Mahmud Hacıyev: "Biz nə Amerika, nə Kanada, nə də Avropa ölkələriyik ki, güc strukturlarında qadınlar çoxluq təşkil etsin"
"Azərbaycanda qadın polislər var, lakin başqa sivil, demokratik ölkələrlə müqayisədə azlıq təşkil edir”.
Bunu Sherg.az-a millət vəkili Tahir Kərimlinin qadınların polis orqanlarında işləmək üçün cəlb edilməsi təklifinə münasibət bildirərkən Keçmiş polis rəisi Mahmud Hacıyev deyib.
O bildirib ki, müəyyən nüansları - milli mentaliteti, müsəlman ölkəsi olmağı nəzərə alaraq, bu məsələni təmin etmək mümkündür:
"Şərq ölkələrində qadınlar polisə, hüquq-mühafizə orqanlarına işləmək üçün o qədər də meyl etmir. Biz nə Amerika, nə Kanada, nə də Avropa ölkələriyik ki, güc strukturlarında qadınlar çoxluq təşkil etsin. Tamam yox demək də olmaz, amma bir qədər qadın polislərimiz var. Daha da çoxalması arzu olunandır, lakin qadınların əksəriyyəti meyl etmir.
Qonşu ölkələrdən nümunə götürmək lazımdır. Məsələn, Gürcüstanda Mixayil Saakaşvili polisin müəyyən xidmət sahələrini ləğv etdi. Dövlət yol polisini ləğv etdi, post patrul xidmətinin səlahiyyət dairəsini genişləndirdi və ora həddindən çox qadınları işə götürdü. Bu isə müəyyən effektiv rol oynadı. Həmin sahədə yaxşı təcrübələrdən yararlanmaq olar”.
Polisin müəyyən fərqli xidmətləri olduğunu qeyd edən M.Hacıyev əlavə edib ki, pasport və viza xidmətində işləyən qadınlar var. Onların sayının daha çox olması yaxşıdır:
"Çünki kişinin formanı geyinib, "paqon” taxaraq, silahı belinə bağlayıb, vətəndaşlara pasport təqdim etməsi bir qədər gülüncdür. Xaricdə buna gülürlər. Xaricdə həmin şəxsiyyət vəsiqəsi və viza sistemlərini güc strukturlarının tərkibindən çıxarıblar. Məntiqlə düşünəndə hər hansı sənədin verilməsində güc strukturunun, polisin rolu yoxdur.
Qadınları polis işində daha fərqli sahələrə də cəlb edə bilərlər. Misal olaraq, istintaq bölməsində oturaq işləmək mümkündür və qadınlar üçün əlverişli ola bilər. Bununla bərabər müəyyən mərkəzi aparatlar və şöbələr var ki, onlara qadınların cəlb olunması effektiv nəticə verər.
Amma əməliyyat, axtarış sahəsinə bütünlüklə qadınların işə götürülməsi düzgün olmaz".
Qeyd edək ki, deputat Tahir Kərimlinin sözlərinə görə son dövrdə Azərbaycanda təqribən 50 mindən çox qadın sürücü var. Buna baxmayaraq, qadın yol polisləri demək olar ki, yoxdur.
Ayyət Əhməd