“Azərbaycan, Türkiyə, Gürcüstan mini alyans yaradıblar”
Tofiq Abbasov: “Bəzi məqamlar təhlükəsizlik məsələlərini aktual və vacib edir”
Xəbər verdiyimiz kimi, mayın 24-də Batumidə Gürcüstan, Azərbaycan və Türkiyənin müdafiə nazirləri əməkdaşlığın dərinləşdirilməsi, regionda sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində birgə sənəd imzalayıblar. Sənədi günlərdir müzakirə edən Gürcüstan mətbuatı müdafiə nazirlərinin baş qərargahlarının üçlü formatının yaradılması barədə razılıq əldə olunduğunu deyirlər. Deyilənə görə, baş qərargah rəislərinin ilk toplantısı bu ilin payızında Tbilisidə keçiriləcək. İyunda isə Türkiyədə hər üç ölkənin ordu birləşmələrinin hərbi təlimləri baş tutacaq. Daha sonra kompüter təlimlərinə start veriləcək.
Göründüyü kimi, Cənubi Qafqazda ciddi hərbi əməkdaşlığı özündə ehtiva edən "üçlü ittifaq” yaranıb və bu format indidən həm Ermənistanın, həm Rusiya və İranın yuxusuna haram qatmağa başlayıb. "Üçlər” ittifaqında NATO-nun ən güclü orduları sırasında olan Türkiyənin dominantlığı şübhə doğurmur. Sözsüz ki, bu hərbi əməkdaşlıq formatı birbaşa kiməsə qarşı yönəlməyib. Ancaq istənilən halda Azərbaycan-Türkiyə yaxınlaşması Kreml başda olmaqla bir çox mərkəzlərdə narahatlıqla qarşılanır. Rusiya nəşrləri yazır ki, İrəvan üçlük ölkələrinin əlaqələrinin bu səviyyəyə çatmasından ciddi narahatdır. Amma Sarkisyan rejimi Ermənistanın blokadadan çıxmasında son ümidi olan Gürcüstanla əlaqələrini korlamamaq üçün susmağa üstünlük verir. Ermənistan politoloqları isə bu formatın güclənməsini ölkənin sonu kimi qiymətləndirir.
Regionda yaşanan proseslərlə bağlı "Şərq”in suallarını cavablandıran tanınmış siyasi şərhçi Tofiq Abbasov deyib ki, Azərbaycan, Türkiyə və Gürcüstan mini alyans yaradıblar. Ekspertin sözlərinə görə, üç dövlət arasında qarşılıqlı və məhsuldar iş birliyi formalaşmaqdadır...
- Üç ölkə arasında hərtərəfli əməkdaşlığın perspektivi nə qədərdir? Birgə addımlamaq tərəflərə nə vəd edir?
- Əvvəla qeyd edim ki, birgə əməkdaşlığın özünü ən çox büruzə verdiyi sahə enerji daşıyıcıları kommunikasiyasıdır. Son dönəmlər nəqliyyat sahəsi də bura daxil edilib. Hər üç ölkə İqtisadi Əməkdaşlıq Təşkilatının üzvləridir və təşkilatda aparıcı mövqe tuturlar. İqtisadi maraqlarımızın kəsişməsi ilk növbədə bu sahənin inkifaşına yol açır. Gəlirli layihələr hər üç tərəfə böyük səmərə gətirir. Təbii ki, bu məqamlar təhlükəsizlik məsələlərini də aktual edir, vacib elementə çevirir. Bölgəmizdə daim risk ifraz edən Ermənistan kimi dövlət var. Eyni zamanda düşmən ölkəni dəstəkləyən xarici güclər mövcuddur. Tərəflər birgə əldə etdikləri iqtisadi potensialın qorunmasını və gələcək təhlükəsizliyini təmin etməlidir. Bakı ilə yanaşı, Ankara və Tbilisi də anlayır ki, birgə səylərlə əldə edilən qurucu potensial ən optimal şəkildə mühafizə edilməlidir. Regionda qonşu olan üç dövlətin bir çox sahələrdə maraqları üst-üstə düşür. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP layihələrinin qorunması hər üç dövlət üçün həyati əhəmiyyət kəsb edir. Məncə, "xeyirdən xeyir axtarmaq” doğru yanaşma deyil. Biri-birini anlayan qonşu dövlətlərin sıx əməkdaşlıq etməsindən təbii nə ola bilər?! Üç ölkə çox məsələdə biri-birini tamamlayır. Türkiyənin iqtisadi və hərbi potensialı Azərbaycana və Gürcüstana nisbətən çoxdur. Ancaq geosiyasi şərait və dövlətlərin müxtəlif çəkiyə malik olması onların birgə addımlamasına maneçilik törətmir. Beynəlxalq arenalarda hər üç dövlət həmahəng çıxış edir, biri-birinin mövqelərini müdafiə edirlər. Bu minvalla Cənubi Qafqazda bir çox təhdidlərin qarşısını birlikdə almaq mümkün olur.
