Azərbaycan ictimaiyyəti həmsədrlərdən narazıdır

Diploiatlar “DQR” rəhbərliyi ilə görüşdə separatçıların bayrağına niyə etiraz etmirlər?
Həmsədrlər Xankəndinə gedib, orada separatçıların liderləri ilə görüşürlərsə, onda mütəmadi olaraq Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə də görüşlər keçirməlidirlər


Dünən ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andriyo (Fransa) ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin müşayiəti ilə Qarabağa səfər edib. Məlumata görə, həmsədrlər qondarma Qarabağ rejiminin rəhbəri Bako Saakyanla görüş keçirib.

Görüşdə diqqət çəkən məqam odur ki, otağın kənarında "Dağlıq Qarabağ respublikasının” bayrağı asılıb. Bu hər zaman haqlı olaraq Azərbaycan ictimaiyyətində narazılıq yaradır. Sual olunur, axı tanınmamış bir "respublikanın bayrağına” həmsədrlər niyə etiraz etmirlər?

Sualımızı cavablandıran "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, 20 ildən artıqdır ki, həmsədrlər Bakı, İrəvan və Xankəndi arasında qalıb: "Yenə Bakı və İrəvan anlaşılandır. Çünki rəsmi dövlətlərdir. Amma onlar Xankəndinə gedirlər. Separatçıların liderləri ilə separatçıların bayraqları altında görüş keçirirlər. İllər ötdükcə, hamı görüntüyə alışır. Biz də bu alışqanlığa öyrənmək istəmirik. Ərazilərimizin azad olunmasını istəyirik. Həmsədrlər Xankəndinə gedib, orada separatçıların liderləri ilə görüşürlərsə, onda mütəmadi olaraq Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə də görüşlər keçirməlidirlər. Düzdü, ara-sıra bu görüşlər olur. Amma bunu sistem halına gətirmək lazımdır. Onlar Dağlıq Qarabağda qondarma rejimin bayrağı altında görüşürlərsə, qoy, Bakıda da Azərbaycan bayrağı altında görüşlər keçirsinlər və bu görüntülər də dünyaya yayılsın. Onsuz da Minsk Qrupu separatçılara heç bir təzyiq göstərmir. Bir dəfə də olsun separatçılara sual veriblərmi ki, yaxşı, Qarabağı anladıq, bəs ətraf rayonları niyə işğal altında saxlayırsınız? Bir yandan danışılır ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır. Bunu həmsədrlər də dilə gətirirlər. Məsələn, Ceyms Uorlik Bakıdakı mətbuat konfransında bunu söylədi. Amma dərhal Ermənistandan açıqlama gəldi ki, biz torpaq boşaldan deyilik. Minsk Qrupu bu məsələlərə aydınlıq gətirməlidir. Yoxsa Bakıda gəlib, "torpaqlar boşaldılmalıdır, ancaq bilirsiniz, status məsələsi paralel müzakirə olunmalıdır” kimi cümlələrlə çıxış etmələri əleyhimizə verilən mesajdır. Həmsədrlər niyə separatçılara anlatmır ki, münaqişənin sülh yolu ilə həlli Qarabağ ətrafındakı rayonların qaytarılmasından, azərbaycanlıların geri dönüb burada ermənilərlə birgə yaşamasından keçir. Qısası, bu səfərlər və Qarabağ bayrağı altında yayılan şəkillər bizim əleyhimizə işləyir”.

Ayyət Əhməd