“Azərbaycanın Qərblə qarşılıqlı maraqları var”

“Ukrayna hadisələrindən sonra Rusiya Azərbaycanla münasibətlərini normallaşdırıb”
Asim Mollazadə: “Hansısa imperiyaların savaşında iştirak etmək, tərəf olmaq istəmirik”



Son aylar bir sıra Qərb ölkələri ilə, xüsusən ABŞ-la Azərbaycanın münasibətləri soyuqlaşıb. Hətta bəzi ekspertlərə görə, Azərbaycanın Qərb dövlətləri ilə münasibəti sıfır səviyyəsinə enib. Politoloqlar tərəflər arasındakı soyuqluğu ABŞ-Rusiya münasibətlərinin formalaşdırdığı yeni şəraitlə, Azərbaycan daxilində gedən bəzi proseslərlə və qlobal siyasi sistemdə güclər balansının yenidən formalaşması ilə əlaqələndirirlər.

Ancaq əksəriyyət hesab edir ki, Azərbaycan həm ABŞ, həm Rusiya, həm də digər dövlətlərlə münasibətləri ittifaqlarda iştirak etməmək, qarşılıqlı maraqlara əsaslanan ikitərəfli əlaqələr formatında qurur. Bu səbəbdən problemin kökündə ABŞ-Rusiya münasibətlərindən qaynaqlanan məqamların dayanmadığı aydındır. Çünki Azərbaycan siyasətini ABŞ-ın diktəsi ilə deyil, öz milli maraqlarından çıxış edərək yürüdür, eyni zamanda qlobal güclər arasında münasibətlərin mövcud vəziyyəti nəzərə alınır. Düzdür, Azərbaycanın xarici siyasəti hansısa qlobal gücün maraqlarının əleyhinə ola bilər. Lakin bu o demək deyil ki, Azərbaycan bu addımları Rusiyanın və ya ABŞ-ın diktəsi ilə atır. Sadəcə, Azərbaycan müstəqil və çoxvektorlu xarici siyasət yürüdür və atdığı addımları öz milli maraqlarına uyğun olaraq müəyyənləşdirir.

Azərbaycanla Qərb dövlətləri arasında son aylar cərəyan edən proseslərlə bağlı "Şərq”in suallarını cavablandıran millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə tərəflərin münasibətini gərginləşdirən amillərdən söz açıb.

- Asim bəy, Qərblə Azərbaycan əlaqələrinə təsir edən əsas faktorlar hansılardır?

- Qərb dövlətlərində bəzi qruplar, xüsusən erməni diasporası və onlarla birgə işləyən müəyyən qərəzli dairələr Azərbaycana qarşı ideoloji müharibə aparırlar. Onlar ölkəmizə qarşı təzyiqlər edir, xarici və daxili mediada kampaniya aparırlar. Amma Azərbaycanın Avropa Birliyi ölkələri ilə, xüsusən, ABŞ-la bir neçə istiqamətdə əməkdaşlığı davam edir və yəqin ki, bundan sonra da davam edəcək. Çünki Azərbaycanın Qərb ölkələri ilə qarşılıqlı maraqları var.

- Qərblə əlaqələrin korlanması, sadəcə anti-Azərbaycançı qüvvələrlə bağlıdır, yoxsa, başqa səbəblər də var?

- Ən əsas faktor xarici ölkələrdəki erməni lobbisidir. Onların fəaliyyəti və qondarma erməni soyqırımı ilə bağlı topladıqları pulların böyük əksəriyyəti Azərbaycana qarşı sərf olunur. Ermənilər hər fürsətdə ölkəmizi nüfuzdan salmağa, "işğalçı” dövlət kimi qələmə verməyə çalışırlar. Amma artıq dövr dəyişir, proseslər fərqli istiqamətdə cərəyan edir. Ukrayna hadisələrindən sonra dünya ictimaiyyəti Dağlıq Qarabağ işğalının mahiyyətini çox gözəl anlamağa başlayıb. Azərbaycan da beynəlxalq hüquq normalarına əsaslanaraq, BMT-nin qətnamələrini və digər qurumların münaqişə ilə bağlı qətnamələrinin icrasını tələb edir. Buna görə də, həmin dairələr Azərbaycana qarşı qara piar kampaniyası aparır, ölkəmizi ləkələməyə çalışırlar.

- Hansısa xarici ölkədə anti-Azərbaycançı qüvvə fəaliyyət göstərirsə, dövlətimiz həmin ölkə ilə münasibətini necə qurmalıdır?

- Əgər həmin əcnəbi ölkə ilə orada fəaliyyət göstərən dairələrin əlaqəsi müəyyən olunarsa, əlbəttə ki, münasibət korlana bilər. Amma məsələ burasındadır ki, anti-Azərbaycançı üç-beş dairə ilə həmin Qərb ölkələrinin əlaqəsi sübut olunmayıb.

- Qərblə münasibətlərin pisləşməsində Rusiya faktorunun nə qədər rolu var?

- Azərbaycanın Rusiya ilə münasibətləri hər zaman normal olub. Ölkəmiz həmişə qonşuluq siyasətinə xüsusi diqqət yetirib. Sadəcə olaraq, Rusiya buna qarşılıq siyasət formalaşdırmayıb. Ancaq Ukrayna hadisələrindən sonra Avropa Birliyi və ABŞ-la münasibətləri korlanan Rusiya yenidən Azərbaycanla əlaqələri normallaşdırmağa başlayıb. Bunu da biz müsbət qəbul edirik.

- Qərb ölkələri və Rusiya ilə balanslı siyasət Azərbaycanın nə qədər xeyrinədir?

- Azərbaycan həm qonşu, həm də uzaq dövlətlərlə normal münasibətlər formalaşdırmaq istəyir. Çünki ölkəmizə hazırda düşmənçilik yox, strateji tərəfdaşlıq siyasəti lazımdır. Azərbaycan hansısa imperiyaların savaşında iştirak etmək, tərəf olmaq istəmir. Bu səbəbdən də bütün ölkələrlə mədəni əməkdaşlıq edir, təhsil və ticarət istiqamətində əlaqələr qurur.

- Konkret olaraq Azərbaycanın xarici siyasətini necə dəyərləndirirsiniz, xüsusən, Dağlıq Qarabağ məsələsində...

- Əlbəttə, problemlər, çatışmazlıqlar var. Konkret işlər aparılmalıdır. Azərbaycan öz mövqeyini daha qətiyyətlə müdafiə etməli, bütün səviyyələrdə öz işini güclü qurmalıdır. Eyni zamanda beynəlxalq qurumlar qarşısında tələblərimizi daha da artırmalıyıq.

İsmayıl