“Azərbaycan - multikulturalizm məkanı: BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə nə vəd edir?”





Tarixən Azərbaycanda yalnız islam deyil, eyni zamanda digər dinlərin və xalqların nümayəndələri də bizimlə birgə yaşayıb. Heç bir məhdudiyyət olmadan öz dini və milli inanclarını icra ediblər. Müxtəlif dövrlərdə ölkəmizdə qeyri-islam dinindən olan insanlar üçün də ibadət yerləri, kilsələr, sinaqoqlar fəaliyyət göstərib və hazırda da onlar öz fəaliyyətlərini davam etdirirlər. Heç kimə sirr deyil ki, Azərbaycanda dini konfessiyalar arasındakı münasibətlərin kökündə bir-birinin dini inancı və mənəvi dəyərlərinə dərin hörmət dayanır.

Dövlətin konfessiyalara yanaşmasında da bərabərlik prinsipi mütləq mənada qorunur. Ona görə də, ölkəmizdə yaşayan müxtəlif dinlərin və millətlərin nümayəndələri heç zaman dözümsüzlük və ya hansısa fobiyalarla üzləşməyiblər. Ksenofobiyaya əks mövqedə dayanan tolerantlıq və multikulturalizm Azərbaycanda əsrlərlə mövcud olub. Dünya anlamalıdır ki, tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur.

Multikulturalizm dövlət siyasəti səviyyəsinə yüksəlib

Multikulturalizm nədir? Bu anlayış eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasətdir. İndiki məqamda multikulturalizm Azərbaycanda dövlət siyasəti səviyyəsinə yüksəlib və dünya dövlətləri Azərbaycanın bu siyasətini dəstəkləyir, təqdir edir. Bu, sadəcə görüntü deyil, xalqımızın tarixən formalaşdırdığı, dərin siyasi məntiqə söykənən siyasətdir. Çünki biz azərbaycanlılar gözümüzü dünyaya açandan ətrafımızda digər millətlərin nümayəndələrini görmüşük və onlara öz doğmalarımız kimi yanaşmışıq. Bunu bizə daha çox multikultural mədəniyyətimiz təlqin edib. Məhz buna görə də, Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi də dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir. O da məlumdur ki, Azərbaycanda multikulturalizm siyasəti hələ ulu öndər Heydər Əliyevin dövründən bu yana yeridilməyə başlayıb. Prezident İlham Əliyev isə multikulturalizmi rəsmi dövlət siyasəti səviyyəsinə qaldırdı, sistematik fəaliyyətini təmin etdi. Bu məqsədlə ötən illərdə ölkə başçısı məhz multikulturalizm siyasətinin qurulması üçün Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmasına dair göstərişlər verdi.

Multikulturalizm cəmiyyətimizin birgə yaşayışıdır

Millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu da bildirib ki, Azərbaycanda multikulturalizm həyat tərzidir, cəmiyyətimizin sosial-mədəni münasibətlər sisteminin daxili təbii tələbatının aparıcı komponentlərindən biridir. Onun sözlərinə görə, bu keyfiyyət multikulturalizmi cəmiyyətimizin birgəyaşayış ənənəsi kimi müəyyən edir: "Multikultural dəyərlərin bu səviyyədə mövcud olması bir qədər də bizim tarixi keçmişimizlə əlaqədardır. Siyasi mədəni və siyasi etnik coğrafiya olaraq Azərbaycan həmişə çox komponentli və mozaik daxili mikrostruktura malik olub. Bu cür zəngin mədəni keçmiş isə müasir cəmiyyətimizin əsas multikultural və tolerant keyfiyyətlərini müəyyən edir. Bu isə kütləvi sosial təfəkkürün və sosial fəlsəfənin Azərbaycan modelini yaradır. Multikulturalizmin Azərbaycan modeli hazırda Azərbaycanda dövlət tərəfindən dəstəklənir və qlobal mədəni sistemə milli dəyərlərimizin aparıcı komponentlərindən biri kimi təqdim edilir. Bu, qürurverici bir hadisədir.

Ona görə də Prezident İlham Əliyev 2016-cı ili "Multikulturalizm ili” elan etdi”. Deputat vurğulayıb ki, etnik və dini dəyərlərin toqquşma və qarşıdurma vasitəsinə çevrildiyi bir vaxtda bu, əslində, Prezidentin dünyaya bir mesajı, bir çağırışı kimi başa düşülməlidir: "Hazırda etnik, dini və mədəni, hətta məzhəb fərqliliyinə görə insanlar biri-birlərini öldürürlər. Azərbaycanda isə bu fərqliliklər ölkəmizin milli sərvəti kimi qəbul edilir və birgəyaşayış qaydalarını müəyyən edir. H.Babaoğlu əlavə edib ki, doğrudan da bu məsələdə Şərq və elə Avropanın özü də Azərbaycandan çox şey öyrənə bilər. Ona görə də Azərbaycanın multikultural modeli dünyaya yaxşıca tanıdılmalıdır. Hazırda bu istiqamətdə çox böyük işlər görülür”.

Bütün dinlərin daşıyıcıları dinc şəraitdə yaşayırlar

Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, tolerantlıq Azərbaycan xalqının əsas brendidir və Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili” elan etməsi olduqca məntiqlidir: "Azərbaycan tarixi birgə yaşama, azərbaycanlıların ölkə ərazisində yaşayan digər xalqların nümayəndələrinə, milli azlıqlara, etnik qruplara, müxtəlif dinlərin nümayəndələrinə qarşı tolerant münasibətinin parlaq nümunələri ilə doludur. Hazırda bütün bunlar daha mükəmməl xarakter daşıyır. Azərbaycanda bütün dinlərin nümayəndələri tamamilə dinc şəraitdə yaşayırlar. Ən əsası, onlara qarşı dözümlü, tolerant, anlayışla yanaşırlar və Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili” elan etməsi faktı bunu izah edir. Cari il Azərbaycanda nüfuzlu tədbirlərin, o cümlədən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsinin planlaşdırılması faktı ondan xəbər verir ki, ölkəmiz mədəniyyətlərarası, sivilizasiyalararası dialoqa və multikulturalizmə öz töhfəsini verəcək”.

Tolerantlıq yüksək səviyyədədir

"Azərbaycanda birgəyaşayış və multikulturalizm” kitabının müəllifi, "Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev də deyib ki, "2016-cı ilin "Multikulturalizm ili” elan olunması gözlənilən idi: "Hələ 2008-ci ilin dekabrından başlayaraq "Bakı prosesi” elan olundu və Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransında cənab Prezident bir neçə təkliflə çıxış etdi. Onlardan biri də "Bakı prosesi”nin əsasının qoyulması və bu təşəbbüsün qlobal prosesə çevrilməsi idi. Çox sevindirici haldır ki, 2008-ci ildən başlayaraq Azərbaycan həm çoğrafi, həm tarixi, həm də mədəni əsaslara malik olan multikulturalizmi inkişaf etdirdi. Çünki ölkəmizdə bütün xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşamaqdadırlar, tolerantlıq yüksək səviyyədədir və böyük əksəriyyət multikulturalizmə "hə” deyir. 2008-ci ildə əsası qoyulan "Bakı prosesi” dayanmadı, inkişaf etdirildi. 2009-cu ildə Bakıda İslam Əməkdaşlığı Təşkilatı ölkələrinin mədəniyyət nazirlərinin toplantısı keçirildi. Bu toplantıya Avropa Şurası dövlətlərinin mədəniyyət nazirləri də dəvət edilmişdi. 2011-ci ilin aprelində Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Bu forumun ölkəmizdə keçirilməsi islam, Avropa mədəniyyətlərini özündə ehtiva edən Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ olunmasına köklənmişdi”.

