"Azərbaycan fövqəladə vəziyyətdən uğurla çıxa bildi" - Aydın Mirzəzadə





"Prezident İlham Əliyev ölkədə, cəmiyyətdə gedən proseslər barədə kifayət qədər məlumatlıdır”.

Bunu "Sherg.az”a Mingəçevir İES-də baş verən qəzanın nəticələrinin aradan qaldırılması məqsədilə keçirilən müşavirənin cəmiyyətdə yaratdığı təəssüratdan danışarkən millət vəkili Aydın Mirzəzadə söyləyib. 

Deputat qeyd edib ki, ölkə başçısının həyata keçirdiyi siyasət ölkəmizin inkişafını təmir edir və bundan sonra da dövlətin ayaq üstə durmasına kömək olacaq:

"Bu siyasət nəticəsində Azərbaycan yaranmış fövqəladə vəziyyətdən, enerji böhranından uğurla çıxa bildi. Cəmiyyət bu il aprelin 11-də keçirilən prezident seçkilərində prezident İlham Əliyevə bir daha etimad göstərdi. Hazırkı hadisə zamanı isə vətəndaşlar həmrəylik nümayiş etdirərək, bu sınaqdan şərəflə çıxdılar. Ona görə, Prezident İlham Əliyev də bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkür ünvanladı.

Heç bir ölkə heç problemlərdən, fəlakətdən sığortalı deyil. Əsas məsələ həmin vaxt dövlətin və vətəndaşların özünü necə aparmasıdır. Ölkə başçısı müşavirədə səsləndirdiyi fikirlərində tam haqlıdır. Əminliklə deyə bilərik ki, Prezidentin tələbləri mütləq yerinə yetiriləcək”.

Aysel Aslan