Azərbaycan illərdir Ermənistanın təcavüzkar siyasətindən əziyyət çəkir

Prezident Forumda çox düzgün şəkildə münaqişənin həllindəki beynəlxalq yanaşmaya diqqət çəkib




"Əfsuslar olsun, hələ də beynəlxalq mexanizm işlənilməyib ki, təcavüzkarı beynəlxalq qurum tərəfindən qəbul edilmiş qətnamələrin icrasına məcbur etsin”. Bunu Prezident İlham Əliyev "Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, biz humanitar əməkdaşlığa çox böyük əhəmiyyət veririk. Bu məsələlər dost ölkələrlə həm ikitərəfli formatda, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində daim gündəlikdədir. Ancaq biz özümüz böyük humanitar fəlakətlə üzləşmişik. Bir həftə bundan əvvəl - oktyabrın 18-də biz Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünü qeyd etmişik. Cəmi 27 ildir ki, Azərbaycan müstəqil dövlət kimi yaşayır və müstəqilliymizin ilk günləri, ilk illəri çox ağır və faciəvi idi. 

Həm siyasi böhran, daxili çəkişmələr, vətəndaş müharibəsi, iqtisadi tənəzzül, kütləvi itaətsizlik, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti böyük fəlakətə, bəlalara gətirib çıxardı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır, xalqımıza qarşı Ermənistan tərəfindən etnik təmizləmə siyasəti aparılıb. 1 milyondan çox azərbaycanlı öz doğma torpağında köçkün vəziyyətinə düşüb. Bütün aparıcı beynəlxalq təşkilatlar bu münaqişə ilə bağlı qərar və qətnamələr qəbul ediblər. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Qətnamələrin qəbul olunmasından 25 il keçir. Ancaq Ermənistan bu qətnamələri icra etmir”. Prezident vurğulayıb ki, Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, Azərbaycanın ayrılmaz hissəsidir: "Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Bizim tarixi abidələrimiz, şəhərlərin, kəndlərin toponimləri bu torpaqların Azərbaycan xalqına məxsus olduğunu sübut edir. Əfsuslar olsun ki, təcavüzkar dövlət işğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimizi də dağıdıb, məhv edib. İşğal edilmiş torpaqlarımıza iki dəfə ezam olunmuş ATƏT-in faktaraşdırıcı və müşahidə missiyası öz məruzələrində bu barədə məlumat verib. Bizim məscidlərimiz, qəbirlərimiz dağıdılıb, muzeylərimiz talan edilib və işğal olunmuş torpaqlarda mədəni soyqırım törədilib. 1992-ci ildə isə ermənilər Xocalı soyqırımını törədiblər. Xocalı faciəsi dünyanın 10-dan çox ölkəsi tərəfindən rəsmi olaraq soyqırım kimi tanınıb. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Azərbaycan heç vaxt işğalla barışmayacaq, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bunu tarixi ədalət və beynəlxalq hüquq tələb edir”.

Dövlət başçısının Forumda çıxışı zamanı gündəmə gətirdiyi məqamları şərh edən siyasi elmlər doktoru Zaur Məmmədov bildirib ki, cənab Prezident çox düzgün şəkildə münaqişənin həllindəki beynəlxalq yanaşmaya diqqət çəkib: 

"Azərbaycan illərdir Ermənistanın təcavüzkar siyasətindən əziyyət çəkir. Bütün konfranslarda, forumlarda, tədbirlərdə bunu dilə gətiririk. Ölkəmiz sülhpərvər olduğunu, qonşuları ilə normal münasibətlər qurduğunu vurğulayır. Ancaq təəssüflər olsun ki, dünya ictimaiyyəti hələ də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikili standartlardan çıxış edir. Əslində burada çözülməsi mürəkkəb olan problem yoxdur. Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal ediblər və 1 milyon insanımızı doğma yurdlarından didərgin salıblar. 

Bununla kifayətlənməyən işğalçılar Dağlıq Qarabağda birtərəfli qaydada qanunsuz referendum keçiriblər. Düşmən ölkənin bu hərəkətləri beynəlxalq hüquqa qarşı da cinayətdir. Ona görə də işğalçı Ermənistanla bağlı qəbul olunmuş beynəlxalq qətnamələr bir an öncə icra edilməlidir. Əgər dünyada xaosun davam etməsində maraqlı olan qüvvələr öz siyasətlərini davam etdirəcəksə, dünyanın hegemon ölkələri məsələyə obyektiv qiymət verməyəcəksə, Azərbaycan sülh çağırışlarından yorulacaq. O zaman münaqişənin həllinə nail olmaq üçün digər variantlardan istifadə etməyə məcbur qalacağıq”.

İsmayıl