“Azərbaycan xaricidilli mediası beynəlxalq müstəvidə”
Azərbaycan Dillər Universitetində keçirilən tədbirdə maraqlı fikir mübadiləsi aparılıb
Bu günlərdə Azərbaycan Dillər Universitetində (ADU) universitetin İctimaiyyətlə əlaqələr Departamentinin və fransızdilli "Yol qovşağı” (Le Carrefour) qəzetinin birgə təşkilatçılığı ilə "Azərbaycanın xaricidilli mediası beynəlxalq müstəvidə” mövzusunda "dəyirmi masa” keçirilib.
Tədbirdə Milli Məclisin deputatları, dövlət orqanlarının nümayəndələri, ölkənin aparıcı KİV rəhbərləri və nümayəndələri, tanınmış media mütəxəssisləri, dövlət orqanlarının və ali təhsil müəssisələrinin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətlərinin rəhbərləri, ADU-nun professor-müəllim heyəti və tələbələri iştirak ediblər. ADU-nun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Şəfaqət Kazımova qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnun olduğunu dilə gətirib və dəvəti qəbul etdikləri üçün bütün iştirakçılara təşəkkürünü bildirib. Bundan başqa, o qeyd edib ki, ADU-nun İctimaiyyətlə əlaqələr departamenti yarandığı gündən mütəmadi olaraq Azərbaycanın xaricidilli KİV-nin problemləri, perspektivləri, durumu barədə Mətbuat Şurası ilə birgə əməkdaşlığı çərçivəsində tədbirlər təşkil edib: "Hazırda da ənənəmizə sadiq qalırıq. Çünki bu tədbir də Departamentlə fransızdilli "Yol qovşağı” qəzetinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin keçirilməsində göstərdiyi dəstəyə və yaradılan şəraitə görə ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusova təşəkkür edirik”.
Ardınca qonaqları yenidən ADU-da görməkdən şad olduğunu söyləyən D.Yunusov belə bir tədbirin Dillər Universitetində təşkil edilməsini sevindirici hal kimi qiymətləndirib: "Universitetimiz həmişə KİV nümayəndələrinin, media mənsublarının üzünə açıqdır. Qış imtahan sessiyası zamanı təhsil müəssisəsinin ayrı-ayrı fakültələrində iki dəfə böyük mediatur keçirildi. Hazırda universitetdə 22 xarici dil tədris olunur. 2012-2013-cü tədris ilindən ADU-da fəaliyyətə başlayan Filologiya və jurnalistika fakültəsinin nəzdində ayrıca bir jurnalistika bölməsi yaradılıb. Azərbaycan həqiqətlərinin dünyaya aşılanmasında media daha geniş imkanlara malikdir. Bu imkanları həyata keçirərkən dil bilgisi ilə yanaşı, onun üslubu, necə təqdim edilməsi də əsas məsələlərdəndir. Bir daha "dəyirmi masa”da iştirak edən hər kəsə təşəkkür edirəm. Hər birinizə möhkəm cansağlığı, işlərində uğurlar arzulayıram”.
Tədbiri yüksək qiymətləndirən Milli Məclisin deputatı, Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov onun əhəmiyyətindən söz açıb: "Təqribən 5-6 il öncə də ADU-da oxşar tədbir keçirilib. Belə təşəbbüslər Azərbaycan jurnalistikası və cəmiyyəti üçün son dərəcə əhəmiyyətlidir. Azərbaycan mətbuatı tarixi, ilk milli mətbuatımızın yaranması "Əkinçi” qəzetinin adı ilə bağlıdır. XX əsrin əvvəllərində rus, gürcü, fars və sair dillərdə qəzetlərimiz işıq üzü görüb. Azərbaycanda fəaliyyət göstərən aparıcı informasiya agentlikləri beşdən çox dildə məlumat yayırlar. Eyni zamanda ölkəmizdə xaricidilli mətbu orqanlar da nəşr olunur. Aprel ayının ilk günlərində cəbhə xəttində baş verən erməni təxribatının dünya ictimaiyyətinə təhrif olunmuş formada çatdırılmasının qarşısı, məhz ölkəmizin xaricidilli mətbuatının səyi nəticəsində alındı. Bu mənada Azərbaycanda xaricidilli kadrlar və xaricidilli mətbuatın inkişafı vacibdir. Bir daha işinizdə uğurlar arzulayıram. Təşəbbüsünüzü yüksək qiymətləndirirəm və bu tədbirlərin gələcəkdə xaricidilli mətbuatın inkişafına töhfə verəcəyinə əminəm”.
Millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu toplantının çox maraqlı və aktual məsələyə həsr olunduğunu söyləyib: "Media ilə pedaqoji fəaliyyət maarifləndirmə baxımından eyni məqsədə xidmət göstərir. Bu, çox önəmli tədbirdir. Azərbaycanın milli maraqlarına xidmət edən məlumatın müxtəlif dillərdə yayılması əhəmiyyətlidir. Bu baxımdan konfransın işini yüksək dəyərləndirirəm”.
"İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə belə lazımi və məqamında təşkil olunan tədbirin keçirilməsinin Azərbaycanda eyni sahədə görülən işlərə stimul verdiyini vurğulayıb: "Jurnalistika ixtisaslarında qabiliyyət imtahanlarının tətbiq edilməsinin müsbət və mənfi cəhətləri var”.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyran Əmiraslanova Azərbaycana qarşı təşkil olunan qara piar, onun qarşısının alınması, ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin formalaşması istiqamətində jurnalistikanın üzərinə düşən vəzifələrdən söz açıb: "Həm sosial şəbəkələr, həm də KİV-lər bu sahədə daha da aktivlik göstərməlidirlər. Azərbaycanda tvitter istifadəçilərinin sayı azdır. Halbuki, buna çox maraq göstərmək lazımdır. Azərbaycanın haqlı olan mövqeyini sosial şəbəkələrdə, həmçinin KİV-lərdə düzgün formatda aparmaq çox önəmlidir”.