Multikulturalizm həyat devizimizdir

N.Niftiyevin sözlərinə görə, Azərbaycan bu kimi tədbirlərə ev sahibliyi etməklə sübut etdi ki, multikulturalizm həqiqətən də bizim həyat devizimizdir: "Biz bu ənənəni istər dövlət, istər vətəndaş cəmiyyəti çərçivəsində davam etdiririk. Düşünürəm ki, 2016-cı ilin "Multikulturalizm ili” elan olunması çox sevindirici haldır. Sərəncamdan da göründüyü kimi, bu işin həyata keçirilməsinə sırf bu işlə məşğul olan bir çox dövlət təşkilatları cəlb olunub. Bakı Multikulturalizm Mərkəzi bilavasitə bu mədəniyyətin həm ölkə, həm də beynəlxalq aləmə çatdırılmasında böyük rol oynayır. Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda yaşayan xalqların rəqsləri, geyimləri, adət-ənənələri və digər mədəni tədbirlərinin inkişafında mühüm rol oynayır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində məsələnin dini tolerantlıq tərəfdən öyrənilməsinə cəhd göstərilir. Təhsil Nazirliyi Azərbaycanda yaşayan xalqların təhsil məsələlərini özündə əhatə edir. Düşünürəm ki, dövlət qurumlarının bu şəkildə işləməsi ilə 2016-cı ildə Azərbaycanda elan olunan multikulturalizmin istədiyimiz nəticəni verəcəyi təbii ki, şübhəsizdir. Bunlar bir ay müddətində tədbirlər planı hazırlamalıdır. Təklif edirəm ki, tədbirlər planı ictimailəşdirilsin və bu sahədə olan ekspertlər, araşdırmaçılar kimi öz münasibətimizi bildirək”.

Forum sülhsevərliyimizi sübut edəcək

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Nizami Cəfərov qeyd edib ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanın nüfuzlu, tolerant və multikultural ölkə olduğunu bir daha dünyaya sübut edəcək: "Ölkəmizdə baş tutacaq bu tədbirdə dünyanın kifayət qədər görkəmli şəxsiyyətləri iştirak edəcək və maraqlı fikirlər səsləndirəcəklər. Azərbaycan mürəkkəb məsələlərin obyektiv şəkildə müzakirə olunduğu bir məkandır. Azərbaycan yüksək səviyyədə olan intellektini ortaya qoyacaq. Həm də ölkəmiz dünyaya onu nümayiş etdirəcək ki, Azərbaycanda multikulturalizm ənənələri sözdə deyil, əməldə də yaşayır. Bunların hamısını nəzərə alaraq həmin forumun ölkəmizdə keçirilməsini müsbət hesab edirik. Deyim ki, dünyanın müxtəlif yerlərində də bunun rezonansı görünür. Dünyanın çox yerlərində oluruq və şahidi oluruq ki, böyük düşüncə adamları, dünyanın taleyi ilə maraqlanan insanlar belə forumlara xüsusi qiymət verirlər. Bu, Azərbaycanın nüfuzunun beynəlxalq ictimaiyyətə çatdırılması üçün çox önəmlidir. Ölkəmiz sülh, mədəniyyətlərarası əlaqələr və dialoq tərəfdarı olduğunu bir daha dünyaya sübut edəcək. Bir sözlə, belə tədbirlər hərtərəfli mühüm əhəmiyyətə malikdir.

Forum multikulturalizmə öz töhfəsini verəcək

Millət vəkili Fərəc Quliyev deyir ki, istənilən bir tədbirin hər hansı bir ölkədə keçirilməsi həmin dövlətin nüfuzunun göstəricisidir: "Bu baxımdan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun ölkəmizdə keçirilməsi Azərbaycanın əhəmiyyətini göstərən bir məsələdir. Azərbaycan tolerant bir ölkədir, burada həm etnoslararası, həm də dinlərarası münasibətlər normaldır. Artıq Azərbaycan dünya tərəfindən nümunə kimi göstərilir ki, bizdə tam tolerant bir mühit var. Ermənistandan fərqli olaraq bura monoetnik bir ölkə deyil və Azərbaycanda müxtəlif mədəniyyətlər cəmlənib. Ona görə də mədəniyyətlərarası, sivilizasiyalararası, dinlərarası dialoqda da Azərbaycan mühüm rol oynayır”.

Multikultural ölkə olduğumuz dünyaya çatdırılacaq

Millət vəkili bildirib ki, belə mötəbər forumlar Azərbaycan, eləcə də Azərbaycanı işğal edən bir ölkə barədə qiymətin verilməsi üçün əlverişli fürsətdir: "Hesab edirəm ki, bu, əhəmiyyətli bir tədbirdir və Azərbaycanın da bundan ciddi şəkildə faydalanmaq imkanı var. Həmçinin bu kimi forumlar Azərbaycanın təbliğatı, onun dünyada daha yaxından tanıdılması, problemlərinin beynəlxalq aləmə çatdırılması, ölkəmizdə multikulturalizmin mövcud olduğunun dünyaya bəyan edilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir”.

Ayyət Əhməd

Yazı "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.