Azərbaycanı təşvişə salan SU - TƏHLÜKƏ VARMI?



 
Dünən Sumqayıt şəhərindən və ətraf qəsəbələrdən 100-dən artıq uşağın zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilməsi əhalidə təşviş yaradıb. Lent.az xəbər verir ki, axşam saatlarında sosial şəbəkələrdə, xüsusi ilə "whatsapp” vasitəsi ilə ölkə ərazisində insanların istifadə etdiyi suyun təhlükəli ola biləcəyi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayıldı. Lakin sonradan aparılan araşdırmalar nəticəsində məlum olub ki, hazırda əhaliyə verilən suyun tərkibində heç bir təhlükəli maddə yoxdur. 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Lent.az-a bildirib ki, "Azərsu” tərəfindən daim suyun keyfiyyətinin standartlara uyğunlaşdırılması istiqamətində iş aparılır və su bəzi mikroorqanizmlərdən təmizlənir. Sumqayıtdakı kütləvi zəhərlənmənin səbəbinə gəlincə, o bildirib ki, buna suya kənar suların qarışması səbəb ola bilər: "Çünki "Azərsu”nun infrastrukturu kifayət qədər köhnəlib və məlum hadisənin baş verməsinə yalnız kənar suyun əhaliyə verilən içməli suya qarışması səbəb ola bilər”.

E.Hüseynov əlavə edib ki, insan sağlamlığı üçün hansı suyun: qaynadılmış, çiy, filtirdən keçirilmiş və ya çay-bulaq suyunun daha faydalı olması elmə hələ də tam aydın deyil: "Mən özüm neçə dəfə beynəlxalq konfranslarda bu məsələnin müzakirələrində iştirak etmişəm. İnsan orqanizmləri fərqli olduğu üçün hansı suyun ona daha faydalı olacağını əvvəlcədən iddia etmək yanlışdır. Bəzi işbazlar insanlara filtrdən keçirilmiş sudan istifadə etməyi təlqin edir. Lakin bu da doğru deyil. Filtrdən keçmiş su o demək deyil ki, faydalıdır”.
Birlik sədri əlavə edib ki, hazırda əhaliyə verilən suyun tərkibi ilə bağlı təhlükəli məqam yoxdur. Qeyd edək ki, "Azərsu" ASC-də dünən axşam əhaliyə verilən suyun tərkibinin standartlara cavab verdiyini bildirib.