Fransızdilli "Yol qovşağı” (Le Carrefour) qəzetinin təsisçisi və baş redaktoru Zeynəb Kazımova "Azərbaycanın xaricidilli mediası beynəlxalq təbliğat və informasiya məkanında” adlı məruzə ilə çıxış edib: "Le Carrefour” qəzetinin təşəbbüsü ilə Mətbuat Şurası ilə "Azərbaycanda xaricidilli KİV-in durumu: problemlər və inkişaf perspektivləri” mövzusunda iki dəfə silsilə "dəyirmi masa” təşkil edilib. Prezident cənab İlham Əliyevin milli mətbuatın yaranmasının 140 illiyi münasibəti ilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə söylədiyi nitqində Azərbaycanın beynəlxalq təbliğat və informasiya məkanına daxil olması və təsir imkanlarını artırması üçün konseptual fikirlər səsləndirib. Dövlət başçısı bu istiqamətdə işlərin həyata keçirilməsi məqsədi ilə xaricidilli medianın fəaliyyətini, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını xüsusi vurğulayıb. Həmçinin, İ.Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xaricidilli jurnalistlərin həm tarixi həqiqətləri, həm Azərbaycanın mövqeyini və ümumiyyətlə, indiki vəziyyəti daha geniş işıqlandırmalı olduğunu qeyd edib”.
Z.Kazımova təsisçisi olduğu Azərbaycanda fransız dilində nəşr olunan "Le Carrefour” qəzetinin yaranma tarixi, fəaliyyəti haqqında məlumat verdi və bu yaxınlarda qəzetin saytının (www.lecarrefour.az) istifadəyə verildiyini diqqətə çatdırıb: "Xaricidilli medianın üzərinə düşən məsuliyyət odur ki, bu sahədə fəaliyyət göstərən KİV-in dövlətçiliyimizi, ölkəmizin nüfuzunu hər zaman üstün tutmalıdır. Öz fəaliyyətini Vətənimizin rifahı naminə və Azərbaycanın beynəlxalq aləmdə mediada təbliğinə həsr etməlidir”.
Ötən il bəzi xarici media qurumlarının Avropa Oyunları zamanı Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası ilə siyasi müstəqilliyini qoruyan ölkəmizin beynəlxalq arenada artan nüfuzuna xələl gətirməyə cəhd olunduğunu deyən Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Azərbaycan mediasının onlara tutarlı və layiqli cavab verdiyini söyləyib: "Azərbaycan üçün əhəmiyyətli olan "Formula-1”, Beynəlxalq Şahmat yarışları, İslam Həmrəylik Oyunları keçiriləcək. Həmin xarici media qurumları artıq ölkəmizə qarşı "müharibəyə” başlayıb. Hər kəs sosial şəbəkələrdə daha da aktiv olmalıdır”.
Milli Məclisin Mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu tədbirin çox dəyərli, əhəmiyyətli olduğunu və qarşıya qoyduğu məqsədə doğru irəlilədiyini qeyd edib: "Jurnalistika sahəsinə meyli və bacarığı olan insanları cəlb etməklə xalq, cəmiyyət üçün yararlı şəxsiyyətə çevrilən qələm sahibləri yetişdirmək vacib məsələdir”.
"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxışında klassik mətbuatın öz yerini yeni mediaya verdiyini bildirib: "Jurnalist peşəsinə sahib olan insanın müşahidə və yazı qabiliyyətinə, həmçinin güclü intiusiyaya malik olması, etik normalara diqqət yetirməsi əhəmiyyətlidir. Bu baxımdan belə tədbirlərin ənənəvi olacağına əminəm”.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elçin Sərdarov tədbirin ümummilli marağa xidmət göstərdiyini nəzərə çatdırıb: "Tədqiqat jurnalistikasının öyrədilməsi, onun siyasi, ekoloji, iqtisadi və s. sahələrdə ixtisaslaşmasına ehtiyac duyulur”.
"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı müxtəlif dillərdə fəaliyyət göstərən informasiya qurumlarının problemlərindən danışıb. Bildirib ki, sətri tərcümə vasitəsilə məlumatların xarici məkana ötürülməsi effekt vermir.
Jurnalistikanın cəmiyyətin güzgüsü olduğunu söyləyən Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev qeyd edib ki, media ətraf aləmdə baş verən hadisələri lazımi instansiyalara çatdırmaq funksiyası daşıyır: "Bu funksiyanın yüksək səviyyədə fəaliyyət göstərməsi üçün jurnalistikanın müxtəlif sahələr üzrə ixtisaslaşmasını təklif edirəm”.
Jurnalist Murad Hüseynov Azərbaycanın beynəlxalq jurnalistikasındakı problemlərdən danışıb: "Jurnalistika sahəsində təhsil alan tələbələrin nəzəri biliklərini möhkəmləndirmək üçün istehsalat təcrübəsini KİV-də keçirmək çox önəmlidir”.
"Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə, modern.az saytının rəhbəri Elşad Eyvazlı, CBC televiziya kanalının Azərbaycan bölməsi üzrə "Xəbərlər” Departamentinin baş redaktoru Səadət Məmmədova, trend.az saytının baş direktorunun beynəlxalq əlaqələr üzrə müavini Emin Hüseynov və ali təhsil müəssisələrinin mətbuat xidməti rəhbərlərinin iştirak etdiyi "dəyirmi masa”da xaricidilli mediaya dövlət dəstəyinin həyata keçirilməsini vacib hesab olunduğu bildirilib.
Ayyət Əhməd
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb