Azərbaycan Türkiyənin yerinə Rusiya bazarını doldura bilməz
Hazırda dünyada iqtisadi sistem dəyişib. Ölkələr ucuz, amma keyfiyyətli məhsul tələb edir
Mərhum Barış Manço oxuyardı; domates, bibər, patlıcan... Hər səhər səyyar satıcının qışqırığı aşiqi gördüyü şirin yuxudan oyadırmış. Rusiyanın Türkiyəyə tətbiq etdiyi iqtisadi sanksiyalar da buna bənzəyir. Əvvəlcə, domateslərə - pomidorlara qadağa qoyuldu, indi də badımcana.
Ardınca bibər də "gələcək” yəqin.
Məsəl var, deyirlər, yel qayadan nə aparar?! Olmasın Rusiya, olsun başqa ölkə bazarları. Zəhmətkeş və cəfakeş türk kəndlisi məhsulunu satdırmağa bir bazar tapacaq. Vay Rusiyanın halına. Hardan tapacaq keyfiyyətli və sərfəli qiymətə təzə meyvə-tərəvəzi?
Bu anda əlbəttə, Azərbaycan sinəsini önə verib, "məndən” deyə də bilər. Amma biz, haşa, qardaşımızın çətin günündən yararlanıb bazarda "polka” zəbt edənlərdən deyilik.
Sadəcə, Azərbaycan xarici bazarlarda mövqeyini möhkəmləndirməkdə də sərbəstdir. Məhz bu amildən çıxış edərək bir çox iqtisadçılar hesab edir ki, Azərbaycan ixrac faizini artırmalıdır. Amma necə, bir halda ki, özümüzü güclə təmin edirik.
Türkiyə badımcanı zərərlidir?
Rusiyanın Türkiyə idxalçılarından imtinası bizə nə qazandıracaq? Öncə ondan başlayaq ki, Rusiya aprelin 25-dən Türkiyədən badımcan idxalına müvəqqəti qadağa tətbiq edəcək. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiyanın "Rosselxodnadzor” xidməti qadağanın səbəbi kimi həmin badımcanlarda zərərli orqanizmlərin aşkar olunmasını göstərib.
Bundan əvvəl də Rusiya Türkiyədən ixdal olunan 17 növ kənd təsərrüfatı məhsulunun ölkəyə gətirilməsinə qadağa qoymuşdu. Ancaq o zaman məhsulların keyfiyyəti barədə heç nə deyilməmişdi. İndi isə Türkiyədən idxal olunan badımcanlarda zərərli orqanizm aşkarlandığı bildirilib. Təbii ki, badımcanlar daha çox siyasi səbəblərdən "zərərli” elan olunur. Bunu ayırd etmək 2 vur 2-dir. Nə oldu? Dünənədək ruslar Türkiyə pomidorunu da, badımcanını da bəh-bəhlə yeyirdilər, indi zərərli olması üzə çıxdı?! Səbəb aydındır. Bəs nəticə? Nəticəni biz özümüz üçün çıxarmalıyıq. Türkiyədən Azərbaycana da kənd təsərrüfatı məhsulları idxal olunur. Kartofdan tutmuş, pomidora, bibərə, lobyaya qədər. Bəs bu məhsulların keyfiyyətinə zəmanət varmı?
Kənd Təsərrüfatı Nazirliyi yanında Fitosanitar Nəzarəti Xidməti Toksikologiya və keyfiyyətə nəzarət şöbəsinin rəhbəri Yaqub İbrahimov "Şərq”ə açıqlamasında Türkiyədən ölkəyə idxal olunan məhsulların heç birində zərərli orqanizm aşkarlanmadığını bildirdi:
- Türkiyədən gələn məhsulların hamısı normal səviyyədədir. Ölkəyə gətirilən bütün məhsulların keyfiyyəti Xidmət müfəttişləri tərəfindən laboratoriyada yoxlanır. Hansısa məhsulun tərkibində zərərli maddənin olmasına dair bizdə fakt yoxdur. Zərərli maddə, ziyanverici aşkarlananda həmin məhsul satışdan çıxarılır. Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalına da heç bir qadağa yoxdur.
Y.İbrahimov da Rusiyanın Türkiyə kənd təsərrüfatı məhsullarına qadağa qoymasının siyasi amillərlə bağlı olduğunu bildirdi.
Azərbaycan Türkiyəni əvəzləyə biləcəkmi?
Qeyd edək ki, Rusiya hökuməti bu il yanvarın 1-dən etibarən Türkiyədən idxalına qadağa qoyulan kənd təsərrüfatı məhsulları, xammal və ərzaqların siyahısı təsdiq etmişdi. Sanksiyalar altına düşən kənd təsərrüfatı məhsulları - soğan, pomidor, xiyar, rəngli kələm, brokoli, çiyələk... Siyahı kifayət qədər uzundur.
İqtisadçıların böyük əksəriyyəti isə bu fikirdədir ki, iqtisadi sanksiyalardan daha çox Rusiya zərər görəcək. Türkiyə isə sanksiyalardan daha az zərərlə çıxacaq.
