib”

Ağacan Əbiyev: “Bundan sonra başqa ölkələr idmanda Azərbaycan standartlarını öyrənməli olacaqlar”




Bir çox ölkələr gözləməzdilər ki, Azərbaycan Birinci Avropa Oyunlarını bu səviyyədə təşkil edə bilsin. Lakin ölkəmiz bunu bacardı". Bu sözləri "Şərq”ə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev ölkəmizin və idmançılarımızın ilk Avropa Oyunlarına hazırlıq səviyyəsindən danışarkən deyib.

Onun sözlərinə görə, məşəl yandırma prosesi və açılış mərasimi bütün dünyanı heyran edib: "Mənə zəng vurub deyirlər ki, açılış mərasiminiz çox möhtəşəm idi. Deyim ki, açılış mərasimi Respublikamızın mədəniyyəti, incəsənəti və idman sahəsindəki uğurlarını bütün dünyaya göstərdi”.

Müsahibimiz hesab edir ki, yarışların təşkili də açılış mərasimi kimi mötəbər və dəqiq təşkil olunub: "İdman arenalarında hər şey çox gözəl formada hazırlanıb. Bütün bunlar deməyə əas verir ki, doğrudan da Azərbaycan Avropanın Olimpiya Mərkəzinə çevrilib”.

Vitse-prezident diqqətə çatdırıb ki, əldə edilmiş qızıl medallar və ümumi medalların sayına görə Azərbaycan Rusiyadan sonra ikinci yerdədir: "14 qızıl medalımız var. Onları idmançılarımız gərgin mübarizə nəticəsində qazanıblar. Bu da onu göstərir ki, təmsilçilərimiz yarışlara çox güclü hazırlaşıblar. Əldə olunan nəticələr dünən və bu günün məsələsi deyil. İdmançılarımız illərdir ki, yarışlara hazırlaşırlar. Yarışlara hazırlaşmaq üçün də şərait lazımdır. Bu şəraiti də dövlətimiz yaradıb. Şəxsən ölkə Prezidenti, möhtərəm İlham Əliyevin idman və idmançılara göstərdiyi qayğının nəticəsidir ki, bu gün Azərbaycan 48 ölkəni geridə qoyub”.

A.Əbiyevin sözlərinə görə, Avropa Oyunları Azərbaycanın formalaşdırdığı modellə ölçüləcək: "İlk Avropa Oyunları bu səviyyədə keçirilbsə, o biri ölkələr bizə oxşamaq istəyəcəklər. Bu da ən yuxarıda dayanmış standartlardır. Avropa Olimpiya Komitəsinin prezidenti cənab Patriki Hiki çox doğru deyib ki, qorxuram ki, Avropa Oyunlarını bu səviyyədə keçirən ikinci dövlət tapılmayacaq. Tapılmayacaq da. Tapılacaqsa, gərəkdir ki, bizim kimi hazırlaşsın. Başqa ölkələr Olimpiya Oyunlarına 7-8 ilə hazırlaşır. Azərbaycan isə cəmisi 2 il yarıma bu işləri gördü. Bu, hər bir ölkənin işi deyil. Bundan sonra başqa ölkələr idmanda Azərbaycan standartlarını öyrənməli olacaqlar. Bunun üçün bizə müraciət edəcəklər və biz də Azərbaycanın idman standartının nə olduğunu onlara başa salacağıq”.

Yarışları diqqətlə izlədiyini deyən müsahibimiz söyləyib ki, boks yarışlarını arenadan, digərlərini isə televiziyadan izləyir: "Karateçi, güləşçi və boksçularımız yüksək nəticələr qazanıblar. Boks üzrə 56 kq çəkidə mübarizə aparan Tayfur Əliyev artıq yarımfinaldadır. Yəni artıq onun medalı var. Bundan başqa, qalan idman növlərində də biri-birinin ardınca medallar qazanılır. Gimnastika federasiyasının da əldə etdiyi nailiyyəti danmaq olmaz. İdman gimnastikası üzrə idmançılarımız gözəl nəticə qazanıblar. Elə düşünürlər ki, biz ancaq güləş idman növlərində uğur qazanırıq. Amma biz başqa idman növlərində də güclüyük. Bədii və idman gimnastikasında qazandığmız nailiyyətlər idmanımızın hərtərəfli inkişafından xəbər verir. Bu isə o deməkdir ki, biz çox yaxşı yol tutmuşuq. Allah qoysa, gələcək Olimpiya Oyunlarında da bu cür nəticələr göstərməyə hazırlaşırıq”.

Oyunlar başlamazdan öncə Azərbaycana qarşı aparılan qarayaxmalardan söz açan həmsöhbətimiz bəyan edib ki, həmin qaragürhçular indi çox məyus olublar: "Onlara cavab vermək lazım deyil. Danışdıqları əsassız idi. Oyunların açılışını görəndən sonra yanlış yolda olduqlarını dərk etdilər. Ağa qara demək olmaz. Dostluq, qardaşlıq və sülh yarışına qara yaxırsınızsa, deməli, düzgün yolda deyilsiniz. Oyunların təşkili və aparılması o qarayaxanların cavabını verdi. Biz öz cavabımızı verdik”.

Ayyət Əhməd