Azərbaycan mediasının problemləri çoxdur

Aqşin Yenisey: “Jurnalist məcburdur ki, 5-3 manat üçün tələb olunanı yazsın”İlqar Altay: “Kriminal hadisələrin aşırı işıqlandırılmasına görə, mətbuatı ittiham etmək yox, əksinə, onun rolunu müsbət dəyərləndirmək lazımdır”
Azərbaycanda daima demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən biri olub. Milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib.
Hər bir mətbuat orqanı ictimaiyyətin gözləntilərini hansı səviyyədə yerinə yetirdikləri ətrafında daim düşünməli, özü qarşısında bir hesabat verməlidir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Bu üç amilin vəhdətliyi fonunda daha dolğun, ölkənin bu günü və gələcəyi üçün daha önəmli məsələlərin müzakirəsinə və həllinə xidmət edən yazılar ortaya çıxar. Amma çox təəssüflər olsun ki, bu prinsipləri fəaliyyətlərində arxa plana keçirən mətbuat orqanları da var. Bəlkə də elə bu səbəbdən ölkə mətbuatının bugünkü durumu heç də qənaətbəxş hesab olunmur. Xüsusən də, reklam bazarının olmaması, oxucuların yazılı mətbuata bir o qədər də maraq göstərməməsi, qəzetlərin faktiki olaraq kimlərinsə maliyyə dəstəyi müqabilində nəşri yazılı mətbuatın ağır durumunu şərtləndirən əsas faktorlardandır. Mətbuatda yaşanan bu problemləri ölkəni ictimai-siyasi xadimləri, yazarları da təsdiqləyir.
... Əvvəli ötən sayımızda
Hər gün mətbuatı izlədiyini deyən gənc yazar Aqşin Yenisey Azərbaycan mediasının bugünkü durumunun onu qane etmədiyini deyib: "Qane edir desəm, yalan olar. Bu sahədə problemlərimiz çoxdur. Azərbaycan oxucusuna yazı oxutdurmaq üçün mütləq yazının başlığına ya kriminal, ya da seksual bir başlıq çıxarmalısan. Çox az sayda oxucu tapmaq olar ki, ciddi, sosial problemləri əhatə edən sanballı bir yazını oxumağa öz vaxtını sərf etsin.
Ciddi yazını 50-100 oxucu oxuyursa, "avara” bir yazını 3 mindən artıq adam oxuyur. Nədənsə, Azərbaycan oxucusu intim mövzulara daha çox üstünlük verir. Ola bilər ki, uzun müddət qapalı cəmiyyətdə yaşamışıq deyə, oxucularımız bu cür mövzulara "ac” qalıb. Amma bu ehtimalı o qədər çox hesab etmirəm. Çünki Azərbaycan oxucusu 20 ildən artıqdır ki, müstəqil oxucudur. Bu illər ərzində Azərbaycan oxucusu intim mövzulara olan tələbatını ödəyə bilməyibsə, bu artıq onun mənəvi problemidir. Müşahidələrimə əsasən deyə bilərəm ki, əksər oxucular saytları açan kimi bu cür mövzuların axtarışına çıxır. Odur ki, mətbuatımızda olan bütün problemlər cəmiyyətdən qaynaqlanır. Ona görə də, yazarlar, araşdırmaçı jurnalistlər daha çox intim mövzulara üstünlük verirlər. Hətta yazını oxucu oxusun deyə, sosial mövzuda yazılan yazıların belə başlığını o cür qoyurlar. Əks təqdirdə mümkün deyil. Bizim oxucular ciddi, maarifləndirmə xarakterli yazı üçün bir saniyə belə vaxt itirmək istəmir. Az qala yol hərəkət qaydalarını əhaliyə aşılamaq üçün həmin yazının başlığına ya intim ad çıxarırlar, ya da "lüt” qız şəkli qoyurlar ki, oxucular xəbəri oxuyub, problemdən xəbərdar olsunlar.