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı-alim Zahid Məmmədov "Şərq”ə açıqlamasında mövcud vəziyyəti dəyərləndirərkən bildirib ki, Azərbaycan məhsulları çox baha olduğundan Türkiyə məhsullarına alternativ ola bilməyəcək:
- Rusiya bazarlarında Türkiyə məhsullarının həcmi 60-70 faiz təşkil edirdi. Rusiya bunun yerini nəylə dolduracaq? Alternativ olaraq Krasnodarı nişan verirlər. Amma bilməliyik ki, Krasnodardakı parnikləri də türklər işlədir. Türk torpağı sevəndi və torpağı da becərir. Rusiya bazarlarına ucuz və keyfiyyətli məhsullar məhz Türkiyədən ixrac olunurdu. Azərbaycanın almasını, pomidorunu, xiyarını sadə ruslar ala bilər?! Doğrudur, Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları daşınır, amma Türkiyənin tutduğu yeri tuta bilməz. Çünki bizim məhsulların qiyməti çox yüksəkdir. Hazırda dünyada iqtisadi sistem dəyişib. Ölkələr ucuz, amma keyfiyyətli məhsul tələb edir. Dünyada ərzaq məhsullarının qiyməti düşür. Rusiyanın özündə bu dəqiqə ucuzluqdur. Qərbin tətbiq etdiyi sanksiyalar əksinə, Rusiyanın xeyrinə işlədi. Rusiya sanksiyalar hesabına kef elədi. Daxili istehsal artdı, qiymətlər düşdü. Belə vəziyyətdə Rusiya Azərbaycandan məhsul idxalını artırmaz. Bu dəqiqə ticarət əlaqələrini istənilən ölkədə qurmaq asandır, təki məhsulun keyfiyyətli olsun və alınması da ucuz başa gəlsin. Türklər də bu işləri yaxşı bacarır. Ona görə də mən bu sıxıntıları müvəqqəti hesab edirəm və əminəm ki, məsələ yaxın zamanda həllini tapacaq.
Yerli istehsal azdır
AMEA-nın müxbir üzvü, Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkbərov AMEA Rəyasət Heyətinin iclasında maraqlı fikirlər səsləndirmişdi. Alimin sözlərinə görə, statistik rəqəmlər əksər məhsullarla özümüzü təmin edə bilmədiyimizi göstərir. Azərbaycanda 70-80 faiz taxıl istehsalı yerli sortların hesabına ödənilir. Amma tərəvəz məhsullarının əksəriyyəti xarici sortlardır və tərəvəz məhsullarının yalnız 5-6 faizi yerli istehsal hesabına ödənilir:
- Bir sıra kənd təsərrüfatı, xüsusən də meyvə-tərəvəz məhsulları üzrə böyük ixrac potensialımız var. Azərbaycan tərəvəz və meyvə bitkilərinin ixracı üzrə böyük təcrübə və imkanlara malikdir. Hazırda yerli rəqabət qabiliyyətli sortlar yaradılmadığından ixrac potensialını tam reallaşdırmaq, yaxın qonşulardan başqa ölkələrin bazarlarına çıxmaq mümkün olmur. Xarici şirkətlərin istehsalı olan toxumlar və ting materialları yerli sortları sıxışdırır. Bu gün Azərbaycan faktiki olaraq xarici alimləri və şirkətləri stimullaşdırır. Meyvəçilik və üzümçülükdə xəstəlik və zərərvericilərə daim calaqaltılardan istifadə edilməklə, müasir texnologiyaların tətbiqinə imkan verən iri tingçilik təsərrüfatlarının yaradılması vacibdir.
İnstitut direktorunun sözlərinə görə, bir çox institutlarda seleksiya işləri aparılsa da, yaradılan və rayonlaşdırılan sortların əksəriyyəti rəqabət qabiliyyətli deyil. O bildirib ki, əkinçilik Elmi Tədqiqat İnstitutu istisna olmaqla, qalan institutlarda seleksiya işləri zəifdir, dəyişən mühitə adaptiv, yüksək məhsuldar və keyfiyyətli bitki sortları və heyvan cinslərinin yaradılmasında müasir metodlardan istifadə olunmur.
Əvvəl evin içi, sonra çölü
Deməli, əvvəlcə özümüzü tam təmin etməliyik, sonra ixrac barədə düşünməliyik. Qeyd edək ki, Prezident İlham Əliyev 2014-2018-ci illər regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunmuş müşavirədə yerli istehsalın həcminin artırılması vacibliyini vurğulamışdı və bildirmişdi ki, məsələn, kartof istehsalında 35 faiz xarici amil var. Azərbaycan özünün kartof ehtiyatını 90 faiz ödəyir. Bu göstərici 100 faizə çatdırılmalıdır. Bundan sonra ixracat məsələlərinə də önəm verilməlidir.
Göründüyü kimi, hələ yerli istehsal özümüzü tam təmin edəcək səviyyədə deyil. Belə şəraitdə Azərbaycanın hansısa ölkə bazarlarını zəbt etməsi inandırıcı görünmür.
Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev ANS-ə açıqlamasında bildirmişdi ki, Azərbaycandan Rusiyaya ixrac edilən pomidorun həcmi 5 qat artıb.
"2016-cı ilin yanvar ayında Azərbaycandan Rusiyaya pomidor ixracı keçən ilin yanvar ayına nisbətən 4,7 dəfə artaraq 2,6 min ton olub. Bəzi mətbuat orqanlarında bunun Türkiyə istehsalı olan pomidor olması barədə həqiqətə uyğun olmayan məlumatlar gedir. Fitosanitar Nəzarət Xidməti olaraq bu məlumatın qeyri-dəqiq olduğunu bildiririk”.
Xidmət rəhbəri bildirmişdi ki, 2016-cı ilin yanvar ayında Azərbaycana 127,9 ton pomidor idxal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz azdır. Yəni Rusiyaya məhsul ixrac etmək üçün Azərbaycana pomidor idxalında heç bir artım olmayıb.
"Ənənəvi Rusiya bazarında yaranmış əlverişli imkanlardan bəhrələnmək üçün Azərbaycan dövləti bu ölkəyə bütün kənd təsərrüfatı məhsulları üzrə ixracın həcminin ciddi şəkildə artırılması üçün məqsədyönlü tədbirlər həyata keçirir”.
Məlahət Rzayeva