Azərbaycan regionun sabitliyinə nümunədir
Əgər beynəlxalq birlik bizimlə normal əməkdaşlıq istəyirsə, ilk növbədə onun üzləşdiyi problemin həllinə yardımçı olmalıdır
Dağlıq Qarabağ münaqişəsi və onun həlli hər zaman başlıca prioritetlərdən olub və bu gün də sözügedən məsələ öz aktuallığını saxlayır. Elə bu səbəbdəndir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev keçirdiyi bütün görüşlərdə, çıxışlarında əsas diqqəti məhz bu istiqamətə yönəldir.
Elə ötən gün Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışı zamanı dövlət başçısı Dağlıq Qarabağ probleminə geniş yer ayıraraq, mövcud situasiya barədə həm ölkə ictimaiyyəti, həm də beynəlxalq birliyi bir daha məlumatlandırdı. Dövlət başçısı öz çıxışı ilə bir daha Azərbaycan cəmiyyətində əminlik yaratdı ki, düşmənə layiqincə cavab verməyə layiq güclü ordumuz var.
"Daim diqqət mərkəzində olan sahə ordu quruculuğudur”
Ordu quruculuğu, Silahlı Qüvvələrimizin daha müasir silahlarla təchiz edilməsi istiqamətində tədbirlər davam edir. Baxmayaraq ki, Qərbdə olan bəzi ermənipərəst dairələr Azərbaycan ordusunun güclənməsindən narahatlıq keçirərək ordu quruculuğuna bu qədər diqqət ayrılmasını məqbul hesab etmirlər. Lakin ölkəmiz müharibə şəraitində olduğu üçün belə zəruri tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. Elə Azərbaycan Prezidenti İlham Əliyev də müşavirədə çıxışı zamanı bunu açıq-aşkar vurğulayıb: "Daim diqqət mərkəzində olan sahə ordu quruculuğudur. Biz bu sahəyə daim böyük diqqət göstəririk. Bu da təbiidir. Çünki Azərbaycan müharibə şəraitində yaşayır, müharibə bitməyib və Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Bunu artıq hamı görür, o cümlədən bu məsələ ilə məşğul olan vasitəçilər də”. İlham Əliyev bəyan edib ki, ordu quruculuğu gələn il də prioritet sahə olaraq qalacaq: "Bu sahəyə nə qədər lazımdırsa, vəsait ayrılacaq. İndi yeni texnikanın, silah-sursatın alınması, istehsalı prosesi gedir. Eyni zamanda, hərbi hissələr üçün ən yüksək səviyyədə şəhərciklər, hərbi bazalar tikilir. Təmas xəttinə yaxın olan bölgələrdə yeni infrastruktur yaradılır və bizim döyüş qabiliyyətimiz artır”.
"Azərbaycan ordusu preventiv zərbələrlə düşmənə böyük ziyan vurub”
Prezidentin müşavirədəki çıxışı eyni zamanda işğalçı ölkə rəhbərliyinə bir mesaj idi: "Biz tam üstünlüyü əldə etmişik, düşmənə sarsıdıcı zərbələr vururuq, düşmənin bütün təxribatlarına layiqli cavabımızı veririk. Keçən ay düşmənin növbəti təxribatının qarşısı alındı. Bizə qarşı böyük təxribat hazırlanırdı. Çoxsaylı diversantlar Azərbaycanın mövqelərinə hücum çəkməyə
hazırlaşırdı. Bizim ordumuz o təxribatın qarşısını aldı. Preventiv zərbə vurmaqla düşmənə çox böyük ziyan yetirdi və bir çox işğalçılar məhv edildi. Bu, gün kimi aydın bir məsələdir. Necə ki, keçən ilin noyabrında mövqelərimizə hücum edən helikopter məhv edildi. Bu ilin sentyabr ayında böyük itkilər verdilər, hər dəfə biz onların cəzasını verəcəyik”. Dövlət başçısı bu sözləri ilə Ermənistan Prezidenti Serj Sərkisyanın bir müddət əvvəl daxili auditoriyaya hesablanmış "biz bundan sonra qisas tədbirləri də daxil olmaqla elə addımlar atacağıq ki, düşmən öz davranışının həzm olunduğunu düşünməsin” fikirlərini alt-üst etdi. Sərkisyanın Dağlıq Qarabağın Ermənistan ərazisi olduğu barədə sərsəm açıqlamaları da dövlət rəhbərinin çıxışı zamanı öz layiqli cavabını aldı: "Burada təbii sual yaranır, işğalçılar hansı ərazidə həlak oldular? Ermənistandamı? Xeyr, bizim torpağımızda. İşğal edilmiş torpaqlarda. Sual olunur, onların orada nə işi var? Özü də orada ölənlərin mütləq əksəriyyəti Ermənistan vətəndaşlarıdır, heç Dağlıq Qarabağ sakinləri də deyil. Yəni, Ermənistan ordusu bizim torpaqlarımızda işğalçılıq siyasəti aparır”.
