"Azərbaycanda RUS DİLİNİN öyrənilməsi genişlənir"- İDDİA

Nabatəli Qulamoğlu:" Buna səbəb təhsilimizdə rusmeyilli elementlərin hələ də qalmasıdır"


IX sinif buraxılış imtahanlarına fənn artırılması hələlik tezdir.

Bunu Sherg.az-a Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin IX sinif buraxılış imtahanlarına fənn artırılması məsələsinə münasibət bildirərkən təhsil eksperti Nabatəli Qulamoğlu deyib. 

O bildirib ki, vahid imtahan sisteminin yaradılmasının müzakirəsi davam etdiyi müddətdə belə təklifin irəli sürülməsi ziddiyyətlidir: 

"Buraxılış imtahanları təhsil standartlarının məzmununa uyğun aparılır. Qəbul imtahanları isə bu məzmunun öhdəsindən gələn abituriyentlərin ən yaxşılarını seçir. Buna görə, imtahanları birləşdirmək daha məqsədəuyğun addım kimi müzakirəyə çıxarılıb. M, Abbaszadənin qeyd etdiyi buraxılış imtahanlarına xarici dil fənninin əlavə edilməsi isə hələlik mümkün deyil. Ölkədə xarici dilin öyrənilməsinə diqqət göstərilməyə çalışılsa da, bunun imtahan səviyyəsində tələb edilməsi hələlik tezdir. Düzdür, xarici dillərdən qəbul imtahanları götürülsə də, bu formal şəkildə öyrənilir. Qrammatik səviyyədə öyrənildiyindən xarici dillərin bilik səviyyəsini bununla ölçmək olmaz. Danılmaz faktdır ki, Azərbaycanda alman, fransız, ingilis kimi dillərin öyrənilməsi yüksək səviyyədə deyil. Keçmiş Sovet ölkələrində təhsil sahəsində Rusiyadan asılıq qalmadığından ingilis dilinin öyrənilməsi səviyyəsi yüksəlib. 

Azərbaycanda isə təhsildə rusmeyilli elementlərin hələ də qalması rus dilinin öyrənilməsini genişləndirir.

Rus bölmələrinin mövcudluğu da bu yanaşmanın genişlənməsinə təkan verir. Düşünürəm ki, IX sinif buraxılış imtahanlarına xarici dil fənni əlavə edilsə, şagirdlərin əksəriyyəti rus dilindən imtahan verməli olacaq. Bu gün beynəlmiləl hesab olunan ingilis dilini məişət dilinə çevirə bilməməyimiz təəssüfləndirici haldır. Belə vəziyyətdə nəticə olaraq, xarici dil fənninin buraxılış imtahanlarına əlavə edilməsinin reallaşmayacağını deyə bilərəm”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə gələn ildən IX siniflər üzrə buraxılış imtahanında fənlərin sayının artırılmasının nəzərdə tutulduğunu deyib.

Aysel Aslan