Azərbaycanda “Euronews” tipli televiziya yaradıla bilər
Ekspertlər Əflatun Amaşovun təklifini müsbət dəyərləndirirlər
Azərbaycanda beynəlxalq münasibətlər mövzusunun işıqlandırılmasında medianın durumu o qədər də ürəkaçan deyil. Azərbaycan jurnalistlərinin ölkə həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində uğurları çox məhdud saydadır. Söz yox ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında jurnalistlərin beynəlxalq əlaqələrinin də özünəməxsus rolu var.
Əməkdaşlıq çərçivəsində bir sıra ölkələrin media nümayəndələri Azərbaycana səfərlər edirlər. Eləcə də bizim jurnalistlər bir sıra beynəlxalq tədbirlərdə iştirak edərək, onların təcrübəsindən yararlanmağa çalışırlar. Təbii ki, bu səfərlər dövlətlər arasında münasibətlərdə də öz sözünü deyir. Belə olan halda isə Azərbaycan jurnalistlərinin beynəlxalq münasibətləri zəif işıqlandırması ölkə ictimaiyyətini narahat etməyə bilməz. İnformasiya müharibəsində qalib gəlmək yönündə dünyanın nüfuzlu media qurumlarına azərbaycanlı jurnalistlərin inteqrasiya olunması müasir dövrümüzdə savadlı diplomatların, iqtisadiyyatçıların yetişdirilməsi qədər lazımlı məsələlərdəndir.
Azərbaycan Respublikası tərəfindən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün bir çox media layihələri həyata keçirilir, internet portallar yaradılır. Bu mənada, yerli KİV-in dünya mediası ilə əlaqələrinin genişləndirilməsi məqsədi ilə də ətraflı müzakirələrin aparılmasına ehtiyac var. Ən azından bu gün Azərbaycanımızı, dünyada yaşayan azərbaycanlıların məsələlərinin Avropa ölkələri mediasında işıqlandırılmasının bir növ zəmanətinə çevrilməlidirlər. Avropanın hər hansı bir şəhərində yaşayan adi bir həyat tərzi sürən azərbaycanlı mediada Azərbaycan həqiqətinin ən güclü, ən obyektiv, ən yaxşı nümayişçisinə çevrilə bilər. Heç şübhəsiz, ölkədə fəaliyyət göstərən bütün redaksiyalar beynəlxalq media qurumlarının təcrübəsini öyrənməkdə maraqlıdır və onlarla əməkdaşlıq əlaqələrinin qurulmasını vacib hesab edirlər. Elə bu məqsədlə də bir çox qəzetlər müəyyən qədər xarici media orqanları ilə əlaqələr yaratmağa çalışırlar.
Azərbaycan mediasının dünya kütləvi informasiya məkanına çıxış vəziyyəti ilə bağlı media ekspertlərinin fikirləri birmənalı deyil. Buna baxmayaraq bir çox ekspertlər ölkə mediasında beynəlxalq mövzunun peşəkarlıqla işıqlandırılması, Azərbaycan həqiqətlərinin dünya mediasına daha geniş çıxarılması üçün zəruri olan məsələlərə aydınlıq gətirilməsi məsələsində həmrəydilər.
Qeyd edək ki, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Azərbaycan həqiqətlərinin dünyada yayılması üçün yeni televiziya kanalının yaradılmasını təklif edib. Azərbaycanda orduya xüsusi diqqət yetirildiyini qeyd edən millət vəkili bunun təqdirəlayiq olduğunu deyib: "Ordumuz istənilən an torpaqları işğaldan azad edə bilər. Amma beynəlxalq güclər buna imkan verərmi? Məsələ də budur. Ona görə da orduya göstərilən diqqətlə yanaşı, informasiya siyasətinə də diqqət artırılmalıdır.
Müəyyən məbləğlə Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıracaq "Euronews” tipli televiziya kanalı yaradıla bilər”.
"Lent.az” saytının redaktoru Səbinə Əvəzqızı "Şərq”ə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşovun təklifini çox müsbət dəyərləndirdiyini deyib:
"Necə deyərlər, əsas niyyətdir və buradakı istək Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdırmaqdırsa burada pis nə ola bilər ki? Əslində Amaşovun mətbuatın da ordumuz kimi xüsusi diqqətdə saxlanılmasını vurğulaması daha çox diqqətimi çəkdi. Hazırda elə bir dövrdə yaşayırıq ki, müharibənin yalnız ordu, əsgərlə aparılmadığını bilməliyik. Savaşı yalnız ordu ilə udmaq olmaz. İnformasiya ən güclü silahdır. Media bu mübarizədə işin əsas hissəsini öz üzərinə götürür. İndi həmin mətbuat nümayəndələrinin də müasir tələblərə cavab verən elə bir qurumu olmalıdır ki, savaşda daha effektli iştirak edə bilsin. Nə vaxta kimi biz özümüz deyib, özümüz eşitməliyik? Dövlət dəstək verərsə, Azərbaycan mediası da özü gücünü, həqiqətlərini bütün dünyaya nümayiş etdirə bilər. O ki qaldı kadr potensialına, bu, düzələsi məsələdir. Bizdə kifayət qədər potensialı olan media nümayəndələri var. Qalır bircə onları xüsusi təcrübə almaq üçün Avropaya göndərmək, təhsillərini bir qədər də inkişaf etdirmək və s. Hətta beynəlxalq mütəxəssislər də dəvət etmək olar. Müəyyən hazırlıqdan sonra hesab edirəm ki, ortaya yaxşı bir iş qoymaq mümkündür. Eyni zamanda çalışmaq lazımdır ki, yaradılacaq bu yeni quruma kənardan müdaxilə olmasın, daima inkişaf etməsi üçün isə yeni layihələr ortaya çıxarılsın və s. Özümüzdən bədgüman olmayaq. Bizlər səmimi qəlbdən istəsək, "Euronews”də keçə bilərik. Niyə də olmasın?”
Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə isə deyib ki, Azərbaycan kimi müharibə vəziyyətində olan, ərazi bütövlüyü pozulan və zaman-zaman beynəlxalq kampaniyaların hədəfinə gətirilən bir ölkənin beynəlxalq miqyasda səsinin eşidilməsinə, haqlı mövqeyinin müntəzəm çatdırılmasına ehtiyac var:
"O baxımdan, Əflatun müəllimin belə bir təşəbbüslə çıxış etməsini zərurətdən irəli gələn addım kimi qiymətləndirməliyik. Bu məsələnin Mətbuat Şurasının sədri, millət vəkili tərəfindən qaldırılması da təsdiqləyir ki, elə bir telekanalın yaradılması Azərbaycan üçün çox vacibdir. Təşəbbüsə praktik tərəfdən yanaşsaq, bir neçə dildə yayımlanacaq telekanalın yaradılması, peşəkar heyətin yığılması və kanalın beynəlxalq efir məkanında özünə yer tapması ciddi maliyyə resursları tələb edir. Ancaq fikrimcə, məsələnin vacibliyi bu qədər xərcin çəkilməsinə əsas verir.
Qeyd olunan telekanalın fəaliyyətə başlaması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə yanaşı, həm də ölkənin özünəməxsus təbliğatı olardı. Məsələn, bu gün Qətər kimi zəngin neft ölkəsini milyarder şeyxlərə yox, "Əl-Cəzirə” telekanalına görə tanıyırlar. Həm də bir çox dillərdə yayım aparan "Əl-Cəzirə” qlobal efir rəqabətində yetərli dayanıqlıq qazanıb”.
S.Verdizadənin fikrincə, Azərbaycanda da analoji telekanal yaradılsa, ora cəlb olunacaq peşəkar kontingent və məqsədyönlü fəaliyyət sayəsində uğur qazanmaq mümkündür. Əsas olan bu istiqamətdə addım atmaqdır. Bu təşəbbüsün Əflatun müəllim tərəfindən gündəmə gətirilməsi isə məsələnin diqqət mərkəzində olduğunu düşünməyə əsas verir.
Dünya praktikasında belə bir layihənin mövcud olduğunu vurğulayan Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin sözlərinə görə, Rusiyada "Russia today” adlı televiziya layihəsi yaradılıb və çox da uğurlu fəaliyyət göstərir. Bütün dünyada Rusiyanın təbliğatçısı kimi çıxış edən bu kanal dünyada və Rusiyada baş verən istənilən siyasi hadisə ilə bağlı ölkə rəhbərliyinin mövqeyini ortaya qoyur.
Azərbaycanda çoxlu telekanallar olduğunu vurğulayan M.Ələsgərli onların kommersiya tipli olduğunu deyib. Onun sözlərinə görə, bu kanalların Azərbaycan həqiqətlərinin dünya mediasına çatdırılması istiqamətində fəaliyyəti yetərli deyil. Bu səbəbdən də Əflatun müəllimin fəaliyyəti təqdirəlayiqdir.
Yəni burada söhbət komersiya maraqlarına görə müxtəlif proqramlara üz tutan, gün ərzində efirləri müxtəlif şou proqramlarla dolduran kanallardan yox, birbaşa xəbər üzərində fokuslaşan və analiz, təhlillər verən bir kanalın yaradılmasından gedir. Düşünürəm ki, Azərbaycanın belə bir kanal yaratmağa yetəri qədər potensialı var.
"Azadinform” informasiya agentliyinin redaktoru Elçin Bayramlı isə hesab edir ki, bu böhran vaxtı yeni televiziya yaratmağın heç bir əhəmiyyəti yoxdur. Onun sözlərinə görə, ölkədə bu işlə məşğul olan CBC. ARB 24. kimi TV-lər var. Onların imkanlarını və fəaliyyətini genişləndirmək olar. Eyni şeyi edə bilərlər.
Yeni TV isə dəfələrlə çox vəsait tələb edəcək: "Kadr potensialı yetərindən də dəfələrlə çoxdur. Bu heç problem deyil. Həm də Azərbaycanda yaranan kanala dünyada çox az baxılacaq. CBC-nin təcrübəsi bunu deməyə əsas verir. Yaxşı olar ki, bu vəsaitə Rusiya, Avropada TV-lər satın alınsın, ya da davamlı olaraq nüfuzlu televiziyalarda materiallar hazırladılsın. Düşünürəm ki, bu daha çox effekt verər”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb