Azərbaycan multikulturalizm diyarı üçün əlverişli məkandır

“Biz bir körpü kimi Şərqi də, Qərbi də özümüzdə birləşdirmək iqtidarındayıq”



2016-nın "Multikulturalizm ili” elan olunması ölkədəki reallıqdan qaynaqlanır. Ekspertlər də xatırladır ki, Azərbaycanda bütün xalqlar, müxtəlif dinlərin nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayıblar. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun sözlərinə görə, 2016-cı ilin "Multikulturalizm ili” elan edilməsi dünyaya mesajdır:

"Bu gün dünyanın bir nömrəli problemi məhz tolerantlığın, qarşılıqlı hörmətin, mədəniyyətlərarası dialoqun olmamasıdır. Avropada, Yaxın Şərqdə gedən proseslər onu göstərir ki, dünya sivilizasiyasının bünövrəsini təşkil edən, millətlərarası münasibətlərə çox ciddi təsir göstərən qarşılıqlı hörmət anlayışı, tolerantlıq anlayışı aradan götürülüb. Nəinki aradan götürülüb, hətta bir alət kimi istifadə olunur ki, milləti millətə qarşı qaldırsınlar və hansısa

problemlər yaratsınlar. Bu nöqteyi-nəzərdən cənab Prezidentin 2016-cı ili "Multikulturalizm ili” elan etməsi bu proseslərə bir cavabdır. Qoy gəlsinlər və baxsınlar ki, Azərbaycan Parlamentində bütün milli azlıqlar təmsil olunur, Azərbaycanda sünni-şiə problemi yoxdur. Azərbaycanda qarşılıqlı hörmət anlayışı əsasında fəaliyyət göstərən və yaşayan millətlər, insanlar mövcuddur. Mən problemi, sözün əsl mənasında, Qərbin öz içərisində elan etdiyi dəyərlərin "korroziyaya uğraması”nda görürəm”. Millət vəkili bildirib ki, Azərbaycanda olan dəyərlər Qərb üçün də, Şərq üçün də vacib və çox əhəmiyyətli nümunədir: "Bu yaxınlarda İran və Səudiyyə Ərəbistanı arasındakı problemi gördük. Bu məsələdə də Azərbaycanın həm İran, həm də Səudiyyə Ərəbistanı ilə müsbət münasibətləri bu problemin aradan qaldırılması üçün çox böyük töhfə vermək imkanına malikdir. Ona görə də Azərbaycanda "Multikulturalizm ili”nin elan olunması, birincisi, dünyaya bir mesajdır, ikincisi, Azərbaycanda insanların, millətlərin, konfessiyaların birgə yaşaması üçün ən əsas düsturdur, üçüncüsü isə Azərbaycanın bu regionda rolunu müəyyən edən bir faktordur. Yəni biz bir körpü kimi Şərqi də, Qərbi də özümüzdə birləşdirmək iqtidarındayıq. Biz bu gün bağlayıcı, inkişaf etdirici bir amilə çevrilmişik”.

Milli Məclisin deputatı Kamilə Əliyeva da bəyan edib ki, Azərbaycan tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət sahələrində qlobal əməkdaşlıq üçün əlverişli məkandır: "2016-cı ilin "Multikulturalizm ili” elan olunması tarixi əhəmiyyətə malikdir. Ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi təsadüfi xarakter daşımır. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib, Azərbaycan əsl tolerantlıq və inkişaf məkanıdır”. K.Əliyevanın dediyinə görə, hazırda dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşmasının nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. Millət vəkili bildirib ki, islamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə, insan haqlarının pozulması halları artır, sosial sabitlik pozulur. K.Əliyevanın bildirdiyinə görə, Azərbaycanda əsrlərdən gələn multikulturalizm, dözümlülük və qarşılıqlı hörmət mühitində sabitlik, təhlükəsizlik, insan haqlarının müdafiəsi təmin edilib: "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında ölkə Prezidentinin 2014-cü il mayın 15-də imzaladığı Fərman ölkəmizin multikulturalizm dəyərlərinin və təcrübəsinin dünyada təbliği istiqamətində atılan mühüm addımdır. Bütün bunlar digər ölkələr üçün də nümunə ola bilər”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat katibi Yadigar Məmmədli deyib ki, Azərbaycan bu mövzuda hər zaman başqalarından bir addım öndə olub: "Bilirsiniz ki, qurumumuz Prezidentin fərmanı ilə 2014-cü il mayın 15-də yaradılıb. Hazırda Prezident tərəfindən davam etdirilən bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Yəni bu siyasətin əsası 90-cı illərin əvvəllərinə gedir. Ümummilli lider o zaman Azərbaycanın başı üzərini qara buludlar alanda, dövlətçiliyimiz təhlükə altına düşəndə azərbaycançılıq ideyasını dövlət siyasətinə gətirdi. Ümumiyyətlə, Azərbaycanda olan bu ortam, etnik qrupların, müxtəlif xalqların nümayəndələrinin və dini icmaların birgə sülh şəraitində yaşaması dünya çapında fenomen hadisədir. Məlumdur ki, dünyanın bəzi ölkələrində bu cür problemlər hələ də qalmaqdadır. Amma Azərbaycanda belə hallar müşahidə olunmur”. Y.Məmmədli onu da nəzərə çatdırıb ki, yaranmalarından az vaxt keçməsinə baxmayaraq, müəyyən nailiyyətlər əldə edə biliblər: "Ən yadda qalan layihələrimizdən biri beynəlxalq yay məktəbinin təşkil olunması idi. Layihəyə "Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu yerli və xarici universitetlərdə təhsil alan tələbələr, həmçinin nüfuzlu elm adamları qatılmışdı. Sevindirici haldır ki, xarici tələbələrdə buradakı vəziyyətlə tanışlıqdan sonra Azərbaycana qarşı sevgi yarandı. Bu layihədən sonra qış məktəbinin təşkil olunmasına zərurət hiss etdik. Qeyd edim ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi qarşısına qoyduğu işləri onsuz da görürdü, amma prezidentin bu qərarından sonra yəqin ki, mərkəzin səlahiyyətləri genişlənəcək, üzərimizə daha böyük məsuliyyət düşəcək. Şübhəsiz ki, planlarımızda, fəaliyyətimizdə əlavə və dəyişikliklər edəcəyik”. AŞ PA-nın alt komitəsinin sədri, millət vəkili Sahibə Qafarova da bildirib ki, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan belə formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir: "Azərbaycan mədəniyyətlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkədir. Bakı və Azərbaycan artıq dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük mərkəzlərindən birinə çevrilib. Beynəlxalq ictimaiyyət də bunu qəbul edir, dəstəkləyir. Bir çox nüfuzlu mədəniyyət və idman müsabiqələrinin, tədbirlərin respublikamızda keçirilməsi bu fikri təsdiqləməklə yanaşı, həm də ölkəmizin inkişafından, dünyaya açıq olmasından xəbər verir. Bütün bunların məntiqi nəticəsi kimi, Azərbaycan dünya sivilizasiyalarının qovuşmasının və multikulturalizmin nəzərə çarpan nümunəsi kimi dünyada tanınır”.

İsmayıl