- Üç dövlətin hərbi əməkdaşlığını necə dəyərləndirirsiz, sadəcə birgə təlimlər kifayət edirmi, yoxsa hərbi blok yaratmaq daha məqsədəuyğundur?
- Həm Azərbaycanla, həm də Gürcüstanla Türkiyə arasında vizasız gediş-gəliş var. Bu onu göstərir ki, tərəflər arasında çox etibarlı münasibətlər formalaşıb. Dövlətlər arasında siyasi və iqtisadi əlaqələrlə yanaşı, mütəmadi hərbi təhlükəsizliklə bağlı əməkdaşlığı tənzimləyən mühüm sazişlər də imzalanır, ənənəvi hərbi təlimlər keçirilir. Bax, sırf bu məqam imkan verir ki, əlavə blokların yaradılmasından söhbət getməsin. Hərbi blokların yaradılması ona görə ciddi önəm daşımır ki, hər üç dövlətin birgə əməkdaşlığı hansısa blok təmsilçilərindən daha ciddidir. Özü də bu əməkdaşlıq birbaşa etibarlılıq üzərində qurulub. Birgə anlaşmalar da imkan verir ki, tərəflərdən hansısa problem yaşadıqda, digər tərəfdaşı ona hərtərəfli dəstək versin. Yəni müttəfiqlik prinsipləri siyasi, iqtisadi və hərbi məqamları özündə ehtiva edir. Ortada ciddi iqtisadi layihələr olduğuna görə, həmin layihələri qorumaq avtomatik gündəmə gəlir. Xatırlayırsızsa, Ermənistan Azərbaycanı, həm də Gürcüstanı enerji layihələri xətlərinə zərbə vuracağı ilə bağlı hədələyirdi. Əlbəttə, bu, düşmən tərəfin heç zaman cürət edə bilməyəcəyi təxribatdır. Amma istənilən halda, hər cür təhlükə nəzərə alınaraq, təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təşkil edilməlidir. Çünki üç dövlət arasında enerji və nəqliyyat layihələri yekunlaşmayıb. Gələcək üçün xeyli mühüm layihələr planlaşdırılır. Onların təhlükəsizliyini də indidən düşünmək lazımdır. Türkiyə bizə qardaş ölkədir. Gürcüstan da artıq fərqindədir ki, Azərbaycan ən etibarlı tərəfdaşdır. Azərbaycan dövlət xətti ilə Gürcüstana 6 milyarddan artıq investisiya yatırıb.
- Üç qonşu ölkənin hərbi potensialını necə dəyərləndirirsiz? Bununla bağlı da fərqli və ziddiyyətli fikirlər mövcuddur...
- Türkiyə NATO hərbi alyansının üzvüdür. Qardaş ölkənin hərbi potensialı çox böyükdür və bunu heç kim inkar edə bilməz. Ancaq Azərbaycanın milli ordusu da getdikcə güclənir. Silahlı qüvvələrimiz potensialına görə, Gürcüstandan irəlidədir. Ümumiyyətlə, Cənubi Qafqazda ən güclü ordu Azərbaycana məxsusdur. Düzdür, hərbi göstəricilərə görə Türkiyə çox qabaqdadır. Lakin bizim silahlı qüvvələr güclü Türkiyə ordusu ilə sıx əməkdaşlıq edərək, birgə təlimlər keçərək səviyyəsini yüksəldir. Gürcüstan da öz ordusunu daim güclü saxlamaqda maraqlıdır, çünki qonşu ölkənin torpaqları Rusiya tərəfindən hərbi təcavüzə məruz qalıb, xeyli hissəsi işğal edilib. Təhlükələrdən qorunmaq üçün Gürcüstan hakimiyyəti silahlı qüvvələri daim inkişaf etdirir, Qərbə inteqrasiyasını sürətləndirməyə çalışır. Gələcək risklərdən qorunmaq üçün hər üç dövlət hərbi güclərinə xüsusi diqqət ayırır.
