“Azərbaycanda daxili sabitlik var, ətrafımızda da sabitlik istəyirik”
Prezidentin Münhendə səsləndirdiyi fikirlər beynəlxalq təhlükəsizliyin qorunmasına, müdafiə olunmasına xidmət edirdi
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev qlobal əhəmiyyətli tədbirdə - Münhen Təhlükəsizlik Konfransında iştirak edib. Dövlət başçısı konfrans çərçivəsində "dəyirmi masa”lara qatılıb və enerji təhlükəsizliyi, nəqliyyat kimi vacib sahələrlə yanaşı, Dağlıq Qarabağ münaqişəsindən söhbət açıb. Prezident Azərbaycanın haqlı mövqeyini yüksək səviyyəli beynəlxalq tədbirlərdə bütün dünyaya çatdırıb.
Gənc ölkə olsa da, Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanındığını, dünyada hörmət edilən ölkə olduğunu bildirən İlham Əliyev Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini vurğulayıb. Ölkə rəhbəri Azərbaycanın öz qonşuları olan İran, Türkiyə və Rusiya ilə yaxşı münasibətləri olduğunu, bunun qarşılıqlı hörmətə əsaslandığını, qonşularımız arasında baş verən gərginliklərin Azərbaycanı da narahat etdiyini deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın siyasəti birinci növbədə qonşularla, eyni zamanda, müsəlman dünyası və Avropa ilə əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Prezident vurğulayıb ki, Azərbaycanda daxili sabitlik var, amma biz ətrafımızda da sabitlik istəyirik: "Azərbaycan Asiya ilə Avropa arasında yerləşir, coğrafi mövqeyimiz regionumuzda geosiyasi vəziyyəti müəyyən edir. Azərbaycan əsrlər boyu sivilizasiyaların qovuşduğu bir məkan, ölkə olub. Bu gün də tarixi irsimizi qoruyub saxlayırıq. Dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilməyimizlə qürur duyuruq. Coğrafi mövqeyimiz, eyni zamanda, qonşularımızla yaxşı münasibətlərimiz bizə regionumuzda yaşayan insanların mənafeyinə xidmət edən təşəbbüslər irəli sürülən bölgədə çox etibarlı tərəfdaş olmaq imkanını verir”. Dövlət başçısının sözlərinə görə, sabitləşdirici amil kimi Azərbaycanın rolu get-gedə beynəlxalq ictimaiyyət tərəfindən daha da çox tanınır: "Bakıda ABŞ ordusunun baş qərargah rəisi cənab Danford və Rusiya ordusunun baş qərargah rəisi cənab Gerasimovun görüşü oldu. Onlar ilk dəfə bizim ölkədə görüşdülər. Bakının seçilməsi qərarı bizim deyildi. Bizə yaxınlaşaraq buna razı olub-olmamağımız soruşuldu. Biz dedik ki, əlbəttə, buna razıyıq. Bəs nəyə görə Azərbaycan seçildi? Mən bu sualı özümə verdim. Avrasiyanın xəritəsinə baxaraq gördüm ki, ola bilsin, Azərbaycan onların görüşə biləcəyi yeganə məkandır. Biz NATO-nun üzvü deyilik. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyilik. Biz güclü beynəlxalq nüfuza malik ölkəyik. Biz ABŞ, Avropa və qonşularımız, Rusiya ilə çox yaxşı münasibətləri olan və onların hörmət bəslədiyi ölkəyik. Buna görə də artıq nəinki təkcə bizim regionda, həm də geniş miqyasda Azərbaycanın sabitləşdirici amil kimi rolu artacaqdır. Bu, bizim regional sabitliyə verdiyimiz töhfədir. Burada artıq qeyd olunmuşdur ki, sabitlik istənilən növ inkişaf üçün ən vacib amildir. Sabitliyiniz olmasa, sərmayələri, həyat şəraitinin yaxşılaşdırılmasını və əməkdaşlığı unudun”.
