Azərbaycan Televiziyasının beynəlxalq nüfuzu artmaqdadır





İlk efirinin 60 illiyinə doğru səmt götürmüş Azərbaycan Televiziyası son illər öz maddi-texniki bazasını tam modernləşdirməklə, istehsal etdiyi proqram və filmlərdə keyfiyyət baxımından əsaslı irəliləyişlərə nail olmaqla yanaşı, həm də beynəlxalq aləmdə də öz nüfuz dairəsini genişləndirir.

Televiziya informasiyasının hədəfi bu gün yalnız Azərbaycan tamaşaçısı, eləcə də yalnız dünya azərbaycanlıları deyil, bütün dünya tamaşaçısıdır. Təsadüfi deyil ki, televiziyanın "Xəbərlər” xidməti üç - Azərbaycan, rus və ingilis dillərində efirə çıxır...

Azərbaycan Televiziyası bu gün Azərbaycan reallıqlarını dünyaya çatdırır, artıq hər kəs bilir ki, Azərbaycan öz inkişaf səviyyəsinə görə - özü də bu inkişaf bütün sahələri əhatə edir - yerləşdiyi regionun lider dövlətidir, inkişaf dinamikasına görə qabaqcıllardan olmaqla dünyanın ən inkişaf etmiş ölkələrinə yaxınlaşır.

Azərbaycan Televiziyası ölkəmizin regional və beynəlxalq layihələrdəki rolu və dəstəyi barədə məlumatları da dünyaya çatdırır. Azərbaycan bu gün dünyada enerji daşıyıcıları ölkəsi kimi tanınır. Neft sektoru ilə yanaşı, ölkəmizin qaz potensialının da investorların diqqətinə çatdırılması istiqamətindəki məlumatlandırma işində Azərbaycan Televiziyası da mühüm rol oynamışdır.

Və heç şübhəsiz ki, ölkəmizin üzləşdiyi Qarabağ problemi ilə bağlı silsilə filmlərin, analitik proqramların və ayrı-ayrı süjetlərin geniş yer aldığı Azərbaycan Televiziyasının daha bir beynəlxalq missiyası Qarabağ həqiqətlərini dünyaya yaymaqdır. Azərbaycan xalqının çoxəsrlik zəngin mədəniyyətinin, milli-mənəvi dəyərlərinin, turizm potensialının beynəlxalq aləmdə təbliği də bu gün televiziya rəhbərliyinin prioritetlərindən hesab olunur.

Azərbaycan Televiziyasında hər 3 saatdan bir xəbər vaxtıdır. İnformasiya Proqramları Studiyası gün ərzində efirə 8 xəbər buraxılışı verir. Bu buraxılışlardan 18:00-da gedəni rus, 02:00-da yayımlananı isə ingilis dillərindədir. Saat 8, 11, 14, 17, 20, 24 buraxılışları isə Azərbaycan dilində efirə çıxır. Ana Xəbər buraxılışı saat 20:00-da efirdə olur. Gün ərzində hansısa fövqəladə hadisə baş verərsə, "Xəbərlər”in əlavə olaraq xüsusi buraxılışı efirə çıxır.

"Xəbərlər”ə Azərbaycan Televiziyasının xaricdə fəaliyyət göstərən 10 müxbir məntəqəsindən də informasiya daxil olur. Bu məntəqələr ABŞ, Qərbi Avropa, Şərqi Avropa, Rusiya, Türkiyə, Orta Asiya, Yaponiya, Çin - Mərkəzi Asiya, Şimali Afrika - Ərəbistan, Gürcüstanı əhatə edir. Bu müxbir məntəqələri sadə və informativ xəbərdaşıyıcı məntəqə deyil, eyni zamanda, Azərbaycan Televiziyasının həmin ölkədəki nümayəndəliyi kimi də fəaliyyət göstərir.