Qardaş, sənin ciddi yazıların mənə lazım deyil...
Gənc yazarın sözlərinə görə, mətbuatdakı mövcud çatışmazlıqlar jurnalistlərin yox, oxucuların problemidir. Bütün bunları Azərbaycan oxucusunun mənəvi çəkisinin az olması əlaqələndirən Yenisey bildirib ki, çox nadir oxucular var ki, mətbuatda ciddi yazı axtarır:
- Hətta bəzən yazılarımın arxasında şərhlər gəlir ki, "siz qonorar xatirinə belə yazılar yazmayın da. Biz axı sizdən ciddi yazılar gözləyirik”. Bəs mən yazıq nə edim? Axı mən də dolanmalıyam. Sayt rəhbərliyinin tələb etdiyi mövzuda yazı yazmalıyam ki, sonda beş-üç manat qonorar ala bilim. Media rəhbərləri də ki, reytinq üçün intim, "bozbaş” tipdə yazılara üstünlük verirlər. Bir az ciddi mövzuya toxunan kimi xəbərdarlıq gəlir ki, qardaş, sənin ciddi yazıların mənə lazım deyil...
Aşığın sözü qurtaranda "nanay-nanay” deyir
Azərbaycan mətbuatında oxucuların qütbləşməsinin zəruri olduğunu vurğulayan şair hesab edir ki, hər hansı bir yazar, jurnalist öz yazılarını kimə ünvanlayacağını bilməlidir.
Azərbaycanda jurnalistlərin, yazarların maddi durumunun çox aşağı olduğunu qeyd edən yazarın sözlərinə görə, bir adam gündə 3-4 mövzunu, həftədə 20 dənə köşə yazısını işləyə bilməz. Peşəkarlıq baxımından bu, qeyri-mümkündür: "Amma qonorar almaq xatirinə biz az qala mümkün olmayan bir şeyi edirik. Ayda 200-250 manat almaqdan ötrü məcburam ki, ağlıma gələni yazıb, redaksiyaya təqdim edim. Bu da ki, artıq mətbuat deyil, qara bazardır. Sözün bitdiyi yerdir. Necə ki, aşığın sözü qurtaranda "nanay-nanay” deyir. Jurnalistin də sözü qurtaranda, ağlına gələni yazır. Bu da ki, yaradıcılıq sayılmır”. Yeniseyin sözlərinə görə, mətbuatı pis günə qoyan elə media kapitanlarının özləridir: "Ulduz” yazılar tapşırmaqla, onlar peşəkarlığa kölgə salırlar. Jurnalist yazıq da məcburdur ki, 5-3 manat üçün tələb olunanı yazsın. Əgər jurnalistlərin maddi durumu düzəlsə, problemlər də aradan qalxar. Əgər bir köşə yazısına 100 manat qonorar yazılsa, ayda cəmi bir yazı yazaram. Ancaq yazı da yazı olar da! Daha indiki kimi "bozbaş” olmaz. Oxucu da and içəndə deyər ki, dünən filankəsin bir yaxşı yazısını oxudum”.
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altayın fikrincə isə digər sferalara nisbətdə Azərbaycan mətbuatı heç də geri qalmır. Hətta bəzi sahələrdən irəlidədir: "Öz obyektivlik, operativlik və məsuliyyətinə, ictimai-siyasi proseslərə təsir imkanlarına, cəmiyyətlə dövlət arasındakı əlaqələri tənzimləmək funksiyasına görə, Azərbaycan mətbuatının xüsusi çəkisi var. Göstəriciləri və yayımı baxımından da qənaətbəxş hesab etmək olar. Sadəcə olaraq, Azərbaycan mətbuatı ölkədə baş verən hadisələrə həssas və dəqiq yanaşma baxımından bir az ciddiliyə fikir verməlidir. Sensasiya xatirinə tələskənlik edib, şouya qaçmamalıdır. Oxucuların diqqətini öz məhsuldarlığı, proseslərə fərqli yanaşması ilə cəlb etməlidir. Şou arxasınca qaçıb, oxuculara yalan, həqiqəti əks etdirməyən məlumatlar sırıyan bəzi elektron portalları çıxmaqla bütünlükdə ölkə mediasının durumunda xoşagəlmiyən heç nə görmürəm”.