Millət vəkili Elman Nəsirov deyib ki, Prezidentin Münhen Təhlükəsizlik Konfransının tribunasından səsləndirdiyi fikirlər beynəlxalq sülhün, təhlükəsizliyin qorunması, müdafiə olunması və inkişafına xidmət göstərir. Onun sözlərinə görə, dövlət başçısı çıxışında dünya ictimaiyyətinin fikrini mühüm məsələlərə yönəldib:
"Bu, ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri əhatə edirdi. Prezident Ermənistanın təcavüzkar siyasətinin ağır nəticələri ilə bağlı faktları dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Eyni zamanda münaqişənin həllində beynəlxalq təşkilatların, beynəlxalq birliyin ikili yanaşma tərzini tənqid etdi. Dövlət başçısı qeyd etdi ki, bununla bağlı beynəlxalq təşkilatlar, BMT Təhlükəsizlik Şurası müvafiq qətnamələr qəbul edib, lakin həmin qətnamələrin icrası baş tutmur. Ermənistan həmin qətnamələri nəzərə almır, beynəlxalq hüquq prinsiplərinə məhəl qoymur. Biz bir çox hallarda beynəlxalq təşkilatların qərarlarının qısa zamanda həllinin şahidi olmuşuq. Bunlar tənqid olunası məsələlərdir və dövlət başçısı bu məsələlərlə bağlı öz fikrini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı”. E.Nəsirov Prezidentin sözlərinə diqqət çəkərək bildirib ki, əgər Ermənistanın təcavüzkar siyasəti olmasaydı, Azərbaycanın daha böyük nailiyyətləri ola bilərdi. Əgər beynəlxalq aləm Ermənistana təzyiq etsə, ermənilərə qarşı sanksiyalarını işə salsa, Azərbaycan daha sürətlə inkişaf edər, region daha təhlükəsiz olar. Ermənistanın yeritdiyi təcavüzkar siyasət region üçün çox ciddi təhlükədir. Bu istiqamətdə beynəlxalq hüquqa söykənən ciddi addımlar atılmalıdır, əks halda ciddi fəsadlar törədəcək proseslər baş verə bilər”.
Politoloq Fikrət Sadıqov bildirib ki, Prezident İlham Əliyevin Münhen səfəri Azərbaycan-Avropa əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir:
"Hesab edirəm ki, dövlət başçısının Münhen konfransında iştirakı bütün suallara cavab verilməsi baxımından önəmli bir addımdır. Cənab Prezidentin panel iclaslarında iştirakı və "dəyirmi masa”dakı çıxışı demək olar ki, ölkəmizi dünya birliyinə sanki yeni bir tərəfdən təqdim etdi. Azərbaycanın uğurlarını, reallıqlarını bütün dəqiqliyi ilə açıqladı. Söhbət hansısa konkret sahədən getmir. Burada iqtisadi, enerji layihələri, Dağlıq Qarabağ münaqişəsi, aparıcı dövlətlərin mövqeyi, beynəlxalq təşkilatların yanaşması və s. məsələlər Münhendə tam mənada açıqlandı. Dövlət başçısı belə məsələlərə nəinki aydınlıq gətirdi, hətta dövlətləri Azərbaycanın problemlərinə daha diqqətli olmağa çağırdı. İzah etdi ki, Azərbaycanda mövcud olan təhlükəsizlik məsələləri eyni zamanda, Avropanın təhlükəsizliyinin tərkib hissəsidir. Əgər biz Avropa və digər ölkələrə layihələrlə bağlıyıqsa, mühüm işlər həyata keçirilirsə və gələcəkdə bu layihələr daha da genişlənəcəksə, bu barədə düşünülməlidir”.
Ekspertin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ikitərəfli mövqe nümayiş olunmamalı, dəqiq addımlar atılmalıdır:
"Lazım gəlsə, hətta Ermənistana sanksiyalar tətbiq edilməlidir. Çünki biz şahidi oluruq ki, bir çox hallarda bu aparıcı "oyunçular” ikili yanaşmalar nümayiş etdirir. Bu məsələni uzadan səbəblər tam açıqlaması ilə budur. Düşünürəm ki, dövlət başçısı cənab İlham Əliyev bu mənada həm konfrans iştirakçılarını məlumatlandırdı, həm də iştirakçılara və dünya birliyinə lazımi mesajlar verdi. Prezident bir daha bütün dünya ölkələrini bu məsələlərdə daha diqqətli olmağa çağırdı”.
İsmayıl