Azərbaycanın maliyyə dayaqları möhkəmlənir

Yarım ildə əldə olunan uğurlarda əlverişli biznes mühitinin rolu əvəzedilməzdir



Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar ölkəmizin iqtisadi potensialını yüksəltməklə yanaşı, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına da öz müsbət təsirini göstərir. İldən-ilə artan ümumi daxili məhsul, büdcə gəlirləri və valyuta ehtiyatlarımız ümumilikdə Azərbaycan iqtisadiyyatının stabil və dinamik şəkildə inkişafını şərtləndirir.

Məhz bu müsbət keyfiyyətlərinə görə, bu gün Azərbaycan dünya ölkələri arasında ön sıralarda qərarlaşır. Eləcə də beynəlxalq təşkilatların açıqladıqları reytinqlərdə, hesabatlarda Azərbaycan ilk yerləri bölüşdürür. Elə bu günlərdə Müstəqil Dövlətlər Birliyi üzrə əməkhaqqının səviyyəsinin açıqlandığı hesabatdan da aydın olur ki, Azərbaycan postsovet ölkələri arasında ilk beşlikdə yer alır. Azərbaycanın reytinq cədvəllərində ön sıralarda yer alması ilk növbədə ölkədə həyata keçirilən uğurlu islahatlar və siyasətin məntiqi nəticəsidir. Təsadüfi deyil ki, bu gün bir sıra ölkələr məhz Azərbaycanın iqtisadi inkişaf modeli ilə yaxından maraqlanır. 

Onu öz ölkələrində tətbiq etmək istəyirlər. Heç şübhəsiz ki, bu amil də öz-özlüyündə Azərbaycanın iqtisadi inkişaf modelinə olan marağı artırdı. Hazırda Azərbaycanın artan iqtisadi gücü, eləcə də yaxın illərdə Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi layihələrdən gələcək gəlirlər daha nikbin danışmağa imkan verir. Təbii ki, Azərbaycanın transmilli layihələrdən gəlirlərinin artması istər-istəməz əhalinin sosial rifah halının daha da yüksəldilməsinə xidmət edəcək. Bu da heç şübhəsiz ki, əmək haqlarının yenidən artımı fonunda özünü göstərəcək. Vurğulayaq ki, Avropa Komissiyasının qitənin bir neçə mühüm enerji infrastrukturu layihəsinə ümumilikdə 48,4 milyon avro dəyərində qrantın ayrılmasına dair təklifini Avropa İttifaqı müsbət cavablandırıb. Qərara əsasən Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP layihəsinə 5 milyon 44 min 394 avro qrant ayrılıb. Məlumat üçün deyək ki, TANAP təbii qaz boru kəməri layihəsi CEF Energy proqramı çərçivəsində maliyyələşdirmə üçün seçilmiş iki qaz layihəsindən biridir. Avropa Komissiyası 2017-ci ilin noyabr ayında 173 layihənin daxil olduğu Ümumi Maraq Layihələrinin siyahısını dərc edib. Bu siyahıda 53 qaz infrastruktur layihəsi var. 2014-cü ildən bu günə qədər TANAP layihəsi çərçivəsində müxtəlif mühəndislik və layihələndirmə işləri üçün əldə olunan vəsait 15 milyon avronu ötüb. 

Ümumilikdə isə TANAP və TAP layihələri çərçivəsində müxtəlif iş həcmlərinin maliyyələşdirilməsi üçün əldə olunmuş qrantların məbləği 30 milyon avroya yaxındır. Ekspertlər hesab edirlər ki, Azərbaycanda mövcud olan siyasi sabitlik ölkəmizə milyardlarla dollar əməkhaqqının yönəlməsinə şərait yaradıb. Əlbəttə, geniş sosial və siyasi sabitliyi mövcud olmayan ölkədə iqtisadiyyatın inkişaf etməsi, investisiya axınının baş verməsi mümkün deyil. Bir cəmiyyətin, xalqın normal irəli getməsi, inkişaf etməsi üçün sakit siyasi, sosial mühit lazımdır. 

O baxımdan hər zaman Azərbaycanın iqtisadi inkişafını şərtləndirən əsas amilin ictimai-siyasi sabitlik olduğu qeyd edilir. Ölkəmizə xarici investorların cəlb olunması üçün sosial və siyasi sabitlik mühüm rol oynayır. Çünki sahibkarlar investisiya yatırmaq istədikləri ölkələrdə ilk öncə siyasi sabitliyin olub-olmamasını araşdırırlar. Sabitliyi olmayan, hakimiyyət və xalq arasında uçurum, vətəndaş qarşıdurması mövcud olan ölkələrə investisiya axınının olması qeyri-mümkündür. Son açıqlanan rəqəmlərə görə, Azərbaycan iqtisadi inkişafın fonunda 250 milyard dollardan çox xarici yatırıma ev sahibliyi edib. 

"Sherg.az”a açıqlamasında sabiq maliyyə naziri, "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov da bəyan edib ki, Azərbaycanda sosial-siyasi sabitliyin ölkə iqtisadiyyatına göstərdiyi müsbət təsirləri çox mühümdür: "2018-ci ilin birinci yarısı ərzində real sektorda artım 2 faiz təşkil etsə də, onun aparıcı sahəsi hesab olunan qeyri-neft sənayesi 8,8, kənd təsərrüfatı 7,6 faiz arta bilib. İlin sonuna doğru bu göstəricilərin bir qədər də yaxşılaşacağı gözlənilir.

 Yarım il ərzində ölkənin valyuta ehtiyatları 44,3 milyard dollara çatıb. Neftin qiymətlərinin indiki səviyyəsində bu ehtiyatların ilin sonuna doğru 50 milyard dollara yaxınlaşacağı ehtimal olunur. Bu, Azərbaycanın maliyyə dayaqlarının daha da möhkəmlənməsi, milli valyutanın isə tam sabit qalması demək olacaq. 

Yarım ildə əldə olunan bu uğurlarda əlverişli biznes mühitinin rolu əvəzedilməzdir. Real sektorda əldə olunmuş uğurlar bu sahəyə yatırılan investisiyalardan bilavasitə asılıdır. İstənilən investor isə ölkədə ictimai-siyasi vəziyyət və investisiya mühiti normal olduqda addım atır. Azərbaycanda bu gün ictimai-siyasi vəziyyət tam sabitdir, biznes mühiti isə olduqca əlverişlidir. İnvestisiyaların və ixracın təşviqi ilə bağlı qaydaların tətbiq edilməsi isə bu mühiti daha maraqlı edir”.

İsmayıl