Azərbaycançılıq ideyasının təbliği





Hər bir xalqın özünəməxsus ənənələri, tarixi, mədəniyyəti, dəyərləri, adəti, milli xüsusiyyətləri var. Bu faktorlar bütövlükdə həmin xalqın milli ideologiyasını təşkil edir. Məlum obyektiv və subyektiv səbəblər üzündən Azərbaycan 70 il sovet Rusiyasının işğalı altında olub. Buna baxmayaraq, xalqımız öz kimliyini heç vaxt unutmayıb. Müstəqillik əldə edənə qədər çətinliklərə rəğmən, milli kimliyimizi qoruyub saxlamağı bacarmışıq.

Milli ideologiyamız olan azərbaycançılıq ideologiyası ölkədə kimliyindən asılı olmayaraq, bütün fərqli etnikləri bir arada birləşdirir. Sağlam təməllərə söykənərək, birləşdirici, barışdırıcı, həmrəylik missiyasını özündə ifadə edir. Ona görə də azərbaycançılıq ideologiyasının təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Bu ideologiya siyasi və dövlətçilik ideologiyası kimi toplumun və dövlətin inkişafına, güclü olmasına xidmət edir. Ona görə də azərbaycançılıq ideologiyasının ölkədə yaşayan hər bir vətəndaşa hakim olmasından ötrü daha geniş tədbirlər həyata keçirilməlidir. Güclü maarifləndirmə işi aparılmalı, ideologiyanın təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması hamı üçün başlıca məqsəd olmalıdır. Çünki milli ideologiyasız heç bir millət ayaqda dura bilməz.

Bu ideologiyanın təbliği nə üçün önəmlidir?

Dövlətin oturuşması, möhkəmlənməsi və dayanıqlı əsaslara söykənərək inkişaf etməsi həmin dövlətin milli ideologiyası əsasında baş verir. Ən əsası isə odur ki, Azərbaycanın milli ideologiyası birləşdirici funksiyanı özündə ehtiva etdiyi üçün, kənar neqativ təsirlərin qarşısını müvəffəqiyyətlə alır. Məhz buna görə, ideologiya həm də birləşdirici məfhum hesab olunur. İstisnasız demək olar ki, azərbaycançılığın ən mühüm amillərindən biri vətənə, torpağa bağlılıqdır. Azərbaycançılıq deyəndə, onun bir üzündə vətənpərvərlik, milli birlik, digər üzündə isə milli şüur və əqidə bütövlüyü dayanır. Bunlar azərbaycançılığın əsas komponentlərindən sayılır. Psixologiyanı az-çox bilən, cəmiyyətlə işləyən adamlar bilirlər ki, hər hansı bir sosial sistemdə ideya konkret olmayanda, müəyyən fəsadlara gətirib çıxarır. Ona görə də inkişaf üçün hökmən ideyanın aydın olması vacibdir. Bütün məqamlar nəzərə alınmaqla, azərbaycançılıq müfəssəl şəkildə təbliğ olunmalı, həmçinin, sözügedən ideya müəyyən qədər cilalanmalı və təkmilləşməlidir. İstər ali məktəblərdə, istərsə də orta ümumtəhsil ocaqlarında, ümumiyyətlə harada olursa-olsun, ümumi şəkildə də olsa azərbaycançılıq haqqında söhbətlər edilməlidir. Tədbirlərdə, mühazirələrdə, hətta ekskursiyalarda belə azərbaycançılığı qabartmaq lazımdır. Ailədən başlayaraq, təhsilin son pilləsinə qədər ümumi azərbaycançılıq mövqeyi aşılanmalıdır. Əgər proses sistemli şəkildə həyata keçirilərsə, azərbaycançılıq ideologiyası böyüyən nəslin canına, ideyalarına, baxışlarına, əməllərinə hopar.