Bir kriminalist olaraq, ölkə mediasında yayımlanan kriminal xəbərlərə toxunan və bəzi hallarda bu cür xəbərlərə görə mətbuatın ittiham olunmasına münasibət bildirən İ.Altay deyib ki, ölkədə baş verən kriminal hadisələrin artmasını mətbuatın bu cür informasiyalara üstünlük verməsi ilə əlaqələndirmək absurddur: "Qətllərin, təcavüzlərin, ailədaxili münaqişələrin artması təkcə Azərbaycanın problemi deyil. Bu hadisələr bütün dünyanı bürüyüb. Sözün açığı, postsovet məkanı fonunda Azərbaycanda kriminal durumun nəzarətdə saxlanılması müsbət səviyyədədir. Bu da bizim hüquq-mühafizə orqanlarının aktiv fəaliyyətinin nəticəsidir. Tez-tez xarici ölkələrdə olduğum üçün ölkəmizi kənardan müşahidə etmək daha rahatdır. Deyə bilərəm ki, bizdə baş verən kriminal hadisələr heç də həyəcan təbili çalınacaq səviyyədə deyil. Təbii ki, bizim üçün bu gün baş verən hansısa cinayət hadisəsi təhlükəli tendensiyalardan xəbər verə bilər. Amma Rusiya, Ukrayna, Ermənistanla müqayisədə Azərbaycanda kriminogen durum xeyli dərəcə sabit vəziyyətdədir. Baş verən qətlləri, təcavüzləri mətbuat işıqlandırdığı zaman bəziləri üçün bu anormal hal sayılır ki, məsələ bilərəkdən qabardılır. Halbuki bu cür məsələlər elə qabardılmalıdır. KİV 4-cü hakimiyyət olaraq, ölkədə baş verən xoşagəlməz hadisələrin qarşısını almaq, əhalini maarifləndirmək üçün öz imkanlarından istifadə etməlidir. Bir növ bu, ictimaiyyətdə rahatlıq yaradır ki, filan hadisənin üstü açıldı, cəmiyyətə yetərli məlumatlar ötürüldü”.
İ.Altay deyib ki, kriminal hadisələrin aşırı işıqlandırılmasına görə, mətbuatı ittiham etmək yox, əksinə, onun rolunu müsbət dəyərləndirmək lazımdır: " Uzun illər sovet dövründə yaşamışıq. Həmin dövrün adamları çox gözəl bilir ki, o zamanlar baş verən qətllərin, təcavüzlərin əksəriyyəti qeydiyyata alınmır, üstü açılmırdı. O dövrdə kriminalist çalışdığım üçün yaxşı yadımdadır ki, polis rəisləri bomjların, kimsəsizlərin zorakı ölümünü ürək çatışmazlığından və ya digər xəstəlikdən ölmüş kimi qeydə alırdılar. Onlar təmsil etdikləri rayonun adına ləkə gəlməsin, statistikada baş verən cinayətlər öz əksini tapmasın deyə bu cür yollara əl atırdılar. Həmin dövrdə mətbuat azad olmadığı üçün rayonun üzərinə açılmamış cinayət qalmırdı. Amma indi biz müstəqil dövlətdə yaşayırıq, müstəqil mediamız var. Mətbuat istintaqın işinə mane olmamaq şərtilə istənilən məlumatı yaya bilər. Məhz baş verən cinayətlərin mətbuatda işıqlandırılması və xalqa çatdırılması birbaşa Azərbaycanda söz, mətbuat azadlığının bariz nümunəsidir”.
(... Davamı olacaq)
Şəymən