Mədəniyyət və Turizm Nazirliyi "Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlayıb.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov "Sherg.az”a açıqlamasında bildirib ki, loqotipin müəllifi Zamir Murad oğlu Həmzəyevdir:
"AXC-nin 100 illiyi ilə bağlı tədbirlər planı çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müsabiqə təşkil olundu. Müsabiqənin nəticəsində qalib gələn loqo Cümhuriyyətlə bağlı dərc edilən nəşrlərin üzərində qeyd olunacaq”.
Yazıçı -kolleksioner Dilqəm Əhməd sözügedən loqonun normal olduğunu, möhtəşəm alınmadığını vurğulayıb. O diqqətə çatdırıb ki, loqotipdə maraqlı məqam, 100 sözünün və bayrağın rənglərinin öz əksini tapmasıdır:"Yuxarıda yazılan "Azərbaycan Xalq Cümhuriyyəti” sözünü artıq hesab edirəm. Onsuz daha yaxşı olardı, çünki onsuz da içəridə 1918-2018 yazılıb, mahiyyət aydın başa düşülür”.
Loqonun hansı sahələrdə istifadə olunmasına gəlincə, D. Əhməd hesab edir ki, nazirlik çap etdiyi jurnallarda, çəkdiyi filmlərdə bu loqonu istifadə edəcək.
Aysel Aslan