Azərbaycan yeni səslər qazanacaq

“Burada həm Ukraynadan, həm Gürcüstandan olan böyük bir komanda ilə birgə çalışırıq”
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti dünya teleməkanında ən nüfuzlu mahnı müsabiqəsi sayılan "The Voice of” ("Səs”) layihəsinə start verib. Niderlandın "Talpa” İnternational B.V. şirkətinə məxsus "The Voice of” ("Səs”) layihəsinin lisenziyası Azərbaycan Televiziyasına verilib. AzTV-nin bu musiqi müsabiqəsini bu televiziya mövsümündə tamaşaçılara təqdim etməsi gözlənilir.
Qeyd edək ki, bu müsabiqə dünyanın 50-dən çox ölkəsinin nüfuzlu telekanallarında yayımlanır.
TV məkanında ən nüfuzlu musiqi yarışlarından sayılan "Səs” layihəsinin Azərbaycandakı münsifləri də kifayət qədər musiqi aləmində çəkisi olan sənətkarlardı. Xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, Əməkdar artistlər Tünzalə Ağayeva, Manana Caparidze yarışda münsif qismində iştirak edirlər. Müsabiqədə seçilənlər isə kimin komandasında təmsil olunmaq istəyində sərbəstdilər.
Müsabiqənin musiqi rəhbəri kimi məsuliyyətli missiya isə isə tanınmış bəstəkar, musiqiçi Vüqar Camalzadəyə həvalə olunub.
Müsabiqə barədə fikirlərini "Şərq”ə danışan Vüqar Camalzadə: "İlk növbədə belə nüfuzlu bir layihənin musiqi rəhbəri olmaq həqiqətən məsuliyyətlidir. Sağ olsun Azərbaycan televiziyasının rəhbərliyi ki, mənə belə bir etimadı göstərdilər. Burada həm Ukraynadan, həm Gürcüstandan olan böyük bir komanda ilə birgə çalışırıq. Artıq seçim turlarında 92 nəfər seçilibdi. Onların da arasında ələnmələr olacaq. Gələn il marta qədər layihə davam etməlidir. Konkret olaraq bu müsabiqə dünyamiqyaslı layihə olduğu üçün onların qaydaları əsasında həyata keçirilir” deyə cavab verdi. Bu layihəni digərlərindən fərqləndirən məqamlar var ki, Vüqar Camalzadə bu barədə də açıqlama verdi: "Bu layihənin əsas məqamlarından biri odur ki, Azərbaycan estrada musiqisi yenilik, yeni səslər qazanacaq. Azərbaycan milli musiqisi onsuz da zəngindi. Burada kifayət qədər peşəkar bir heyət çalışır. Seçimlər şəffafdı. Ən maraqlısı isə odur ki, münsiflər seçdikləri səsləri hələ də üzdən görməyiblər və tanımırlar. Çünki yalnız səsi eşidib, münsiflər o səsə münasibət bildirirlər. İştirakçılar da hansı münsiflə yollarını davam edəcəklərinə qərar verəcəklər. Maraqlı, bu günə qədər Azərbaycan teleməkanında analoqu olmayan bir musiqi layihəsidir”.
Tahirə