- "Üçlər İttifaqı” düşmən Ermənistanla yanaşı, Rusiya və İranı da narahat etməyə başlayıb. Müxtəlif formada cərəyan edən üçlü əməkdaşlıq digər ölkələri niyə narahat edir?
- Azərbaycanın addımları heç bir ölkə üçün təhdid törətmir. Biz heç bir ölkəyə ərazi və siyasi iddia irəli sürmürük. Yeganə problemimiz düşmən Ermənistanladır. Çünki həmin dövlət ərazilərimizi işğal edib və 20 ildən artıqdır ki, təcavüz altında saxlayır. Türkiyənin də hansısa ölkəyə ərazi iddiası yoxdur. Qardaş ölkə artıq Şimali Kipr məsələsini çözmək üzrədir. Bununla bağlı müsbət danışıqlar davam etdirilir. Gürcüstanın isə bizə bənzər ərazi problemi var. Düzdür, bir neçə dövlət Cənubi Osetiya ilə, Abxaziyanı "müstəqil” dövlət kimi tanıyıblar. Amma onların həqiqi "müstəqilliyi” mümkün deyil. Çünki həmin subyektlər xarici qüvvələrin təhriki nəticəsində suverenlik eşqinə düşüblər. Gördüyünüz kimi hər üç ölkənin öz problemi var. Amma üç dövlət arasında olan sıx hərbi əməkdaşlıq birbaşa hansısa ölkəyə qarşı yönəlməyib. Məsələ burasındadır ki, nataraz qonşumuz sızıldayaraq, xaricdən yardım dilənərək, özlərini bədbəxt və biçarə kimi tanıdaraq ianə toplayırlar və həmin vəsaiti dərhal hərbiyə yatırırlar. Bölgədə hərbi ritorikanı artıran, müharibə riski yaradan tək ölkə təcavüzkar Ermənistandır. Düşmən ölkə qonşuları ilə dinc şəraitdə yaşamaq istəmədiyini hər fürsətdə ortaya qoyur. Bölgədə belə dövlət mövcud olduğu təqdirdə ehtiyatı əldən vermək olmaz. Çünki vassal olan Ermənistanın ərazisindən digər xarici qüvvələr də çirkin məqsədlər üçün istifadə edə bilərlər. O baxımdan ola bilər ki, üç tərəf arasında sıx əməkdaşlıq kimlərinsə xoşuna gəlmir. Ancaq reallıq odur ki, müstəqil dövlətlər gələcəklərini yalnız özləri qururlar.
- Bəzi ekspertlər hesab edirlər ki, ən azından mühüm enerji və nəqliyyat layihələrinin mühafizəsi üçün ortaq təhlükəsizlik qüvvələri formalaşdırılmalıdır. Bu təkliflə bağlı nə düşünürsüz?
- Şübhəsiz ki, böyük zəhmətlər hesabına ərsəyə gətirdiyimiz layihələrin qorunmasını başqalarının ümidinə qoya bilmərik. Səmərəli layihələrin ən etibarlı mühafizəsi üç ölkənin üzərinə düşür. Ermənistanın əsassız hədələrinə baxmayaraq, ilk növbədə Azərbaycan heç vaxt imkan verməz ki, düşmən ölkə hansısa təxribata əl atsın. Bizim güclü radar və müdafiə sistemlərimiz var. Həmçinin, mühüm beynəlxalq layihələr ABŞ və digər Avropa dövlətləri tərəfindən də qorunur. O layihələr sadəcə üç dövlətə aid deyil. Əgər düşmən tərəf çaşıb belə bir addım atarsa, çox sarsıdıcı zərbə alar. Belə şeylər ümumiyyətlə olmasın deyə tərəflər bir-biri ilə hərbi əməkdaşlığı artırır.
İsmayıl