Baş qərargahı Böyük Britaniyanın Oksford şəhərində yerləşən "Europe Business Assembly” təsisatı tərəfindən "Teleradioyayım sahəsində ən yaxşı şirkət” mükafatına və Avropa standartlarına uyğun yüksək keyfiyyət və rəqabət qabiliyyətliliyinə görə "Avropa keyfiyyəti” medalına layiq görülmüş Azərbaycan Televiziyasının artmaqda olan beynəlxalq reputasiyasının daha bir sübutu Bakıda keçirilən "TEFİ sodrujestvo” beynəlxalq televiziya festivalı oldu. Hər il MDB dövlətlərinin uğurlu televiziya layihələrini qiymətləndirən "TEFİ sodrujestvo” təsisçilərinin yekdil rəyi bu oldu ki, Bakı festivalı yüksək təşkilatçılığı ilə əvvəlkilərdən fərqləndi. Azərbaycan Televiziyasının "Heydər Əliyev Fondu - 10 il” filminin laureatlar sırasında yer alması isə televiziya əməkdaşlarının böyük peşəkarlığını ortaya qoydu.

Bu gün Azərbaycan Televiziyası barədə dünyanın dörd bir tərəfindən yalnız xoş sədalar eşitmək mümkündür. Gəlin onlardan bəzilərinə diqqət yetirək:

Svyatoslav Belza, Rusiya Federasiyası, tanınmış sənətşünas:

- Mən dünyanın bir çox ölkələrinin televiziyalarında olmuşam. Ancaq buradakı qədər müasir, gözəl studiyalar heç yerdə görməmişəm. Böyük məmnuniyyətlə burada işləyərdim. Teleakademiyanın yaradılması təcrübə üçün geniş imkanlar yaradılması deməkdir.
İnanıram ki, mədəniyyət proqramları həmişə Azərbaycan Televiziyası efirinin əsas hissəsini təşkil edəcək.

Norbert Yevdayev, ABŞ, AZEM cəmiyyətinin rəhbəri:

- Mən qəzet jurnalistikası ilə məşğul oluram. Azərbaycan Televiziyasını Amerikada təmsil edən insanlarla tanış olduqdan sonra özüm üçün bir sıra yeniliklər kəşf etmişəm. Bizim kimi "kağız sənəti”nə mənsub insanlardan fərqli olaraq həm texniki, həm də yaradıcı cəhətdən balanslaşdırılmış vahid orqanizm kimi çalışırlar. Jurnalistlər, ssenaristlər, rejissorlar, operatorlar və montajçılar öz işlərinin öhdəsindən yüksək səviyyədə gəlirlər. Azərbaycan Televiziyasının Amerika bürosu qısa müddət ərzində bizim də yaxın dostumuza çevrilib və məhz onların işi sayəsində Azərbaycan barədə bilgilər ABŞ tamaşaçısı üçün daha aydın və anlaşıqlı olub.

Əmir Musa, Ərəb Dövlətləri Liqasının Baş katibi:

- İlk dəfədir ki, konfrans zamanı ən böyük dövlətlərin televiziya təmsilçiləri ilə yanaşı, Azərbaycan Televiziyasının təmsilçisi ilə də qarşılaşdım. Əgər Azərbaycan Televiziyası xarici ölkələrdə daimi nümayəndəliklər yaradırsa, ərəb dünyasına belə bir maraq varsa, deməli, dost, qardaş Azərbaycanla qurmağa çalışdığımız münasibətlər bəhrəsini verməyə başlayıb.

Türkan Şoray, Türkiyə, tanınmış aktrisa və rejissor:

Azərbaycan Dövlət Televiziyası Türkiyədə də izlənir. Mən kanalları arayarkən Azərbaycan Televiziyasına rast gəlirəmsə, onu özgə birisinə çevirmirəm və yorulmadan baxmağa davam edirəm. Çünki Azərbaycan şərqilərini çox sevir, gözəl sənətçilərini çox bəyənirəm. Bu telekanalda verilən "Xəbərlər” proqramını çox diqqətlə izləyirəm.

