"Azərbaycana xaricdən vaxtı keçmiş dərmanlar gətirilir" - ŞOK İDDİA

Sərdar Cəlaloğlu: " Bir məmur çıxsın desin ki, mən Azərbaycanda müalicə olunmuşam, dərman almışam. Səhiyyə xidmətinə cavabdeh şəxslər belə xaricdə müalicə olunur"."Dünyada səhiyyə xidmətlərinə dövlət büdcəsindən ən az pul ayıran ölkələrdən biriyik. Adambaşına illik səhiyyə xidmətləri üçün 30 manata yaxın pul ayrılır"
"Dərmanlar və yanlış müalicə insan həyatı üçün təhlükəlidir. Ona görə, ABŞ öz maraqlarını qorumaq məqsədilə vətəndaşlarını Azərbaycanda tibbi proseduralarla bağlı xəbərdarlıq edib”.
Bu sözləri "Sherg.az”a ABŞ Dövlət Departamentinin Azərbaycana səfər edən vətəndaşlarına burada əməliyyat olunmamaq və apteklərdən dərman almamaq barədə tövsiyəsinə münasibət bildirərkən Azərbaycan Demokrat Partiyasının sədri, həkim Sərdar Cəlaloğlu söyləyib. 
Onun qənaətincə, dünyada səhiyyə xidmətlərinə dövlət büdcəsindən ən az pul ayıran ölkələrdən biriyik:
"Adambaşına illik səhiyyə xidmətləri üçün 30 manata yaxın pul ayrılır. Halbuki bu, bəzi ölkələrdə 300 manat, hətta 3 min dollar civarında dəyişir. Dünyanın bütün ölkələrində vaxtı keçmiş, keyfiyyətsiz dərmanların hamısı Azərbaycana gətirilib, satılır. Bu isə xeyirdən çox ziyan verir. Həmin iki şərti nəzərə alan xarici ölkələr bəyanat verirlər ki, Azərbaycanda nə müalicə olunun, nə də dərman alın. Azərbaycanda səhiyyə sisteminin vəziyyəti dərman satışındakı korrupsiya halları ilə bağlıdır.
Azərbaycanda buna əks mövqe sərgilənirsə, nə üçün hər hansı məmur, nazir ölkədə müalicə olunmur? Onlar öz dərmanlarını xaricdən gətirirlər. Azərbaycanda satılan dərmanların keyfiyyətinə inanmır.
Hətta Amerika Dövlət Departamenti deyə bilərdi ki, Azərbaycan məmurları öz ölkəsində müalicə olunmur, dərman almır. Bir məmur çıxsın desin ki, mən Azərbaycanda müalicə olunmuşam, dərman almışam. Səhiyyə xidmətinə cavabdeh şəxslər belə xaricdə müalicə olunur".
Qeyd edək ki, Səhiyyə nazirinin müavini Elsevər Ağayev isə bunun ABŞ Dövlət Departamentinin öz seçimi olduğunu söyləyib. E.Ağayevin sözlərinə görə, hər bir halda Azərbaycanda yaşayan ABŞ və digər ölkələrin vətəndaşları Azərbaycanın səhiyyə sistemindən faydalanırlar.
Aysel Aslan