“Azərbaycana gələn turistlər otel deyil, fərdi evlərdə qalacaqlar”

Nüsrət İbrahimov: “Çünki fərdi evlər otellərə nisbətən daha ucuz başa gəlir, sərfəli qiymətlər təklif olunur. Bu üsul ev sahiblərinə də sərf edir”
Avropa Liqasının Bakıda keçiriləcək final matçını izləmək üçün paytaxtımıza gələcək turist-azarkeşlər otellərlə yanaşı fərdi evlərdə də qala biləcək. Gənclər və idman naziri Azad Rəhimov KİV-ə açıqlamasında deyib ki, hazırda 17 mindən artıq otel otağı var. Otaqların 2 nəfərlik olduğu nəzərə alınarsa, azarkeşlərin tam yerləşəcəyini söyləmək mümkündür. Bununla yanaşı nazir qonaqların həm də fərdi ev kirayələyə biləcəyini də deyib. Nazir vurğulayıb ki, son illər paytaxtda turistlərə mənzillərin kirayəyə verilməsi praktikası da yayılıb. Bunun üçün xüsusi saytlar var və məhz fərdi evlərdə qalmaq istəyənlər saytların xidmətindən istifadə edirlər. «Formula-1» yarışlarında da bu təcrübədən yararlananlar çox olub.
Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov «Sherg.az»a açıqlamasında turistlərin fərdi ev kirayələməsi təcrübəsinin dünyada geniş yayıldığını dedi:
- Xüsusilə bu üsul qardaş Türkiyədə çox yayılıb. Turistlər qrup şəklində gəlirsə, otellərə üstünlük verilir ki, qrup üzvləri hamısı bir yerdə, bir məkanda toplansın. Bir nöqtədən hərəkət edilsin. Amma fərdi qaydada, ailə ilə səyahətə çıxanlar otellərlə yanaşı fərdi evlərdə qalmağı da üstün tutur. Çünki fərdi evlər otellərə nisbətən daha ucuz başa gəlir, sərfəli qiymətlər təklif olunur. 
Bu üsul ev sahiblərinə də sərf edir. Fərdi evlərdə qalanlar kirayə pulunu gündəlik ödəyir. Bundan həm ev sahibi qazanır, ailə büdcəsinə gəlir əlavə olunur, həm də turist ucuz səyahət etmiş olur. Fərdi ev kirayələnməsi qazancın paylanması, bölüşülməsi, otel isə yalnız bir nəfərin qazancı deməkdir. Çalışmaq lazımdır ki, fərdi evlərin kirayə verilməsi praktikası bölgələrdə daha çox genişlənsin. 
Çünki bununla yerli əhalinin təminatı artmış olar. Bir çox ölkələrdə turizm, istirahət bölgələrində, gözəl təbiət mənzərəsi olan məkanlarda fərdi ev sahibləri büdcə ehtiyaclarını məhz turistlərin hesabına ödəyirlər. Turist üçün də ev şəraiti daha xoşdur, sıxılmır, özünü rahat hiss edir, insanlarla, yerli əhali ilə ünsiyyətdə olur.
Fərdi evlərdə qalanların tarixi abidələri, görməli yerləri necə səyahət etməsinə gəlincə, N.İbrahimov bildirdi ki, fərdi ev kirayələnlər adətən ikinci, üçüncü dəfə ölkəyə, şəhərə səyahət edənlərdir və onların artıq müəyyən tanışlıqları vardır. 
Onlar şəhərə gəzintiyə çıxmaq üçün kiminsə köməyinə ehtiyac duymurlar. Adətən ilk dəfə səyahətə çıxanlar qrup turizminə üstünlük verir. Odur ki, əgər Avropa Liqasının final matçını izləmək üçün ölkəmizə gələcək azarkeşlər, turistlər fərdi evlərdə qalmağı üstün tutacaqsa, buna sevinmək lazımdır.
Məlahət Rzayeva