Azərbaycan çox kiçik ölkədir, ona görə xəbərlər az olur
Ekspertlər ölkə mediasının xarici məlumatlara üstünlük verməsinin obyektiv səbəbləri olduğunu vurğulayır
(əvvəli ötən sayımızda)
Ölkə mediasının gündəminə bir neçə dəqiqəlik nəzər yetirmək kifayətdir ki, media orqanlarının yerli xəbər istehsalında çətinliklə üzləşdiyini müşahidə edəsən. Xüsusən də son zamanlar Azərbaycan mediası xarici xəbərlərə həddən artıq yer verir. Dərc olunan yerli xəbərlər isə demək olar ki, eyni mövzuları əhatə edir.
Maraqlıdır, yerli media orqanlarının beynəlxalq məsələlərə daha çox önəm verməsi nəylə bağlıdır?
İnformasiya mübadiləsi dünyanın hər yerində var
Azərbaycan mətbuatının beynəlxalq əlaqələrinin zəif olduğunu təəssüflə vurğulayan Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadənin sözlərinə görə, Azərbaycanda xaricə birbaşa çıxışı olan media qurumlarının sayı iki əlin barmaqlarını örtmür.
Buna görə də yerli mətbuat xarici KİV-lərə istinad etmək məcburiyyətində qalır.
Bunu qüsur kimi mətbuatın ayağına yazmağı doğru hesab etməyən jurnalist Azərbaycanın kiçik ölkə olduğunu deyib: "Bizim ölkədə o qədər maraqlı hadisələr baş vermir ki, KİV oxucunu 24 saat rəngarəng xəbərlərlə təmin edə bilsin. Əgər Azərbaycanda beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən hansısa maraqlı hadisə baş verirsə, xarici KİV-lər öz səhifələrində ona yer ayırırlar. İnformasiya mübadiləsi dünyanın hər yerində var.
Bu, qəbuledilmiş qaydadır. Mən o fikirdə deyiləm ki, bizim saytlar, qəzetlər ancaq xarici mənbələrin istehsal etdikləri məlumatların hesabına fəaliyyət göstərirlər. Azərbaycanda özünün xəbər siyasətini düzgün qura bilən informasiya resursları mövcuddur və onlar inkişaf etdikcə xarici mənbələrə istinad minimum səviyyəyə enəcək".
Bəzi media orqanları beynəlxalq xəbərlərə üstünlük verməklə daha çox nüfuz qazanacaqlarını düşünürlər
"Bakı xəbər" qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Aydın Quliyev media orqanlarının ixtisaslaşma mərhələsinə daxil olduğunu bildirib: "Yəni media orqanları özləri üçün seçim edirlər ki, ölkədaxili və ya beynəlxalq məlumatlar versinlər. Bu, media orqanlarının seçdiyi bir fəaliyyət növüdür. Vacib olan əsas şərt obyektivliyin olmasıdır. Hər halda media orqanları öz nüfuzları ilə bağlı bilgilidir".
Baş redaktorun sözlərinə görə, bəzi media orqanları beynəlxalq xəbərlərə üstünlük verməklə daha çox nüfuz qazanacaqlarını düşünürlər: "Hər halda bu da bir sınaqdır. Bir neçə müddətdən sonra hər kəs təyin edəcək ki, media orqanlarının beynəlxalq və ya ölkədaxili xəbərlərə meyl etməsi onun nüfuzuna təsir edir, ya yox. Bundan heç də narahat olmağa dəyməz".
Aydın Quliyev bəzi media orqanlarının analitika ilə xəbərin fərqinə lazımi qədər əhəmiyyət verə bilmədiklərini də deyib: "O yerdə ki, xəbər qıtlığı var, analitikaya üstünlük verməklə həmin boşluğu doldurmaq mümkündür. Yəqin ki, media orqanları buna nəzər yetirəcəklər".
Saytların sayı çox sürətlə artır, amma onların bəziləri "kitayski mal"a oxşayır
Modern.az saytının redaktoru Əfqan Qafarlı:
- Xəbər saytlarının işi elədir ki, oxucu hər dəqiqə səndən informasiya, yeni məlumat gözləyir. Yəni, oxucu xəbərdən doymur, sən isə onu təmin eləməkdən yorulmamalısan. Təbii ki, xəbər təqdimatında təkcə yerli informasiyalarla kifayətlənmək olmaz. Əgər sən özünü peşəkar KİV-lərin sırasında görürsənsə, regionda, dünyada baş verənlər barədə də öz oxucunu məlumatlandırmalısan.
Xarici xəbərlər bloku da informasiya təqdimatının bir elementidir. Yəni onsuz keçinmək mümkün deyil. Xüsusilə də elektron mediada - xəbər saytlarında... Bəzən xarici xəbərlərin sayı çox da ola bilər, az da... Yəni bunu hansısa sayta qüsur saymaq məncə, düzgün deyil. Amma təbii ki, xarici xəbərlərin sayı hər gün əndazəni də aşmamalıdır. Hardasa balans qorunmalıdır...".
Xəbər lentlərinin ancaq tərcümə materialları ilə doldurulmasına gəlincə isə Ə.Qafarlı aparıcı KİV-lərdə bunun ciddi hal aldığını müşahidə etmədiyini deyib: "Belə hallar xəbər saytlarının yalnız gecə təqdimatında bir qədər gözə çarpır ki, bunu da hardasa normal qəbul etmək lazımdır.
Yəni, tutaq ki, gecə saatlarında Azərbaycanda hansısa diqqət çəkəcək çoxlu hadisə baş vermirsə, onda xəbər saytının əməkdaşı məcbur olub xarici informasiyalara üstünlük verir. Amma tərcümə materiallarında da seçim önəm daşıyır. Çalışıb gərək oxucunu yola verməyəsən... Bir şeyi də qeyd edim: indi bazarda Çin malları tüğyan etdiyi kimi, mətbuatda da oxşar vəziyyət yaranıb. Saytların sayı çox sürətlə artır, amma onların bəziləri "kitayski mal"a oxşayır. Hələlik bu sayt bolluğunda oxucular da çaş-baş qalır, bəzən ağı qaradan seçə bilmirlər. Məncə, əsl problem həmin "kitayski mal"a oxşayan saytlardır".
Oxucunu günlərlə arxasınca qaçırda bilən xəbərlər demək olar ki, yox dərəcəsindədir
"Azxəbər.com" saytının həmtəsisçisi, gənc jurnalist Əfsələddin Ağalarov isə hesab edir ki, yerli media orqanlarının beynəlxalq məsələlərə daha çox önəm verməsinin ən böyük səbəbi xəbər istehsalı ilə məşğul olan saytların və agentliklərin azlıq təşkil etməsidir: "Nəticədə xəbər təqdimatçılığını üzərinə götürən və geniş oxucu kütləsinə xitab etmək istəyən media orqanları xarici xəbərlərə üstünlük verirlər. Digər bir tərəfdən bunun səbəblərindən biri də oxucu marağıdır. Belə ki, bu gün Azərbaycan mediasının ümumilikdə gün ərzində istehsal etdiyi xəbərlər demək olar ki, biri-birinə bənzəyir. Sensassiya tipində olan və oxucunu günlərlə arxasınca qaçırda biləcək xəbərlər demək olar ki, yox dərəcəsindədir. Məhz bu zaman xəbər saytları dünyanın müxtəlif media orqanlarının istehsal etdikləri xəbərləri oxuculara təqdim edir və oxucu itkisini bu xəbərlərlə kompensasiya edirlər".
Əfsələddin Ağalarov: "Ölkədə mövzu qıtlığıdır, yoxsa jurnalistlər mövcud hadisələri xəbərə çevirə bilmirlər" sualına belə cavab verir:
- Jurnalist peşəkarlığının axsaması və repartyorluğun ofis müxbirliyi ilə əvəzlənməsi də xəbər qıtlığını yaradan ən başlıca səbəbdir.
Ölkəmiz böyük deyil və burada hər gün nəsə mühüm hadisə baş vermir
"Yeni Media Jurnalistləri" İB-nin sədri, Strateq.az saytının redaktoru Xaqani Səfəroğlunun dediyinə görə, onlayn rejimdə çalışan informasiya agentlikləri mümkün qədər ölkənin ictimai-siyasi-iqtisadi mühitini əhatə edən xəbərləri yaymağa çalışırlar. Lakin xəbər resurslarında xarici xəbərlərin çəkisinin çoxluğu hiss olunandır. Bunun obyektiv səbəbləri də var:
"İlk olaraq deyim ki, ölkəmiz böyük deyil və burada hər gün nəsə mühüm hadisə baş vermir. Xəbər saytları isə müəyyən vaxt dövriyyəsi ilə lenti yeniləməyə məcburdurlar. Onlayn KİV-in bir fərqli cəhəti odur ki, orada yalnız ən diqqəti çəkən maraqlı məlumatları yaymalısan. İkincisi, oxucu gətirən xəbərlərə üstünlük verən saytlar bunun üçün əcnəbi KİV-lərin maraqlı məlumatlarından istifadə etməli olurlar".
X.Səfəroğlunun sözlərinə görə, burada bir mühüm detal isə saytlarda işləyən jurnalistlərin sayının azlığıdır: "Bir çox saytlarda məhdud sayda adamlar çalışır. Bu saytlar bir əməkdaş, bir-iki tərcüməçi saxlayır. Yəni belə internet saytların gündəlik 40-50 daxili xəbər hazırlamaq və tapması üçün peşəkar kollektivi yoxdur. Maliyyə vəziyyəti xəbərin çeşidli olmasında çox vacib faktordur. Amma bütün hallarda xarici tərcümələrin olması normaldır. Sadəcə onu daxili xəbərlərlə düzgün porporsiya ilə təqdim edəndə, bu, daha yaxşı təsir bağışlayır".
Şəymən