Natiq Miri: “Bir nəfərlik partiya nə hesabat verəcək ki?”
"Qeydiyyatdan keçən hər bir siyasi partiya əldə etdiyi vəsaitlər, ianələr barədə Mərkəzi Seçki Komissiyasına ildə bir dəfə hesabat verməlidir. Onlar gəlirlərin haradan gəlməsini və nəyə xərcləndiyini göstərməlidirlər”. Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, 14 siyasi partiyadan başqa yerdə qalanları bu günə qədər özlərinin maliyyə mənbələri haqqında məlumat verməyiblər. Komitə sədri hesabat verən bəzi partiyaları da tənqid edib: "Məlumat verənlərin çoxunda ağ bir kağızdır. Heç bir rəqəm göstərilməyib. Halbuki, siyasi partiya fəaliyyət göstərirsə, orada işçi çalışırsa, nəqliyyat və digər vasitələri varsa, niyə bu haqda bildirilmir? Sual olunur, bəs həmin partiyaların rəhbərliyi haradan əmək haqqı alır?!”. S.Novruzovun sözlərinə görə, hesabatda hər bir şeyin dəqiqliklə qeyd olunması şəffaflığın göstəricisidir. Partiyaların MSK-ya hesabat verməməsinə münasibət bildirən Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Natiq Miri deyib ki, ölkə qanunvericiliyinə görə, bütün siyasi qurumlar dövlət və cəmiyyət qarşısında hesabat verməlidir və bu zaman bütün proseslər şəffaf olmalıdır. Amma maliyyə imkanları məhdud olan siyasi partiyalardan içi dolu kağız gözləmək gülüncdür: "Əksər partiyaların maliyyə resursları dondurulub. Bir çox siyasi qurumlar inersiya gücü sayəsində fəaliyyət göstərir. Yəni partiyanı ideya daşıyıcılarının köməkliyi ilə ayaqda saxlayırlar. S.Novruzov partiyalardan hesabat tələb etməzdən qabaq siyasi partiyalar üçün yaradılan şəraitdən danışmalıdır. Bu gün hakim partiya ilə digər siyasi təşkilatların vəziyyəti, proseslərə qoşulma gücü eyni deyil. O ki, qaldı xarici ölkələrdən maliyyələşən və ianələrini gizlədən partiyalara, ölkənin hüquq-mühafizə orqanları var. Araşdırsınlar, əgər belə faktlar varsa, hüquq çərçivəsində onları məsuliyyətə cəlb etsinlər”. N.Mirinin sözlərinə görə, Azərbaycanda 10-15 partiya siyasi fəaliyyət göstərir, qalanları isə bir sədrdən, bir də portfeldən ibarət olan partiyalardır: "Bir nəfərlik partiya nə hesabat verəcək ki? Əgər həmin partiyalarla bağlı problemlər yaranırsa, onda Ədliyyə Nazirliyinin əliylə onları birdəfəlik ləğv etsinlər və məsələ kökündən həll olsun”.
İsmayıl