Bayram Fazli, İran, tanınmış kinorejissor:

- Azərbaycan Televiziyasında ilk diqqətimi çəkən məqam efirində əcnəbi kinolara yer verməyi oldu. Burada insanlar Hollivud ulduzlarını çox yaxşı tanıyırlar. Ana dilində əcnəbi filmləri seyr etmək olduqca maraqlıdır. Bu, onu göstərir ki, Azərbaycan Televiziyası dublyaj işinə də, digər verilişlərinə olduğu kimi, məsuliyyətlə yanaşır. Bu, böyük işdir.

Tenqiz Txilava, Gürcüstan, "Art Parallel” televiziyasının direktoru:

- Azərbaycan Televiziyası Cənubi Qafqazın ən iri teleşirkətidir. O, hər zaman öz işinin öhdəsindən uğurla gəlməyi bacarıb. Son illər şirkətin fəaliyyətində ciddi dəyişikliklər baş verib, onun texniki bazası yenilənib. Mən bunu Bakıya səfərim zamanı öz gözlərimlə görmüşəm.
Yenidənqurma və modernləşmə prosesində Azərbaycan Televiziyasında televiziya və radio yayım vasitələrinin maddi-texniki bazası yüksək səviyyəyə çatsa belə, televiziya rəhbərliyi yenə də görülən işlərlə kifayətlənmir. Regionda analoqu olmayan yeni-ultramüasir studiyanın istifadəyə verilməsi beynəlxalq mediada yüksək dəyər almış bir hadisəyə çevrilib. Burada 3 müasir studiya yaradılıb, 800 kvadratmetrlik ən böyük studiya tok-şoular, ictimai-siyasi verilişlər, intellektual oyunlar üçün nəzərdə tutulub. 450 kvadratmetrlik ikinci studiya sırf xəbər və informasiya proqramları üçündür. 290 kvadrat metrlik 3-cü studiya isə "İdman-Azərbaycan” telekanalının ixtiyarına verilib.

Studiyalarda quraşdırılmış bütün avadanlıqlar ən müasir, ən son formatdadır, texniki tərəqqinin ən son nailiyyətlərini özündə ehtiva edən bu kompleksin zahiri görünüşü isə sadəcə göz oxşayır.

Təsadüfi deyil ki, dünya teleməkanında ad çıxarmış televiziya xadimləri bu studiyanın istifadəyə verilməsini teleindustriyanın inkişafında əhəmiyyətli addım hesab edirlər. Bu yaxınlarda Azərbaycan Televiziyasında qonaq olmuş məşhur Yuli Qusmanın sözü ilə desək: "Bu cür studiyalarda işləyənlərə ancaq qibtə eləmək olar”.

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də bu gün Azərbaycan Televiziyası ilə yanaşı, daha iki telekanalın - "Mədəniyyət” və "İdman-Azərbaycan”ın da fəaliyyət göstərməsi, peyk rabitəsi vasitəsi ilə dünya tamaşaçılarına çatdırılması Azərbaycanın televiziya tarixinə yazılası bir uğurdur.

Bu günlərdə ölkəmizə səfər etmiş Şimali Kipr Türk Cümhuriyyəti Lefke Avropa Universiteti nümayəndələri maraqlı açıqlama verdilər. Onlar söylədilər ki, Türkiyədə və Şimali Kiprdəki futbol azarkeşləri üçün sizin "İdman-Azərbaycan” telekanalının fəaliyyətə başlaması əsl bayrama çevrilib. Çünki futbol matçlarını ödənişlə translyasiya edən yerli idman telekanallarından fərqli olaraq "İdman-Azərbaycan” bunu pulsuz edir.
Yeri gəlmişkən, tarixdə ilk dəfə məhz Azərbaycanda keçiriləcək Bakı-2015 Avropa oyunlarının translyasiyası "İdman-Azərbaycan” telekanalının, ümumən Azərbaycan Televiziyasının dünyanın onlarca ölkəsində daha da tanınmasına dəlalət edəcək.
Azərbaycan Televiziyası qarşısına böyük hədəflər qoyub. Və bunların sırasında Azərbaycanımızı dünya miqyasında layiqincə təbliğ etmək başlıca yerlərdən birini tutur.



Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb