Azərbaycanda yazıçılar seçkilərə niyə qatılmır? -SORĞU

Aqşin Yenisey: "Bunu təsəvvür belə etmirəm"Kənan Hacı: "Özümü hansısa kiçik bir vəzifədə belə olsun, görmürəm"
Aqşin Evrən: "Qərara gəldim ki, növbəti parlament seçkilərində namizədliyimi irəli sürüm"
Fransalı yazıçı və kinoxadim Aleksand Jardənin bu ölkədə 2017-ci ildə baş tutacaq prezident seçkilərinə qatılması Azərbaycan yazıçılarının da parlament və prezident seçkilərində iştirakını aktuallaşdırıb. Hətta feysbuk sosial şəbəkəsində bu məsələ ətrafında ciddi müzakirələr aparılıb. Əksər istifadəçilər "Bəs niyə Azərbaycanda yazıçılar, şairlər seçkilərə qatılmır?" kimi suallarla çıxış edib. Biz də Sherg.az olaraq bu suala cavab tapmaq məqsədilə bir neçə yazıçımıza müraciət etdik.
Şair, publisist Aqşin Yenisey söylədi ki, Fransada, İngiltərədə yazıçıların parlamentə getməsinin səbəbi aydındır. Onlar cəmiyyət, dövlət maraqları haqqında fikirlərini daha yüksək tribunadan demək istəyirlər: 
"Amma biz öz fikirlərimizi evdə, ayaqlarımızı güclə örtən yorğanın altında əsə-əsə yazırıq, parlamentə getsək vəziyyətimiz necə olacaq? Ümumiyyətlə, Avropadakı söz, fikir, insan azadlığı bizim üçün metafizikadır! Bu mənada ölkəmizdə gələcəkdə baş tutacaq parlament seçkilərinə qatılmağı təsəvvür belə etmirəm".
Digər şair-yazıçı Kənan Hacı qeyd edib ki, Azərbaycan parlamentində zaman-zaman söz adamları yer alıb: 
" Bəxtiyar Vahabzadənin, İsmayıl Şıxlının kritik məqamlarda Ali Sovetin iclaslarını idarə etdiyini xatırlayın. Hətta bir dəfə Milli Məclisin seçkilərdən sonra ilk iclasını Anar açmışdı. Yazıçılar, şairlər dövlət postunda da mühüm vəzifələr tutublar, indi də tuturlar. O vaxt Sabir Rüstəmxanlı Mətbuat və İnformasiya naziri idi, Vilayət Quliyev Xarici İşlər naziri kimi mühüm bir postu tutmuşdu. Bu gün də görkəmli yazıçılarımızdan Elçin, Kamal Abdulla dövlət işində çox yüksək vəzifələr tuturlar. Bu, yazıçıya, söz adamına olan hörmətin, etimadın nəticəsidir. Bir dəfə xatırlayıram, Sabir Rüstəmxanlı prezidentliyə namizədliyini irəli sürmüşdü. Amma mən qətiyyən bu haqda düşünməmişəm, çünki indiyəcən özümü hansısa kiçik bir vəzifədə belə olsun, təsəvvür etmirəm".
Gənc şair Aqşin Evrən isə bir neçə dostunun təklifi ilə qərara gəlib ki, növbəti parlament seçkilərində namizədliyini irəli sürsün: 
"Ancaq hazırda, xalqı ayaq altına atan bəzi millət vəkillərinin daşıdığı adı, vəzifəni - deputat sözünü üzərimə götürüb özümü biabır eləmək istəmirəm. Prezidentliyə namizədliyini irəli sürmək istəyən fransız dostumuzun da addımını alqışlayıram, seçilsə, buna çox şad olarıq".
Ayyət Əhməd