“Azərbaycanın daxili işinə qarışma!”

Millət vəkilləri iranlı deputata yerini göstərdi



Bu günlərdə İran parlamentinin Xarici Siyasət və Təhlükəsizlik Komissiyasının sədr müavini Mənsur Həqiqətpur Nardaran qəsəbəsinin sakinlərinə aktiv olmaları üçün müraciət edib. İran rəsmisinin Azərbaycanın daxili işinə qarışması ölkədə ciddi təpki ilə qarşılanıb.

İranlı həmkarının açıqlamasına münasibət bildirən millət vəkili Aydın Mirzəzadə "Şərq”ə deyib ki, bu, İran səlahiyyətlisinin kobud şəkildə Azərbaycanın daxili işlərinə müdaxiləsidir: "O, ölkəmizin daxili işlərinə qarışacaq bəyanat verir. Hesab edirəm ki, məsələyə ciddi reaksiya verilməlidir. İnanıram ki, Milli Məclisin növbəti iclasında buna münasibət bildiriləcək. Mətbuatdan oxuduğuma görə, o, keçmiş hərbiçidir. Hərbidə çalışdığı zamanlarda Azərbaycanla bağlı bir sıra gizli addımlarda iştirak etməsi də mümkündür və hələ də həmin ab-havadan ayrıla bilməyib. İran səlahiyyətlisi öz statusuna hörmətlə yanaşmalıdır. Azərbaycanın daxili işlərinə qarışacaq bəyanat verməkdən çəkinməlidir. Onun çıxışları diplomatik qalmaqala səbəb ola bilər”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin hüquqşünas üzvü Çingiz Qənizadə də iranlı deputatın bu fikirlərini kəskin tənqid edib. O qeyd edib ki, M.Həqiqətpurun Nardaran qəsəbəsinin sakinlərinə aktiv olmaları üçün etdiyi müraciət Azərbaycanın daxili işlərinə birbaşa müdaxilədir: "Bu, ölkədə qarşıdurma yaratmaq üçün edilən müraciətdir. Bu cür çağırışı qətiyyətlə pisləyirəm və hesab edirəm ki, İran rəsmisinin bu cür çağırışlar etməsi yolverilməzdir. Həqiqətpur ilk dəfə deyil ki, Azərbaycanla bağlı bu cür çıxışlar edir, ölkə həqiqətlərini görməzdən gəlir”.

Həmsöhbətimiz Həqiqətpurun "Azərbaycan hakimiyyəti səhv yoldadır və şiələrin hüquqlarını məhdudlaşdırmaqla paralel homoseksuallara geniş imkanlar tanıyır” fikirlərinə belə cavab verib: "Azərbaycanda heç vaxt islam dininin məzhəblərinə qulluq edən şiələrin və sünnilərin arasında fikir ayrılığı olmayıb. Bu hadisələrdə şiə təriqətinin üzvlərinin fikirləri digər şiələrlə eyni deyil. Çünki bir kəndi Azərbaycanla eyniləşdirmək dinlərarası, təriqətlərarası qarşıdurmaya aparır. Bildiyiniz kimi, Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edərkən məhz homoseksuallarla problem olduğunu xüsusi vurğulamışdı. Təəssüf edirəm ki, İran rəsmisinin mövqeyi Avropa Parlamenti ilə üst-üstə düşür. Amma nəzərə alaq ki, Avropa hər zaman İrana qarşı olub. Deməli, aranı qarışdırmaq, fikirləri çaşdırmaq üçün lazım gəlsə, çirkin iftira da atmaq Həqiqətpurun marağındadır. O deyir ki, özünü demokratik sayan hökumət Allah evində mərasim zamanı dindarları öldürüb. Əvvəla, belə deyil. Nardaran qəsəbəsində müəyyən birliyin üzvü olan insanlar Azərbaycan hökumətinə, ictimai-siyasi quruluşuna qarşı çağırışlar edirdi. Amma bu, bütün Nardaran da demək deyil. Orada kifayət qədər savadlı, dünyagörüşlü insanlar, ağsaqqallar var. Amma indiki məqamda onlar şəraitə uyğunlaşıb sakit durmağa məcbur ediliblər”.

Millət vəkili inanır ki, Nardaranda stabillik bərqərar olacaq: "Amma bir şey də var, Nardaran Azərbaycan hökumətinə tabe olmur, seçkilərin keçirilməsinə mane olur, istifadə etdikləri işığın, suyun, qazın haqqını ödəmirlər, hökuməti tanımadıqlarını bəyan edirlər. Belə olan halda Azərbaycan hökuməti, hüquq-mühafizə orqanları qanun dili ilə danışmağa məcburdur. Bu zaman qarşıdurmaya yol verən birlik üzvləri səbəbindən yaralananlar və ölənlər olub. Bu, Azərbaycanın siyasi mövqeyi deyil”.

Ayyət Əhməd