“Azərbaycan Tacikistan üçün Qərbə açılan qapı rolunu oynaya bilər"- ŞƏRH

"Azərbaycanın balanslaşdırılmış siyasi kurs seçməsi və Qərblə Şərq arasında uğurlu manevr imkanları Taciksitan Prezidenti İmomali Raxmon üçün çox cazibədar görünür”.
Bunu Tacikistan prezidentinin Azərbaycana səfəri barədə "sherg.az”a danışarkən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib.
Analitik bəyan edib ki, ABŞ-ın Rusiya və İrana qarşı yeni sanksiyalar tətbiq etməsi Tacikistanı yeni yollar axtarmağa sövq edir:
"Azərbaycan Tacikistan üçün Qərbə açılan qapı rolunu oynaya bilər. Tacikistanın 400 dən artıq "təbii ehtiyatlar mənbəyi”nin olması bu ölkəni öz təbii resusları üçün etibarlı emal və istehlak bazarı seçməyə məcbur edir. Ölkənin cənubunda Kızıl-Tumşuk qaz yataqları, şimalında isə Nefteabad neft yataqlarının istismarı Azərbaycanın diqqətini çəkə bilər. Son illər "SOCAR”ın Azərbaycandan kənarda qazma və neft emalı sahəsində uğurlu çalışmaları olub. Hesab edirəm ki, bu səfər hər iki ölkə üçün yeni imkanlar açacaq. Rusiyanın təklənmə prosesinə artıq start verilib. Heç bir MDB ölkəsi Rusiyaya görə, iqtisadi çətinliklər yaşamaq niyyətində deyil”.
Ekspertin qənaətincə, Tacikistan prezidentinin Azərbaycana səfəri MDB ölkələrinin mərkəzdənqaçma meyilləri ilə bağlıdır:
"Rusiya MDB ölkələrinin "sürüşkən” mövqe tutması səbəbindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) təsis edərək bu respublikaların üzərinə müəyyən öhdəliklər qoydu və onları özünə daha sıx bağlamaq kursunu götürdü. Göründüyü kimi, Ukrayna və Gürcüstan artıq Qərbə inteqrasiyasa yönündə istiqamət götürüb. Özbəkistan isə bir neçə ildir ki, KTMT-nın tədbirlərini baykot edir və sammitlərə qatılmır. Ermənistanda baş verən hadisələr və bu ölkənin də Qərbə meyillənməsi Orta Asiya respublikalarını da hərəkətə gətirib”.
Qeyd edək ki, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon avqustun 9-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Səfər çərçivəsində Azərbaycanla Tacikistan arasında bir sıra mühüm sənədlər imzalanıb. Hər iki ölkə qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını qeyd ediblər.
İsmayıl