Azərbaycançılıq ideologiyası çox taleyüklü bir məsələdir

İctimaiyyət nümayəndələri hesab edirlər ki, azərbaycançılıq ideologiyasının təbliği iki istiqamətdə, yəni həm ölkə daxilində, həm də xaricdə aparılmalıdır. Çünki yalnız milli ideya bütün dünya azərbaycanlılarını bir bayraq altında cəmləyə bilər. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşdiklərini deyib. Onun sözlərinə görə, milli ideya dünya azərbaycanlılarını bir araya gətirən, ümummilli mənafelər uğruna səfərbər edən vahid bir ideoloji konsepsiya, milli məfkurə kimi qəbul olunur: "Prezident İlham Əliyev bu məfkurənin daha geniş coğrafiyada yayılmasına, diaspor quruculuğu işinin keyfiyyətcə yeni müstəviyə çıxarılmasına, soydaşlarımızın daha sıx birləşməsinə xidmət edən bir çox tarixi əhəmiyyətli qərarlar qəbul edib. Bu qərarlar Azərbaycan diasporunun daha da güclənməsinə, inkişafına stimul yaradıb. Hazırda dünyanın bir çox ölkəsində 462 diaspor təşkilatı fəaliyyət göstərir. Bu gün diasporumuz beş il, on il əvvəlkindən daha güclü və mütəşəkkildir”.

"Azərbaycançılıq xalqın kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən dəyərlər sistemidir”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayevə görə, cəmiyyətdə tarix boyu yaranan və insanların şüurunda formalaşan ictimai dəyərlərin məcmusu azərbaycançılıq ideyasıdır. Deputatın fikrincə, cəmiyyəti birləşdirən, onun inkişafına zəmanət verən dəyərlər sistemi Əsas Qanunda əks edilməklə yanaşı, insanların şüurunda, düşüncələrində və qəlblərində də olmalıdır: "Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olub. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib. Ona görə Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşib. Xalqın adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası bu gün də mövcuddur. Bu ideya ictimai-siyasi proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir. Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, demokratik inkişafını təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanıb. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sisteminin formalaşmasıdır”. Millət vəkili deyib ki, azərbaycançılıq ölkə ərazisində yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya Azərbaycanın müstəqilliyini arzulayan, onun güclənməsini istəyən bütün insanları birləşdirir: "Beləliklə, azərbaycançılıq xalqın kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən dəyərlər sistemidir. Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideya birliyi azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq, ölkəmizin müstəqilliyini, birliyini və demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır”.

"Azərbaycançılıq ideyası coğrafi anlayış deyil”

Azərbaycançılıq ideologiyası, onun kökləri və təbliği barədə danışan filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə bildirib ki, dünyanı uzun illər vahimə altında saxlayan sovet imperiyası çökəndən sonra bir neçə respublika qanlar bahasına öz müstəqilliyini əldə edib. İmperiya ilə yanaşı, onun əsaslandığı totalitar ideologiya marksizm və leninizm iflasa uğrayıb. Həmin andan etibarən postsovet respublikalarında milli ideologiyalara əsaslanma meyilləri ortaya çıxıb: "Azərbaycançılıq ölkəmizdə baş vermiş milli azadlıq hərəkatlarının tarixi təcrübələrinin nəzəri yekunudur. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. Bu ideologiya diktaturadan demokratiyaya keçid dövrünün nəzəriyyəsi, milli özgürlüyümüzün təlimidir. İmperiyaçılığa qarşı müqavimətdə formalaşan istiqlal ideologiyasıdır. Azərbaycançılığın aşağıdakı şərtləri var: - maarifçilik yolu ilə inandırma, tarixi əsaslandırma, təşkilatlandırma, istiqamətləndirmə və yenini yaratma”. Professora görə, azərbaycançılıq ideologiyasının kökləri 20-ci əsrin əvvəllərinə gedib çıxır: "Tarixi kökləri qədim olan bu məfkurəni türkçülükdən ayırmaq olmaz. Azərbaycançılıq coğrafi anlayış deyil, o daha çox siyasi anlayışdır. İdeologiya cəmiyyətdə milli birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin və onun dövlətinin mövqeyini izah və təsdiq etmək üçün yaradılır. O, xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindəndir, xalqın kimliyini əks etdirən təfəkkür, adət və inanclar sistemidir. Dil, ərazi, din və ideoloji birlik millətin və dövlətin tarixi varlığının əsas atributlarıdır. Ona görə də bu ideologiyanın təbliğinə böyük önəm vermək lazımdır”.