Həqiqətən də erməni diktatoru Sərkisyan hətta Ermənistanın rəsmi mövqeyinə tamamilə zidd olan bəyanatlar verir. O deyir ki, guya, "Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir”. Birincisi, Dağlıq Qarabağ Azərbaycanın tarixi, əzəli torpağıdır və beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın ayrılmaz hissəsidir. Bunu bütün dünya ictimaiyyəti, BMT belə qəbul edir və heç bir ölkə Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi qəbul etmir, müstəqil qurum kimi də qəbul etmir və qəbul etməyəcək.
Azərbaycan regional təhlükəsizlik məsələlərində çox müsbət rol oynayır
İlham Əliyevin müşavirədə çıxışı zamanı səsləndirdiyi fikirlər eyni zamanda dünya birliyi, beynəlxalq ictimaiyyət üçün bir siqnal, xatırlatma idi. Dövlət başçısı bununla dünya birliyini daha ədalətli olmağa, ikili standartlarla çıxış etməməyə çağırırdı. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və vasitəçilər reallığı görmək istəmir və işğalçıya ciddi siqnallar göndərmirlər. Ona görə də düşmən azğınlaşır və Azərbaycana qarşı müxtəlif təxribatlara əl atırlar. Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri əsasında öz həllini tapmalıdır və bu məsələdə də beynəlxalq birlik maraqlı görünməlidir. Necə olur ki, Ukrayna böhranı meydana çıxan zaman Birləşmiş Ştatlar, Qərb dərhal ayağa qalxaraq, Rusiyaya qarşı ciddi sanksiyalara əl atır, lakin 20 ildən artıq davam edən Dağlıq Qarabağ probleminin həlli istiqamətində xırda bir fəallıq nümayiş etdirilmir. Ona görə də Prezident haqlı olaraq deyir ki, ölkəmizin ərazi bütövlüyü heç bir başqa ölkənin ərazi bütövlüyündən əhəmiyyətsiz deyil. İnanırıq ki, məsələ beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq. Çünki Prezidentin qeyd etdiyi kimi Azərbaycan regional təhlükəsizlik məsələlərində çox müsbət rol oynayır. Ölkəmiz regionda sabitləşdirici amildir. Əgər beynəlxalq birlik Azərbaycanla normal əməkdaşlıq etmək istəyirsə, ilk növbədə onun üzləşdiyi problemin həllinə yardımçı olmalıdır. Əks halda regionda uduzan işğalçı Ermənistan və onun maraqlarına xidmət edən müəyyən beynəlxalq güclər olacaq.
"Silahlı Qüvvələrimiz bir neçə gün ərzində Ermənistan ordusunu məhv etməyə qadirdir”
Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Sərkisyan rejimi daxildə özünə qarşı yönəlmiş etirazları səngitmək üçün "Qarabağ kartı”ndan istifadə edir: "Cənab Prezident Nazirlər Kabinetinin iclasında çox düzgün vurğuladı ki, Ermənistanda xunta rejimi hakimiyyət başındadır. Bu rejim ölkəni idarə etməkdə acizdir. Faktiki olaraq Ermənistan bir dövlət kimi məhv olmaq təhlükəsi qarşısındadır. Ermənistan vətəndaşları kütləvi şəkildə başqa ölkələrə mühacirətə üz tuturlar. Öz ölkəsində elementar ehtiyaclarını ödəyə bilmirlər. Ermənistanda siyasi azadlıqlar boğulur, iqtisadi baxımdan isə fəlakətli vəziyyətdə yaşayırlar. Heç şübhəsiz, belə bir vəziyyət Sərkisyan rejimini qabaqlayıcı addımlar atmağa təhrik edir. İqtisadi və siyasi islahatlar apara bilmədiyinə görə diktator rejim erməni ictimaiyyətinin diqqətini əsas məsələdən yayındırmağa çalışır”. Millət vəkili qeyd edib ki, Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlar ölkəmizin ümumi inkişafından xəbər verir: "Azərbaycanın dövlət büdcəsindən orduya ayrılan xərclər Ermənistanın dövlət büdcəsindən çoxdur. Belə olduğu halda Ermənistan ordusu nəinki bizim ordu, ordunun bir hissəsi ilə belə döyüşmək imkanında deyil. Cənab Prezident İlham Əliyev son çıxışı ilə xunta rejimini ifşa etməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birliyə çox ciddi mesajlar verdi”.
İsmayıl