"Azərbaycanın heç bir yerində İslam dini və dindarlar sıxışdırılmır" - İlahiyyatçı





"Dini Qurumlarla İş üzrə Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və digər qurumlara kifayət qədər maliyyə ayrılır və bu qurumlara diqqət göstərilir”.

Bunu "Sherg.az”a sosial şəbəkələrdə din pərdəsi altında anti-Azərbaycan təbliğatının aparılmasından, dindarların guya sıxışdırılması barədə iddialardan danışarkən ilahiyyatçı Əkrəm Həsənov söyləyib. 

O qeyd edib ki, ölkədə inanclı insanların ibadət etməsi üçün yeni məscidlər tikilir, şərait yaradılır:

"Dövlət səviyyəsində İslam dininə xüsusi qayğı mövcuddur. Halbuki bəzi qruplaşmalar, dini radikal şəxslər anti-Azərbaycan təbliğatı aparır, dinimizin sıxışdırıldığını irəli sürür. Azərbaycanın heç bir yerində İslam dini, dindarlar sıxışdırılmır. Sadəcə, kimlərsə, din adından istifadə edib, şəbəkələşmə qurmağa cəhd göstərir. Bu yolla dövlətimizə qarşı əks təbliğat aparmağa çalışırlar. Belə şəxslərin, qüvvələrin qarşısı isə aidiyyəti qurumlar tərəfindən alınır. Əksəriyyəti xaricdən idarə olunan bu qruplaşmalar zamanla sırada çıxarılır”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan müxtəlif status, rəy və videomüraciətlərdə Azərbaycanda dini və milli azadlıqların, insan haqlarının pozulduğu, dindarların sıxışdırıldığı, guya hakimiyyətin Dağlıq Qarabağı qaytarmaq istəmədiyi və sadəcə vaxt uzatdığı və s. bu kimi iddialar irəli sürülür.

Aysel Aslan