Azərbaycanda neft hasilatı niyə azalıb ? - MÜTƏXƏSİS İZAH EDİR




"Reallıq bundan ibarətdir ki, ötən ilin birinci rübündə Azərbaycanda neft hasilatında 900 min ton azalma olub”.

Bunu Sherg.az-a 2017-ci ildə neft hasilatının ötən illə müqayisədə 80 min barel azalmasına münasibət bildirərkən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. 

O bildirib ki, 5 ayın müqayisəsində isə hasilatın artması qeydə alınıb:

"Nəticə etibarı ilə bu rəqəm aşağı düşüb və təxmini 870 min ton ətrafındadır. Bunu gündəlik hasilatda barelə çevirsək, təqribən 1 milyon ton 20 min barel edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə təxmini 15 min barel sutkalıq azalma var”.

Neft hasilatının azalmasının səbəblərinə gəlincə, ekspert deyib ki, azalmanın lokamativi Azəri-Çıraq-Günəşlidə hasilatın aşağı düşməsidir:

"Bu, onunla əlaqədardır ki, artıq quyulara ötən ilki qədər texniki qaz vurulmur. Ötən il hasilatı stabilləşdirmək ona görə mümkün olmuşdu ki, quyulara böyük həcmdə texniki qaz vurulurdu. Bunun nəticəsində hasilat stabilləşmişdi. Ancaq cari il üçün bu nəzərdə tutulmadığından Azərbaycan üçün səmt qazının verilməsi artırılıb. Buna görə, hasilatın azalması baş verir.

Digər tərəfdən hasilat obyektiv səbəblərdən azalır. Hasilatı saxlamaq üçün yeni quyular qazılmalıdır. Keçən illə müqayisədə quyuların sayı 7 ədəd artsa da, sulaşma çox olduğundan sayı daha çox olmalıdır ki, hasilat da artsın.

2017-ci ilin ikinci yarısında hasilatı bir qədər artıracaqlar. Bu isə indi qazılan quyuların hesabına baş verəcək. O quyular ilin ikinci yarısında istifadəyə veriləcək.

Hökumət həm ötən ilki hasilatı proqnozlaşdırdıqda və büdcəni tərtib etdikdə bütün bunları nəzərdə tutmuşdu. Ona görə, qeyri-adi məqam yoxdur”.

Qeyd edək ki, mart ayı ilə müqayisədə 2017-ci ilin aprelində Azərbaycanın sutkalıq neft hasilatı 40 min barel artaraq orta hesabla 80 mln. barelə çatıb. Buna baxmayaraq, bu rəqəm ötən illə müqayisədə sutkalıq 80 min barel azdır.

Aysel Aslan