"Azərbaycana Vyetnamın təhlükəli göllərindən köhnə balıqlar gətirilir"




"Azərbaycan tam şəkildə daxildə balıq istehsalını öz hesabına təmin edə bilmir”.

Bunu Sherg.az-a xarici ölkələrdən Azərbaycana balıq gətirilməsinə məhdudiyyətlər qoyulması haqqında danışarkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. 

O diqqətə çatdırıb ki, dənizlərin sahilində yerləşən ölkələrin əksəriyyətində açıq balıq bazarları təşkil olunur, amma ölkəmizdə belə bazarlar yoxdur:

"Məsələn, Türkiyədə saat 12-yə qədər bazar təşkil olunur və yeni tutulmuş balıqlar satılır. Təəssüf ki, Azərbaycan dəniz sahilində yerləşən ölkə olsa da, Bakıda belə balıq bazarı yoxdur. Ölkə daxilində balığa tələbatın ödənilməsi təxminən 40 faizdən yuxarı deyil. Ona görə də, xaricdən keyfiyyətli olmaq şərti ilə balığın gətirilməsi yaxşı olardı. Ancaq illərdir, Azad İstehlakçılar Birliyinə Vyetnamın təhlükəli göllərindən çirkli balıqların gətirilməsi ilə bağlı məlumatlar daxil olur. Bunu nəzərə alaraq, xaricdən gətirilən təhlükəli balıqlara məhdudiyyətlər qoyulsa, daha məqsədəuyğun olar”.

Qeyd edək ki, Nazirlər Kabineti "Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması Qaydaları”nı təsdiq edib. Yeni qaydalara görə iqlimləşdirmə üçün endemik, genetik modifikasiya olunmuş və toksiki növ balıqlardan istifadəyə yol verilməyəcək, balıqlar öncə karantin təcridxanalarında saxlanacaq.

Aysel Aslan