"Heç bir mütərəqqi ideologiyanın hökm sürmədiyi cəmiyyətdə kosmopolitizm ideyası yayılır”

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərov deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli mənlik şüurunun formalaşmasına kənar ideologiyalar maneçilik törədib. Belə ki, həmin dövrdə insanlarımızın şüurundakı ziddiyyətlərdən, qarşıqlıqlardan istifadə edərək onu öz maraqlarına uyğunlaşdırmağa çalışan antimilli qüvvələr ortaya çıxıb: "Konkret olaraq Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Rusiyanın imperalizm ənənələrini davam etdirən dairələr, Qərbin kosmopolitləri, paniranizm ideoloqları və başqa antimilli ideyalar azərbaycanlıların milli mənlik şüurunun formalaşmasına mənfi təsir göstərib. Təəssüflər olsun ki, bəzən indi də biz bu cür meyillərə rast gəlirik. Bu baxımdan, Azərbaycan cəmiyyətinin özünü müdafiəsi, milli varlığını qoruyub yaşatması mühüm və qaçılmaz faktordur. Çünki cəmiyyətin ideologiyasızlaşdırılması onun milli-mənəvi dəyərlərinin, o cümlədən dilinin, tarixinin, ədəbiyyatının, mədəniyyətinin itirilməsinə, assimilyasiya olunmasına aparıb çıxarır. Belə ki, heç bir mütərəqqi ideologiyanın hökm sürmədiyi cəmiyyətdə millilik tamamilə aradan qalxır və onun yerini kosmopolitizm "dünya vətəndaşlığı” ideyası tutur. Bu zaman cəmiyyətin tarixi, ədəbiyyatı, mədəniyyəti bir növ ayrı-ayrı xalqların, dinlərin və kültürlərin mexaniki cəmindən başqa bir şey olmur”.

"Son illərdə azərbaycançılıq ideologiyasına maraq artıb”

Alimin sözlərinə görə, Azərbaycanda milli ideologiya kimi əsasən türkçülük və azərbaycançılıqdan bəhs olunur. Çünki istər ötən əsrin əvvəllərində, istərsə də müasir dövrdə islam və modernləşmə azərbaycançılıq ideologiyasının tərkib hissəsi sayılıb: "Hər hansı ideyanın cəmiyyətin əksəriyyətinin şüurunda möhkəmlənməsi bir neçə il, hətta on illər ərzində mümkün ola bilməz. Bir ölkədə homegen millətin yaranması üçün ən azı bir əsr lazımdır. Ona görə də, hər hansı milli ideya irəli sürülərkən bir millətin müəyyən dövr üçün deyil, əbədi olaraq varlığının mühafizəsi nəzərə alınmalıdır. Təəssüflər olsun ki, ötən 20-22 il ərzində azərbaycanlılar milli ideyanın müəyyənləşməsi baxımından ziddiyyətli bir prosesin içində olublar. Belə ki, ilk dövrlərdə daha çox türkçülük və müəyyən qədər də islamçılığın təsiri altında olanlar daha sonra azərbaycançılığa, hətta ideologiyasızlaşdırmağın bir növü olan "vətəndaş cəmiyyəti”nə meyil etməyə başlayıblar. Hazırda isə, demək olar ki, bu ideyaların hər biri az və ya çox dərəcədə azərbaycanlıların şüurunda müəyyən yer tutub. Heç şübhəsiz ki, bu mənzərə nisbi xarakter daşıyır. Son illərdə milli ideologiyaya maraq artıb. Bu da onu göstərir ki, artıq azərbaycanlılar mövcud olan ideyaları daha çox şüurlu şəkildə saf-çürük edərək güclü və əsaslı bir ideyaya tapınmaq, bununla da milli birliyi gücləndirmək əzmindədirlər.

İsmayıl

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.