Azərbaycanda bəzi şəxslərin meyitləri yandırılacaq

“Belə çıxır ki, sabah hər hansı cinayətlə bağlı məzarı açıb, ekspertiza aparmaq mümkün olmayacaq”



Azərbaycanda məzarlıqlarla bağlı yeni qaydaların qanun layihəsi formasında Milli Məclisdə baxılmasına ehtiyac olmadı. Məsələ Nazirlər Kabineti tərəfindən həll olunub və yaxın zamanlarda qərar layihəsi kimi açıqlanacaq.

Bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, müəyyən detallar aydınlaşandan sonra rəsmi sənəd açıqlanacaq: "Hər şey ölçülüb-biçilməlidir. Məzarlıqlar su hövzəsindən ən azı 300 metr kənarda salınacaq. Səbəb meyitin torpağa qarışdıqdan sonra suya sirayət etməsidir ki, buna yol vermək olmaz. Tibbi qaydalar nəzərə alınacaq. Elə xəstələr var ki, onları basdırmaq olmaz, nəşi yandırılmalıdır. Çünki elə xəstəliyin daşıyıcısı ola bilər ki, torpağa qarışdıqdan sonra yayılma ehtimalı böyük ola bilər. Ona görə layihədə təhlükəli xəstəlik daşıyıcısı olan ölənin nəşinin yandırılması məsələsi də əksini tapıb”.

Məsələnin dini tərəflərini şərh edən ilahiyyatçı-alim Elşad Mirinin sözlərinə görə, elə yoluxucu xəstəliklər olub ki, onun əlacı tapılıb, həmin şəxs müalicə olunub və çox rahatlıqla xəstəlikdən yaxa qurtara bilib: "Peyğəmbərin dövründə heç bir zaman deyilməyib ki, bu şəxsin yoluxduğu xəstəliyin əlacı yoxdur, aparın onu yandırın. Ümumiyyətlə, torpaq işini bilən mütəxəssislərdən soruşmaq lazımdır ki, həqiqətən də o cür xəstəliyi olan insanlar dəfn olunduqdan sonra virus müxtəlif variantlarda insanlara yoluxur, ya yoluxmur? Birincisi, bu sualın cavabı tapılmalıdır. İkincisi də, Hindistanda xəstə oldu-olmadı dünyasını dəyişən hər kəsin yandırılması ənənəsi var. Belə çıxır ki, Hindistanda heç bir xəstəlik yoxdur? Heç bir xəstəlik yayılmırmı? Məsələn, hər iki aspektdən yanaşmaq lazımdır. İslamda qəbul edilən ümumi anlayış odur ki, insanın özünə, cəsədinə hörmət əlaməti olaraq torpağa dəfn olunmalıdır. Üstəgəl, dəfn olunmanın başqa tərəfləri də var. Məsələn, hansısa bir şəxs hər hansı bir formada cinayətə qurban gedərsə, bu adam dəfn olunarsa, onun sabah məzarını açıb, cəsədin üzərində tibbi ekspertiza aparmaq olur. Amma yandırılanda bir insanla bağlı bu işləri ortaya çıxarmaq mümkün deyil. Məsələyə bu aspektdən də yanaşanda görürük ki, yeni qanun layihəsi qəbul olunarsa, bu işdə də boşluqlar yarana bilər”.

Ayyət Əhməd